Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sizinlə qürur duyuruq, cənab Prezident!

Ömrümün böyük bir hissəsini ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əmək fəaliyyətinə həsr etmişəm. Bununla fəxr edir, qürur duyuram. Çünki ulu öndərin hər addımı, hər kəlməsi böyük bir məktəb idi. Fəxr edirəm ki, mən də bu məktəbin yetirməsiyəm. Ulu öndər ömrünü Azərbaycanın müstəqil ölkə kimi dünya miqyasında möhkəmləndirilməsinə, əbədi olmasına həsr etdi. İkinci Dünya müharibəsinin od-alovunu görmüş, Berlinə qədər getmiş atam həmişə deyərdi ki, ömrünü Vətənin çiçəklənməsinə həsr etmək, doğma torpaq uğrunda döyüşmək, bu yolda canını qurban vermək böyük fəxarətdir. Biz bu ruhda böyümüşük, tərbiyə almışıq. Övladlarımızı da elə – hərbi vətənpərvərlik ruhunda böyütmüşük.

İşğalçı Ermənistan hər dəfə sərhədyanı ərazilərdə təxribatlar törədəndə atamın hələ də qulaqlarımda səslənən öyüd-nəsihətini övladlarıma, gənclərə xatırladıram. Vətənin hər qarış torpağı uğrunda sona qədər vuruşmalı­yıq. Vuruşduq və 30 illik həsrətdən sonra Qələbə qazandıq. Özü də dünyaya səs salan qələbə. Bu möhtəşəm zəfəri xalqı­mıza möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bəxş etdi.

Mən də həmişə belə düşünmüşəm ki, kişi ağlamamalıdır. Kişi dözümlü, səbirli, təmkinli olmalıdır. Ağlamağı xoşlamıram. Ən çətin anlarımda da dişimi canıma sıxıb dözmüşəm, qürurumu saxlamı­şam. Ancaq... həmin gün dözmədim və göz yaşlarıma hakim ola bilmədim. Ağladım, özü də ürəyim boşalana qədər. Ermənistanın baş naziri Nikol Paşinyanın sərxoş vəziyyətdə Şuşada yallı oyna­masına və qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma prezidenti­nin andiçmə mərasimini Şuşada təşkil etməsinə dözə bilmədim. Çox ağır stress keçirdim. Ancaq daxilimdəki əminlik, inam məni sakitləşdirdi.

İnanırdım ki, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın bu hegemonluğuna son qoyacaq. Ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, bütün fəaliyyətini ümummilli liderin siyasi kursu üzərində quran, müdrik şəxsiyyətin yarımçıq qalmış işlərini davam etdirən Prezident İlham Əliyev işğal altında olan ərazilərimizi düşmən tapdağından qurta­racaq. Mən buna əmin idim.

2003-cü il oktyabrın 1-də ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu ötən dövrdə əməli fəaliyyəti ilə təsdiqlədi. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev əbəs yerə deməmişdi: “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planla­rı, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Möhtərəm Prezidentimiz həmişə münaqişənin dinc yolla, qan tökülmədən həllinə tərəfdar olub. Ermənistanın baş naziri, bu vəzifəyə küçə və meydanlar­dan gəlmiş Nikol Paşinyan isə müxtəlif bəhanələrlə sülh danışıqlarından yayı­nır, sərhədboyu ərazilərdə təxribatlar törətməklə münaqişəni müharibə həddinə çatdırmaq istəyirdi. Bu, Paşin­yanın xislətindən irəli gəlirdi. Axı, onun babası İkinci dünya müharibəsində nasistlərə nökərçilik etmişdi. Uzun müddət faşistlərə xidmət etmiş babasının yolunu davam etdirən Paşinyan faşizm ideologiyasına meyilli olduğunu heç cür gizlədə bilmirdi. Vaxtaşırı sərhədboyu ərazilərdə təxribatlar törətməsi, uşaqla­rın, qocaların, qadınların amansızcasına qətlə yetirilməsi Paşinyanın faşizmə olan rəğbətindən irəli gəlirdi.

Beynəlxalq təşkilatların Paşin­yanın bu özbaşınalığına göz yum­ması onu getdikcə quduzlaşdırdı və nəhayət, sentyabrın 27- də açıq şəkildə müharibəyə başladı. O, xarici havadar­larına güvənirdi. Ancaq ... bu dəfə də qarşısında güclü, qüvvətli Azərbaycan Ordusunu gördü. Ermənistan ordusunun darmadağın olunduğunu görən Paşinyan xarici havadarlarına yalvarıb-yaxarsa da, bu dəfə ona kömək edən olmadı. Cavab eyni oldu: müharibə Azərbaycanın ərazisində gedir. Yəni, ya işğal etdiyin ərazilərdən sakitcə çıx get, ya da gücün çatırsa, Azərbaycan Ordusuna cavab ver.

Müdrik sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ay yarım ərzində 300-ə yaxın yaşayış məntəqəmizin 27 illik işğalı­na son qoydu. Düşmən darmadağın edildi. Noyabrın 8-də Ali Baş Komandan xalqa müraciət edərək Şuşa şəhərinin düşməndən azad olunduğunu bildirəndə bu dəfə də göz yaşlarımı saxlaya bilmədim. Bu, artıq sevinc göz yaşları idi. Möhtərəm Prezidentimizin sözləri hələ də qulaqlarımda səslənir: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqı­nı ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”

Bu unudulmaz gün hər bir azərbaycanlının gözlərini nəmləndirdi. Hamı sevinirdi. Axı, necə də sevinməyəsən. 28 il 6 aydan sonra Şuşa düşməndən azad edildi. Dövlət başçımı­zın bu sözlərini heç vaxt yaddan çıxara bilmərəm: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazan­dıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox!”.

Şuşanın işğalının ertəsi gün 70- dən çox yaşayış məntəqəsi düşməndən azad edildi. Bundan sonra Ermənistan diz çök­dü və məğlubiyyətini rəsmən elan etdi. 8 Noyabr Azərbaycanın müstəqillik tarixinə Zəfər Günü kimi həkk olundu. Möhtərəm Prezidentimizin 2 dekabr 2020-ci il tarixli sərncamı ilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Biz Sizinlə qürur duyuruq, fəxr edirik, cənab Prezident, müzəffər Ali Baş Ko­mandan! Sizin sayənizdə artıq “Böyük Qayıdış”a başlayırıq.

Hacı Əlabbas ŞIXƏLİYEV, Sabirabad rayonu

5 Dekabr 2020 02:52 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə