Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qalib, Ermənistan məğlub ölkədir

Artıq hər il 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunacaq. Axı həmin gün Azərbaycan xalqımızın tarixinə Qarabağ uğrunda Ermənistana qarşı müharibədə Qələbə Günü kimi düşüb. Bu barədə danışan tanınmış ziyalı Hacı Mehman Fərzullayev bildirdi:

– Prezidentimizin 8 noyab­rın Zəfər Günü elan edilməsi haqqında sərəncamında bildirilir ki, keçən əsrin 80–90-cı illərində Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və ölkədəki hərc-mərclikdən istifadə edərək, torpaqlarımızın 20 faizini işğal edib. Eyni zamanda, təcavüzkar və terrorçu Ermənistan dövləti işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirərək, 1 milyondan artıq azərbaycanlını tarixi torpaqlarından qovub. Məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edilib. Ermənistanın dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxması tələb olunub. Lakin 30 ilə yaxın müddətdə bu qətnamələr kağız üzərində qalıb. Nəhayət, Azərbaycan Ordusu bu il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində həmin qətnamələrin icrasını təmin edib.

Təbii ki, Prezident İlham Əliyev belə bir günü tariximizdə əbədiləşdirməkdə tamamilə haqlıdır. Çünki düşmənin tor­paqlarımızı tərk etməsi üçün Azərbaycan, təxminən, 30 il gözləyib, uzun-uzadı danışıqlarda iştirak edib. Ermənistanın sülh və danışıqlar yolu ilə ərazilərimizi tərk etməsi istiqamətində bütün müm­kün variantlar nəzərdən keçirilib. Lakin işğal olunmuş ərazilərimiz boşaldılmayıb. Bununla bağlı Pre­zident İlham Əliyev çıxışlarında bil­dirib ki, ona dəfələrlə münaqişənin yalnız sülh yolu ilə həll olunacağı barədə fikirlər söylənilib. Bütün beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri dəfələrlə deyiblər ki, münaqişənin hərbi həlli yoxdur. Azərbaycan lideri isə sübut edib ki, hərbi həlli var! Lazım olsa, torpaqlarımız hərbi yolla azad ediləcək, müharibə heç zaman istisna olunmur. Eyni zamanda, dəfələrlə Azərbaycan tərəfinə təklif olunub ki, müharibə yolundan imtina etsin. Lakin dövlət başçımız razılaşmayıb.

Prezident İlham Əliyev münaqişəni sülh yolu ilə həll etmək istədiyini bildirib. Amma Ermənistan həmişə buna mane olub və status-kvonu saxlamaq, əbədi etmək istəyib. Hesab ediblər ki, vaxt keçəcək, nəsillər dəyişəcək, Azərbaycan xalqı bu torpaqları unudacaq.

Ancaq Azərbaycan xalqı nəinki bu vəziyyətlə barışmadı, gec də olsa – aradan 30 ilə qədər vaxt keçsə də, itirilmiş ərazilərini unutmadı.Və bir gün silaha sarılıb Vətən Müharibəsinə başladı. Ali Baş Komandan demişkən, biz döyüş meydanında da qələbə qazandıq, informasiya məkanında da. Müharibə öz həllini hərbi-siyasi yollarla tapdı. Azərbaycan Cəbrayıl, Füzuli, Zəngilan, Qu­badlı rayonlarını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdi. Bununla da, döyüş meydanında düşmənin beli qırıldı. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan tamamilə diz çökdü və Paşinyan kapitulyasiya aktını imzaladı. Prezident deyib: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”.

Bundan əlavə, dövlət başçısı sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında da sərəncam imzalayıb. Əlbəttə, Azərbaycan xalqının Ali Baş Ko­mandanın məharəti və ordusunun şücaəti ilə qazanılmış qələbəni yad etmək üçün sentyabrın 27-ni Anım Günü kimi qeyd etməyə, noyabrın 8-ni isə bayram etməyə tam haqqı var. Azərbaycan qalib ölkədir, Qarabağ Azərbaycandır!

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

5 Dekabr 2020 02:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə