Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlik ən yüksək zirvədir

Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canını qurban verənlər heç vaxt unudulmur, onlar şəhidlik zirvəsinə ucalırlar. Oğlum Faiq Rzayev də 1994-cü ildə Cocuq Mərcanlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə o, “İgidliyə görə” medalı ilə təltif olunub. Ölkəmizdə şəhid ailələrinə, torpaqlarımızın azadlığı uğrunda əlil olanlara həmişə böyük qayğı göstərilir. Möhtərəm Prezidentimizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və əlillərə göstərdikləri diqqət və qayğı hər birimizə böyük təsəllidir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2 dekabr 2020- ci il tarixli sərəncamı ilə ölkəmizdə Anım Gününün təsis olunması şəhid ailələrinə göstərilən daha bir qayğının təzahürüdür. Sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanan və 44 gün davam edən müharibədə qazanılan parlaq qələbə hər birimizi qəlbən sevindirir. Bu döyüşlərdə də həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Lakin buna baxmayaraq, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı ba­hasına işğaldan azad edildi. Müzəffər ordumu­zun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi.

Ölkəmizdə hər zaman cəsur oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur, adları əbədiləşdirilir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını əsirgəməyən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Gününün təsis edilməsini ürəkdən alqış­layırıq. Bu, bizə – şəhid ailələrinə böyük təsəlli, şəhidlərimizə hörmət və ehtiramın növbəti nümunəsidir.

Çox sağ olun, cənab Prezident! Siz şəhidlərimizi həmişə uca tutmusunuz. Bu sərəncamınızla bir daha təsdiqlədiniz ki, şəhidlik ən yüksək zirvədir.

Rüxsarə MƏMMƏDOVA, şəhid anası

5 Dekabr 2020 02:47 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə