Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bütün təhdidlərə mətinliklə duruş gətirir

Bu yaxınlarda Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması barədə məlumatın yayılması təsadüfi və ya kimlərinsə uydurması deyildi. Ancaq Fransa Senatı Paris meriyasından qabağa düşdü. Bütün bunlar münaqişənin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi yolla tənzimlənməsindən sonra baş verdi. Azərbaycan Ordusunun işğalçı Ermənistanı diz çökdürməsi və təcavüzkarın məğlubiyyətini rəsmən etiraf etməsi ermənilərdən daha çox Fransanın dövlət rəsmilərini və senatorlarını narahat edib. Bu müharibədə məğlub sanki Ermənistan yox, Fransadır. Bu da təsadüfi deyildi. Axı, Fransada qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin təsiri az da olsa var. Görünən odur ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa erməni sevgisini beynəlxalq hüquq normalarına qurban verir. Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanı­maq haqqında qəbul etdiyi qətnamə də bunun təsdiqidir.

Fransa ATƏT-in Minsk qrupunun formal olduğunu bir daha təsdiqlədi

Otuz ildən artıqdır ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədlərinin “əsas vəzifəsi” hərdənbir toplaşıb, guya, müzakirələr aparmaq, sonda isə söz yığınından ibarət bəyanat vermək olub. Bu müddət ərzində işğalçı ölkəyə qarşı hər hansı bir sanksiya tətbiq olunmadı. Hətta, terror aktları, soyqırımı, cəbhəboyu ərazilərdə təxribatlar törədiləndə, dinc əhali qətlə yetiriləndə, yaşayış məntəqələri viran ediləndə də erməni təcavüzkarlarına “gözün üstə qaşın var” deyən olmadı.

Həmin qrupun həmsədrlərindən biri də beynəlxalq hüquq normala­rına Ermənistan qədər hörmətsizlik edən Fransadır. Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırıldığı, o cümlədən, işğalçı Ermənistanın aciz vəziyyətə düşərək, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa başladığı bir vaxtda Minsk qrupunun həmsədrlərindən biri olan Fransada qon­darma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlıq görülməsi, sonradan isə senatın qondarma “dqr”i tanıması barədə qətnamə qəbul etməsi bu quru­mun 30 illik fəaliyyətsizliyinin nəticəsidir. Çünki bu vaxta qədər dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar, hətta Ermənistanın özü belə “dqr”in müstəqilliyini və bu bölgədə keçirilən seçkilərin heç birinin nəticəsini tanıma­yıb. Bəs belə olan halda, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən Fransada qanunve­rici orqan hansı əsaslarla beynəlxalq hüquq normalarına zidd addım atdı? Xatırladım ki, noyabrın 18-də Fran­sa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qurup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamə layihəsi təqdim edilib. Noyabrın 25-də isə layihə tələsik formada senat tərəfindən müzakirəyə çı­xarılıb və qəbul olunub. Bu qətnamənin qəbulundan sonra beynəlxalq ekspertləri də bir sual düşündürür: Fransa Sena­tı hansı ədalətdən, demokratiyadan, obyektivlikdən danışa bilər? Qanun­verici orqanın işğalçı, faşizmə açıq meyilli Ermənistanı dəstəkləməsi bir el məsələni xatırladır: “Dostunu göstər, sənin kim oduğunu deyim” Beynəlxalq hüquq norma və prinsiplərinə zidd olan belə bir qətnamə qəbul edilərkən, hətta üçtərəfli birgə bəyanatdan da nəticə çı­xarmaq yada düşmədi. Sanki unudublar ki, həmin bəyanatı imzalayanlardan biri ATƏT-in Minsk qrupu həmsədrlərindən olan Rusiya Federasiyasıdır. Digəri isə işğalçı Ermənistanın özüdür.

Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində də münaqişənin nizamlanmasında ikili standartlar nüma­yiş etdirən beynəlxalq təşkilatları kəskin tənqid edərkən, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini də dəfələrlə diqqətə çat­dırıb. Hətta bu qurumun formal xarakter daşıdığını da bildirib. Dövlətimizin başçısı Türkiyənin “Haber Global” telekanalına müsahibəsində bildirib ki, danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır, ancaq bu danışıqların nəticəsi yoxdur. 30 ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılma­dı: “Ona görə də mən tam haqlı olaraq dedim ki, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı, o zaman bu, hansı əsaslarda formalaşdı, bu haqda bizdə bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız, görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən, bu bölgə ilə heç bir əlaqəsi olmayan, münaqişə ilə heç zaman maraqlanmayan ölkələr də var. Onların Minsk qrupunda möv­cudluğu formal xarakter daşıyır. Əgər biz bu münaqişənin həllini istəyiriksə, biz istəyirik, orada elə ölkələr olmalıdır ki, on­ların gücü də, təsiri də olsun və bu tərkib birtərəfli olmasın”.

Dövlətimizin başçısı diqqəti Minsk qrupu həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə yönəldərək deyib ki, hər 3 ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. Həmin siyasi imkanlar nəticəsində ermənilər o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Bu, nə qədər ədalətlidir? Türkiyə onsuz da Minsk qrupunun üzvüdür, nə üçün Türkiyə də həmsədr olmasın?! Ona görə də bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var.

Ölkə Prezidentinin müsahibəsindki faktlar – beynəlxaql təşkilatların ədalətsiz yanaşmaları, ikili mövqe və riyakarlıqları Fransa Senatının qondar­ma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamə layihəsinin qəbul olunmasında özünü açıq şəkildə büruzə verdi.

Sözlə əməl üst-üstə düşməyəndə...

Sentyabrın 27-də işğalçı Ermənistanın başladığı genişmiqyaslı təxribatlar münaqişəni daha da alov­landırdı. Xarici havadarlarına arxalanan Ermənistan ordusu rəşadətli silahlı qüvvələrimizin ilk əks-hücumundan çaşqın vəziyyətə düşdü və bir-birinin ardınca ağır zərbələr aldı. Gündən-günə geri çəkilən işğalçı ordunun məğlubiyyəti özünü açıq şəkildə büruzə verirdi. Ordu­muzun hər gün qələbə müjdəsi verməsi, 27 il işğal altında olan ərazilərimizi bir-birnin ardınca azad etməsi Ermənistanın havadarlarını, ilk növbədə, münaqişənin tənzimlənməsində vasitəçilik edən Fransanı ciddi narahat etməyə baş­ladı. Bu ölkə sanki vasitəçi olduğunu unutdu və beynəlxalq hüquq norma­larına hörmətsizliyini açıq şəkildə ortaya qoydu. Ümumiyyətlə, Fansanın dövlət başçıları hər zaman erməniləri dəstəkləyiblər. Onların sözləri ilə əməlləri heç vaxt üst-üstə düşməyib. Bu baxımdan, Emmanuel Makron da istisna deyil. Ancaq Makron sələflərindən irəli gedərək, işğalçı ölkəyə açıq dəstək verdi. O, sülhü yox, işğalı dəstəklədi və Fransanın Minsk qrupunda həmsədrliyini şübhə altına aldığını, Azərbaycanın ərazi bütövlüyünü dətəkləyən beynəlxalq hüquqa hörmətsizliyini nümayiş etdir­di. Elə Fransa Senatı da beynəlxalq hüquqa zidd qətnamə qəbul etməklə erməni lobbisinin əlində alətə çevrildiyini təsdiqlədi. Eyni zamnda, ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoydu. Üstəlik, həm ölkənin qanunverici orqanı, həm də prezident Makron heç bir fakta əsaslanmadan Azərbaycan Ordusunda Suriyadan, Livandan və digər ölkələrdən gəlmiş muzdlu döyüşçülərin olma­sı barədə uydurmalar sələndirdilər. Fransaının turkofobiya siyasəti, o cümlədən Dağlıq Qarabağla bağlı məsələdə tutduğu ermənipərəst siyasət bu ölkənin Minsk qrupunun həmsədri kimi vasitəçilyini heçə endirir. Elə qətnamənin 9-cu maddəsi də “Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstəyin 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ əhalisinə qarşı başlanmış təcavüzün səbəbi olduğunu, Türkiyənin Suriyadakı cihadçı qruplaşmaların tərkibində xidmət edən muzdluların hərbi əməliyyatlar meydanına göndərdiyini nəzərə ala­raq...” Fransanın Azərbaycan – Türkiyə dostluq və qardaşlıq münasibətlərinin getdikcə möhkəmlənməsini həzm edə bilməməsindən xəbər verir.

Mətndən də aydın olur ki, layihə müəlliflərini Dağlıq Qarabağın erməni əhalisnin taleyindən çox Azərbaycan –Türkiyə münasibətlərinin sıx vəhdəti, hər iki ölkənin getdikcə güclənməsi, birlik nümayiş etdirməsi ciddi narahat edir. Qardaş Türkiyənin adının bu sənəddə bir neçə dəfə çəkilməsi də bundan xəbər verir.

Qətnamənin 11-ci maddəsi həm Fransanı, həm də bu ölkənin qanunverici orqanını gülünc vəziyyətinə salıb. Həmin maddədə deyilir: “Avropa Şurasının İrqçiliyə və dözümsüzlüyə qarşı komis­siyası (ECRI) və BMT-nin irqi ayrı-seç­kiliyin aradan qaldırılması Komitəsinin (CERD) məruzələri ermənilərin Azərbaycanda azad yaşamasının qeyri-mümkünlüyü faktını qeyd etməsini nəzərə alaraq...”

Görünür, senatorlar hələ də dərk etmirlər ki, bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bir milyondan artıq azərbaycanlı doğma ata-baba yurdlarından zorla didərgin salınıb. Senatorların fikrincə, ermənilər istədikləri xalqın nümayəndələrini qətlə yetirə, onları isti ocaqlarından didərgin sala bilərlər. Ancaq kimsə ermənilərə “güldən ağır söz” deyə bilməz. Bu da özünü “demokratiyanın beşiyi”, “insan hüquq və azadlıqlarının müdafiəçisi” hesab edən ölkənin senatorlarının və başçısnın rəzil təfəkkürü.

Bəs Fransanın da həmsədr olduğu Minsk qurupu tərəfindən təklif edilmiş baza prinsipləri – yenilənmiş Madrid prinsipləri hansı məqsədləri nəzərdə tuturdu? Axı, bu prinsiplər 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvill şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əksini tapıb. 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub. Fransa Senatı beynəlxalq hüquqazidd qətnaməsi və Makron ermənipərəst bəyanatları ilə həm Fransanın, həm də ATƏT-in Minsk qrupunun iç üzünü açdı. Söz yox ki, Fransa prezidenti Prezident İlham Əliyevlə telefon danışığı zamanı layiqli cavabını aldı...

Zəfər bizimdir!

Sentyabrın 27-də Ermənistanın başladığı müharibədə işğalçı ölkənin gücünün tükənməsi , Azərbaycan Ordu­su qarşısında diz çökməsi təcavüzkarın havadarlarını da çaşqın vəziyyətə salıb. Artıq staus-kvoya, təmas xəttinə, ATƏT-in Minsk qurupunun vasitəçiliyinə ehtiyac qalmadı. Dövlətimizin başçısı bunların hamısnı rədd etdi. Ermənistan rəsmən təslim oldu. Dekabrın 1-də Laçın rayonu da işğaldan qansız-qadasız azad olundu. Artıq Azərbaycan bütövləşdi. Bu məğlubiyyət Fransa dövlətinə Minsk qrupunun həmsədri olduğunu unutdurub. Dövlətimizin başçısı bu qurumla yana­şı, digər mötəbər təşkilatların da 30 il ərzində həyata keçirə bilmədiklərini 44 gün ərzində yerinə yetirdi. Təcavüzkara dəstək verənlər dərk etməlidirlər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoru­yur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Emənistan or­dusunun bizim torpağımızda nə işi var?”

Artıq dünya ictimaiyyəti də şahiddir ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğal altında olan ərazilərimizi düşməndən azad etdi. İndi həmin ərazilərdə, o cümlədən, Dağlıq Qarabağın döyünən ürəyi olan Şuşada Azərbaycan Bayrağı dalğalanır. Prezi­dentimizin dediyi kimi, bu qələbə bay­raqları Azadlıq meydanında keçiriləcək qələbə paradında nümayiş etdiriləcək. Bütün bunlardan sonra Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublika­sı” nın tanınması ilə bağlı canfəşanlığı bu ölkəni və onun başçısını gülünc vəziyyətinə qoyub. Çünki zəfər bizimdir! Bu, artıq dünya ictimaiyyəti tərəfindən də qəbul edilir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

5 Dekabr 2020 02:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə