Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər Günün mübarək, Azərbaycan!

Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bundan sonra hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Zəfər Günün mübarək, doğma Azərbaycanım! Xalqımız 30 il idi ki, bu günü böyük səbirsizliklə gözləyirdi. 1993-cü ilin ikinci yarısından başlayaraq, addım-addım bu günə yaxınlaşmışıq. Ancaq dünyada baş alıb gedən ədalətsizlik, ikili standartlar, islamofobiya yolumuzda qaratikan kimi bitmişdi. Son 17 ildə həyata keçirilən qətiyyətli, cəsarətli, düşünülmüş daxili və xarici siyasət sayəsində, nəhayət, bu qaratikanlar tədricən məhv edildi, 10 noyabr 2020-ci il tarixində isə ölkəmizə qarşı uzun illərdən bəri davam edən işğalçılıq siyasətinə son qoyuldu. Mənfur erməni tapdağı altında qalmış ərazilərimiz artıq işğaldan azad edildi. Dünya dövlət başçımızın rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi qələbəsini heyranlıqla izlədi. Bəli, dövlət başçımızın 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi.

Şuşa işğaldan azad edilən gün

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı uzun illər imzalanması mümkün ol­mayan, hətta uğurlu şərtlərlə imzalanmış bəyannamə ölkəmizin tarixi qələbəsidir. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Müharibəni özləri başlamışdı. Ermənilər öz ordularını məğlubedilməz hesab edirdilər. Ancaq unudurdular ki, məhz bu “məğlubedilməz ordu” 2016-cı ilin Aprel döyüşlərində darmadağın edildi və silah-sursatını atıb qaçdı. Həmin əməliyyat za­manı uzun illər işğal altında qalmış 2 min hektardan artıq ərazimiz, o cümlədən, strateji əhəmiyyətli yüksəkliklər, eləcə də Lələtəpə silahlı qüvvələrimizin nəzarətinə keçdi.

“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımı­zın, ordumuzun gücünü göstərən qələbədir”, – deyən Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirib ki, Azərbaycan dövləti, xal­qımız Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcək. 2016-cı ilin Aprel döyüşləri bu qətiyyətin başlanğıcı oldu. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Eyni zamanda, ordumuzun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın bir­liyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi “yenilməz ordu” mifini puç etdi.

2018-ci ilin mayında uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edildi. Üstəlik, dövlət sərhədi boyunca əlverişli sədlər ələ keçirildi. İki il sonra isə Ermənistan ordusunun daha bir acına­caqlı məğlubiyyətinin şahidi olduq. İşğal­çı ölkənin Tovuz rayonunda təxribatlar törətmək cəhdinin qarşısı alındı və bu dəfə də təcavüzkar dövlət güclü Azərbaycan Ordusu qarşısında davam gətirə bilmədi.

Bu məğlubiyyətlərdən ciddi nəticə çıxarmayan Ermənistanın siyasi–hərbi rəhbərliyi sentyabrın 27-də yenidən ölkəmizə qarşı təxribatlara başladı və artıq... münaqişəni daha da alovlandıra­raq, müharibə həddinə çatdırdı. 44 gün davam edən müharibədə Ermənistan ordusu darmadağın edildi. Həmin gündən başlayaraq, demək olar ki, hər gün erməni xalqı acı məğlubiyyət, Azərbaycan tərəfi isə şad, qələbə müjdəli məlumatlar eşitdi. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Nəhayət, noyabrın 10-da təcavüzkar Ermənistan məğlubiyyətini rəsmən təsdiqlədi və təslim oldu.

Bu gün xalqımız Vətən müharibəsində əldə edilən möhtəşəm qələbəni böyük coşqu ilə qeyd edir. Həqiqətən də, Prezident, Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi parlaq qələbə ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı və düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə, hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. Bu, müstqəillik tariximizin şanlı salnaməsidir.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində edilən payla­şımı da diqqətə çatdırmağı özümə borc bildim: “Otuz il əvvəl yaşanan acılar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı. Azərbaycanlı qardaşlarımız bu atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olar”. Pis günlər bitdi, bu gün Zəfər Günüdür, mübarək olsun!”

Kağız üzərində qalmış beynəlxalq qətnamələr...

Otuz ilə yaxın davam edən danı­şıqlar prosesi Ermənistanın destruk­tiv mövqeyinə görə nəticə vermədi. Azərbaycan münaqişənin dinc vasitələrlə tənzimlənməsi yolunda bütün imkanlardan istifadə etdi, lakin “böyük Ermənistan” yaratmaq iddia­sında olan təcavüzkar ölkə rəhbərliyi işğal siyasətindən əl çəkmədi. Əksinə, getdikcə quduzlaşdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması, işğal altında olan ərazilərin qeyd–şərtsiz tərk edilməsi barədə BMT Təhlükəsizlik Şurası 27 il əvvəl 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edil­miş ərazilərində vəziyyət” məsələsinin müzakirəsi də rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər. Bu qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi­ni aydın ifadə edirdi və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bundan başqa, AŞPA-nın 1416 say­lı qətnaməsində də birmənalı olaraq Ermənistandan hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarma­sı, 1 milyon qaçqın və məcburi köçkü­nün doğma torpaqlarına dönməsinə imkan yaratması tələb olunurdu. Hətta, AŞPA-da bu qətnamənin həyata keçirilməsinə nəzarət etmək üçün alt komitə də yaradılmışdı. ATƏT, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumlar Ermənistanın işğalçı siyasətini pisləyən, təcavüzkar ordunun qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamələr qəbul ediblər. Ancaq 2020-ci il noyabrın 10-a qədər bunların hamısı kağız üzərində qalmışdı. 27 il icrasız qalmış qətnamələri dövlətimizin başçısı 44 gün ərzində yerinə yetirdi və işğalçıya öz yerinin necə göstərildiyini dünyaya nümayiş etdirdi.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addım­lar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozdu. Dövlət baş­çımızın xəbərdarlıqlarından nəticə çıxarmayan, beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik edən, Ermənistanın həddini aşmasına rəvac verən amillərdən biri də nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin adi kağız parçasından fərqlənməməsi idi. Noyabrın 10-da bun­ların hamısına birdəfəlik son qoyuldu. Bu məsələ dövlət başçımızın imzaladığı 3 dekabr 2020-ci il tarixli sərəncamda da öz əksini tapıb. Sərəncamda de­yilir: “Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğal­dan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qa­yıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi”.

Yeni dövrə qədəm

Düşmən üzərindəki par­laq qələbəmiz Azərbaycanı yeni mərhələyə çıxardı. Azərbaycanın şanlı zəfərinin, Ermənistanın isə acınacaq­lı məğlubiyyətinin sədası dünyanın hər yerindən eşidilir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün on illər lazım olacaq. Çünki bu ölkə onsuz da iqtisadi burulğanda boğulurdu. Ermənistan idxaldan asılı ölkədir. Bu gün Ermənistanın xarici dövlət borcu 8 mil­yard dolları ötür və regionda adambaşı­na düşən xarici borcun səviyyəsinə görə hamıdan irəlidədir. Bu, Ermənistanın ümumi iqtisadi durumunu xarakterizə edən əsas faktdır. İqtisadçıların he­sablamalarına görə, Ermənistanın müharibədə itirdiyi silah-sursatın, hərbi texnikanın, ümumilikdə dəyəri 3 milyard dollardan çoxdur. Bu, işğalçı ölkənin birillik dövlət büdcəsi qədər itki deməkdir.

Azərbaycanda isə abadlıq, quruculuq işləri davam edir. Artıq işğaldan azad edilmiş yaşayış məntəqələrində bərpa işlərinə start verilib. Bir müddət sonra həmin ərazilər əvvəlkindən qat-qat yaxşı olacaq. Çünki Azərbaycanın iqtisadiyyatı möhkəm təməllər üzərində qurulub. Dün­yanı maliyyə və iqtisadi böhran, korona­virus pandemiyası bürüdüyü bir vaxtda da nəzərdə tutulmuş layihələrin icrası dayandırılmadı. Əksinə, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir-birinin ardınca tədbirlər həyata keçirildi, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi prio­ritet vəzifəyə çevrildi.

Biz döyüş meydanında, siyasi müstəvidə qələbə qazanmışıq və bu, ölkəmiz üçün yeni dövr açır. Artıq yeni dövr başlayır. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Yeni qurucu­luq dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü: “ Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də bir­lik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

5 Dekabr 2020 02:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə