Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın hərbi qələbəsi Qarabağ münaqişəsinə son qoydu

Lakin bəzi qlobal güclər Qafqazdakı bu münaqişənin bitməsindən narahat olublar

Ağdam və Kəlbəcərdən sonra – dekabrın 1-də Laçın rayonunun da dinc yolla Azərbaycana təhvil verilməsi qalibiyyətli II Qarabağ müharibəsini sona çatdırdı, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş oldu. 30 ildən bəri “hərbi qüqdrəti” ilə öyünən, Azərbaycanla güc yolu ilə danışan işğalçı Ermənistanın xalqımızın zəfərlə başa çatdırdığı Vətən müharibəsində biabırçı məğlubiyyəti ilə Cənubi Qafqazda bu qlobal münaqişənin bitdiyini düşünmək olar. Lakin bu sonluq qan çanağına döndərdikləri Qafqazdan əllərini çəkmək istəməyən bəzi imperialist dairələri ciddi narahat edir.

Təcavüzkar Ermənistanın sonuncu rayonumuzu da tərk etməsi ilə 30 il ərzində məhz Laçın dəhlizi vasitəsilə bu ölkədən və xaricdən hərtərəfli dəstək alan və Qarabağ bölgəsində pozuculuq fəaliyyətilə məşğul olan erməni separatçı və terrorçu qruplaşmalarının sonuncu nəfəsliyi də bağlandı. Bununla da işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi yerinə yetirildi və tarixə “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir etno-siyasi qarşıdurma başa çatdı.

İlk baxışdan görünən odur ki, iki qonşu ölkə arasında ərazi iddialarına əsaslanan 30 illik münaqişə tərəflərdən birinin məğlubiyyəti və digərinin qalibiyyəti ilə sona çatıb. Hər iki ölkənin vətəndaşları tərəfindən münaqişənin sadə qavrayışı baxımından bu belədir, amma qlobal siyasi anlamda daha bö­yük, daha mürəkkəb və daha ciddi siyasi bir hadisədir. Bu hadisənin əsl mahiyyəti nədən ibarətdir?

Dünyanın müxtəlif bölgələrində alovlanan istənilən münaqişə, əslində, ilk baxışdan göründüyü kimi ikitərəfli deyil, çoxtərəflidir. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Münaqişənin başlandığı illər dünya­miqyaslı bir siyasi hadisə ilə– SSRİ-nin dağılması prosesi ilə üst-üstə düşür­dü. Həmin tarixi zamanda dünya güc mərkəzlərinin marağı heç də yeni yaranan müstəqil dövlətlərin qısa müddətdə dünya siyasətinə qoşulmasını dəstəkləmək deyildi. Onların marağı, ilk növbədə, SSRİ-nin dağıntıları üzərində özlərinin ekspansionizminə yeni yollar açmaq və hələ müstəqil siyasi-iqtisadi inkişaf yollarını müəyyən etməyə macal və imkan tapmamış yeni dövlətləri dərhal öz təsir dairəsinə salmaq və daha sonra həmin bölgənin bütün dölkələrini öz maraqlarına uyğun yönləndirməkdən ibarət idi.

Ermənistanın çoxdan qonşu torpaq­larına göz dikməsi isə dünyaya yenicə açılan bölgədə – Cənubi Qafqazda uzunmüddətli bir münaqişəni alovlan­dırmaq üçün əlverişli bir fürsət verirdi. Taktiki olaraq, ilk növbədə, bölgənin ən çox potensiala malik olan ölkəsini– Azərbaycanı ələ keçirmək daha cəlbedici görünürdü. Ermənistan isə öz iddiaları ilə bu məqsədə nail olmaq üçün ən uyğun və ənəlverişli bir vasitə ola bilərdi və oldu da. Strateji baxımdan isə Cənubi Qafqazda möhkəmlənmək bütün Avra­siya ərazisində regional güc sahiblərini nəzarətdə saxlamaq və lazım gəldikdə onlara təzyiq göstərmək üçün ən əlverişli plasdarm qazanmaq demək idi.

Düşünülmüş ssenariyə görə, Ermənistanın “yarımçıq uğurları”, Azərbaycanın isə hər vəchlə “uğur­suzluqdan çıxmaq cəhdləri” hər iki dövləti qlobal güc mərkəzlərindən asılı vəziyyətə salmalı idi. Beləliklə, realpolitikin ssenarisində Azərbaycan da, Ermənistan da qurbanlar rolunda nəzərdə tutulmuşdu. Müstəqilliyin ilk illərində Cənubi Qafqazda oynanılan qlobal siyasi oyunun əsl mahiyyəti, məhz bundan ibarət idi.

Buna nail olmaq üçün münaqişə tərəflərinə müvafiq sənədlər imzalatmaq­la münaqişənin hərbi həll yolu istisna edildi. Sülh yolu ilə həll perspektivləri isə ATƏT-in Minsk qrupunun timsa­lında beynəlxalq güc mərkəzlərindən asılı vəziyyətə salındı. Dağlıq Qarabağ münaqişəsi məqsədli şəkildə “dondu­rulmuş” hala gətirildi və uzun müddət belə saxlanıldı. Beləliklə, münaqişə qurbanı Azərbaycan və onula düşmən vəziyyətə gətirilmiş Ermənistan dünya nəhənglərinin oyun masası üzərində əl-qolu bağlı vəziyyətdə nə irəli, nə də geri gedə bilirdilər.

Ermənistan çox tezliklə “hərbi uğurla­rını” rəsmiləşdirərək münaqişəni qalib ro­lunda başa vuracağına inanır və özünün ikinci dərəcəli oyun qurbanı olduğunu heç ağlına da gətirmirdi. Ermənistandan fərqli olaraq, oyunun mahiyyətini yaxşı anlayan Azərbaycan müşkül vəziyyətdən çıxış yolu tapmaqda israrlı idi. Oyunun müəllifləri isə 1994-cü ildə yaranmış “status-kvo”nun ATƏT-in Minsk qrupu­nun nəzarəti altında hələ uzun müddət davam edəcəyinə əmin idilər.

Qlobal güc sahiblərindən kiminsə oyun qaydalarını pozması gözlənilmirdi, çünki mövcud vəziyyət onların maraq­larını tamamilə qane edirdi. Yaxın Şərq, Afrika və Asiya bölgələrində uzun illər davam edən münaqişələrin tarixi də məhz bunu göstərir. Cənubi Qafqazda belə olmadı. Heç gözlənilmədiyi kimi, Azərbaycan qlobal güclərin oyun qay­dalarını pozdu. Azərbaycan buna necə nail oldu? Bu, çox geniş mövzudur və uzun-uzadı bir izaha ehtiyac var. Amma nəticədə Azərbaycanın nəyə nail olduğu­nu qısaca qeyd etmək olar.

1. Azərbaycan beynəlxalq güclər tərəfindən Cənubi Qafqaz ətrafında qurulmuş möhkəm bir siyasi oyun torunu dağıdaraq 30 il işğal altında qalmış ərazilərini azad etdi, tam həcmdə özü­nün ərazi bütövlüyünü təmin etdi.

2. 1 milyondan çox məcburi köç­künün öz doğma torpaqlarına qayıda bilməsi təmin edildi.

3. Bölgədən kənar güc mərkəzlərinin siyasi oyununa aldanan acgöz və xain qonşu– Ermənistan ibrətamiz şəkildə cəzalandırıldı.

4. Oyunun ssenari müəllifləri heç gözləmədikləri halda heç cür yol vermək istəmədikləri bir vəziyyətlə üz-üzə qaldılar. Belə ki, Cənubi Qafqazın gələcəyində Azərbaycanın maraqları baxımından mühüm rol oynaya biləcək bölgə gücü Türkiyənin bu regionun siyasi həyatına girişi təmin olundu.

5. Azərbaycan dünya miqyasında heyranlıq və rəğbət doğuran qeyri-adi tarixi bir uğura imza atdı: bölgədən kənar güclərin Cənubi Qafqaza hibrid müdaxiləsini aradan qaldırdı və bu bölgədə sülhün və sabitliyin başlanğıcını qoydu.

6. Münaqişənin başlanğıcında qur­ban roluna layiq görülmüş Azərbaycan dünyanın ən böyük güc və söz sahiblərinin qurduğu məkrli bir siyasi oyunu 30 il sonra ən böyük qalib kimi tərk etdi.

* * *

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi 30 il ərzində dünyanın, xüsusilə Avropanın siyasi gündəmində dayanan ən uzunömürlü və həllinin heç də asan olmadığı iddia edilən bir münaqişə oldu. Keçirilən yüksək səviyyəli görüşlərdən və müzakirələrdən, səsləndirilən bəyanatlardan belə başa düşülürdü ki, dünya birliyinin, o cümlədən, ATƏT-in Minsk qrupunun məqsədi bölgədə sülhə nail olmaq idi, amma, nədənsə, 28 illik bu səylər heç bir nəticə vermirdi.

Nəhayət, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla münaqişə tərəfləri arasında sülh əldə olun­du. Bu sülh, ilk növbədə, münaqişə tərəflərini qane etsə də, nə qədər təəccüblü görünsə də ondan nara­zı qalan üçüncü tərəflər də oldu. İlk narazılıq qlobal güclərdən birini təmsil edən Fransa prezidenti E. Makronun işğalçını dəstəkləyən çılğın çıxışında özünü büruzə verdi. Daha sonra Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Fransa Senatında qəbul olunmuş qərəzli qətnamə həm ölkə daxilində, həm də beynəlxalq mediada heç də birmənalı qarşılanmadı və anlaşılmaz vəziyyət yaratdı.

Vəziyyətin anlaşılmazlığı isə Minsk qrupunun həmsədrləri kimi Fransanın və ABŞ-nın tənzimləmə proseslərindən kənarda qalması və məhz Rusiyanın dəstəyi və Türkiyə ilə birgə səyləri nəticəsində bölgədə hərbi əməliyyatlara son qoyulmasını Makronun heç cür həzm edə bilməməsi ilə bağlıdır. Qətnamə layihəsinin hakim partiyanın təmsilçiləri tərəfindən irəli sürülməsi də partiya lideri Makronu Minsk qru­pu prosesində düşdüyü “outside” vəziyyətindən çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzası ilə əldə olunmuş real sülhə qarşı çıxmaq heç bir baxımdan məntiqli görün­mür. Çünki bu Bəyanat sülhə nail olmaq istiqamətində 30 il ərzində qazanılmış ilk böyük nəticədir, lakin bu Fransanın iştirakı olmadan əldə olunub. İndi sülhün əldə olunmasına hansısa bir şəkildə öz adını yazdırmaq cəhdləri Fransanı, nə yolla olur olsun, Minsk qrupunun fəaliyyətinin bərpasına vadar edir. Minsk qrupunun görəcəyi bir işin qalmadığı da göz önündədir.

Belə olan halda sülh prosesi­ni əngəlləmək və uzatmaq üçün Ermənistanın dəst-xətti ilə “Türkiyə hərbiçiləri” və “Suriya muzdluları” kimi saxta və yalan məlumatlar əsasında yeni problemlər yaratmaqdan başqa, Fransa­nın bir çarəsi qalmır. Məhz bu uydurma iddialar da Senatın qətnaməsində öz əksini tapıb.

Senatın ardınca digər Avropa ölkələrinin liberallarını təmsil edən siyasi partiyalar tərəfindən oxşar qətnamə layihələrinin irəli sürülməsi də münaqişənin başa çatmasında Fransa­nın maraqlı olmadığını və Avropa miq­yasında bu sülhə mane olmaq cəhdlərini göstərir. Lakin digər Avropa ölkələrinin parlamentlərində Makronun, eləcə də Ermənistanın siyasi xətti dəstək qazana bilmir.

Almaniya, İtaliya və Niderland parlamentlərində analoji müzakirələr və qəbul olunmuş qətnamələr yumşaq olmasa da, Azərbaycana və Türkiyəyə qarşı şər-böhtanla dolu olsa da hər halda Fransa Senatının qəbul etdiyi qətnamənin irəli sürdüyü tələbləri təkrar etmədi. Eyhamı başa düşən E. Makron və Fransanın bir sıra hökümət rəsmiləri senatın qətnaməsində təklif olunan addımların atılmasının mümkünsüz oldu­ğunu etiraf etdilər.

Bunlarla yanaşı, Belçika “makronçu­ları” da son iki ayda bir neçə dəfə oxşar qətnamə layihələrini federal parlamentin beynəlxalq məsələlər komissiyasının müzakirəsinə çıxarıblar. Bu da təsadüfi deyil: bir tərəfdən, Belçika Avropada Fransaya ən yaxın olan yeganə fransız­dilli ölkədir; digər tərəfdən, hazırda Bel­çikada hakimiyyətdə olan siyasi qüvvələr məhz Makron partiyasının tərəfdaşları olan liberallardır.

14 oktyabrda müzakirə edilən qətnamə layihəsində Azərbaycandan hərbi əməliyyatların dərhal dayandırılma­sı və geri çəkilməsi tələb olunur, xarici muzdlulardan istafadə olunması kəskin pislənilir, Azərbaycana və Türkiyəyə qar­şı sanksiyalar tətbiq olunması haqqında tələblər irəli sürülürdü.

18 noyabr qətnamə layihəsinin müəllifləri isə bir qədər də irəli gedərək, Parisdə olduğu kimi, Brüsseldə də qon­darma “Arsax Respublikasının” diplo­matik nümayəndəliyinin yaradılmasını, Kosovo presedentinə əsaslanaraq qeyri-qanuni rejimin tanınmasını və 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, qondarma rejimlə diplomatik əlaqələr qurulmasını tələb edirdi. Qətnamə layihəsinin təşəbbüsçülərinin bu mövqe­yi yeni deyil. Onlar özlərinin separatçılıq mövqeyinə uyğun olaraq, əvvəllər də beynəlxalq birlik tərəfindən tanınmamış bütün digər qeyri-qanuni qurumların tanınması təşəbbüsü ilə çıxışlar ediblər.

Hər iki qətnamə layihəsinin müəllifləri arasında Qarabağ ərazisinə qanunsuz səfərlər etmiş və adları Azərbaycan XİN-in qara siyahısında yer alan, anti-Azərbaycan fəaliyyəti üçün Bel­çikada kök salmış erməni lobbisindən maliyyə dəstəyi alan korrupsiyalaşmış siyasətçilər var. Qətnamə layihəsində yer alan “Türkiyənin və xarici muzdlu­ların dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağa təcavüzü” kimi ifadələr isə ermənilərin saxtakar qara təbliğatını təkrarlayır və mətnin erməni lobbisinin diktəsi ilə yazıldığını aydın göstərir.

14 oktyabr və 18 noyabr qətnamə layihələri Belçika parlamentinin beynəlxalq məsələlər komissiyasında müzakirə olunaraq rədd edilib. Buna baxmayaraq, sadəcə, bu layihələrin ko­missiyada müzakirəyə çıxarılması faktı yalançı erməni siyasətçiləri tərəfindən, guya, Azərbaycanı təcavüzkar kimi ta­nıyan və qondarma rejimin “legitimliyini” tanıyan sənəd kimi Ermənistan media­sında bu günlərədək təbliğ olunurdu.

2 dekabrda həmin komissiyanın sədri tərəfindən irəli sürülən sayca 3-cü qətnamə layihəsi müzakirə olunub və plenar iclasın müzakirəsinə təqdim olunması haqqında qərar səsçoxluğu ilə qəbul olunub. Komitə sədri özü də Azərbaycanda “persona non- grata” elan olunmuş ermənipərəstdir. Bu layihənin mətnində BMT TŞ-nın 1993-cü ildə qəbul etdiyi 4 Qətnaməyə, 30 sentyabr 2020-ci il tarixli BMT TŞ-nın hərbi əməliyyatların dərhal dayandırılmasına və sülh prosesinə qayıtmaq haqqında çağırışına, 6 oktyabr 2020-ci il tarixli BMT Baş katibinin çağırışına, Avropa Şurasının 1 oktyabr tarixli qərarına, Av­ropa İttifaqı xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsinin 11 oktyabr 2020-ci il tarixli bəyanatına və Aİ adın­dan 19 noyabr 2020-ci il tarixli bəyanata, eləcə də 10 noyabr tarixli birgə Bəyanata istinad edərək Azərbaycan hərbi əməliyyatlara başlamaqda günah­landırılır, atəşkəsə əməl olunmasına çağırış edir və bölgədə hələ də davam edən qeyri-sabitlikdən narahatlıq bildi­rilir. Parlament Belçika hökümətindən beynəlxalq qanunlara hörmət olunması­na nəzarət mexanizmlərini dəstəkləməyi, münaqişədə iştirak edən bütün tərəfləri beynəlxalq humanitar hüquq qaydalarına əməl etməyə çağırmağı və münaqişənin birdəfəlik həlli üçün Minsk Qrupunun səylərini dəstəkləməyi tələb edir.

Beynəlxalq komissiyada qəbul olunmuş son qətnamə layihəsi dekab­rın 17-də plenar iclasın müzakirəsinə çıxarılacaq və çox güman ki, qəbul olunacaq. Layihənin mətnində erməni təbliğatının Azərbaycana və Türkiyəyə qarşı yaydığı çoxsaylı saxta ittihamlar yer alsa da, qondarma rejimin tanınma­sı və Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı heç bir təklif irəli sürül­mür və bu baxımdan Fransa Senatının qəbul etdiyi qətnamənin əsas ideyasını dəstəkləməkdən uzaqdır. Beləliklə, bu günədək Fransa Senatı tərəfindən irəli sürülmüş təşəbbüsün Avropa siyasi məkanında dəstəklənmədiyini, Fransa­nın öz məntiqsiz təşəbbüslərində növbəti dəfə təkləndiyini görürük.

Bu, E. Makron hakimiyyətə gəldikdən sonra Fransa siyasətinin birinci məğlubiyyəti deyil. Bundan əvvəl də Fransa xarici siyasətinin Suriyada, Livi­yada, Livanda və Şərqi Aralıq dənizində iflasa uğraması, Türkiyə, ABŞ və NATO ilə münasibətlərdə dəfələrlə qalmaqal­lar yaşanması bu ölkənin beynəlxalq qanunlara zidd addımlarının və siyasi məntiqə sığmayan təşəbbüslərinin lideri olmağa iddia etdiyi Avropanın özündə də qəbul olunmadığını göstərir. Növbəti dəfə Fransa siyasətinin özünə ən yaxın ölkələrdən birində – Belçi­kada dəstəklənməməsi Fransanın beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə uyğun siyasət aparmadığını və bu səbəbdən beynəlxalq siyasət meydanında getdikcə nüfuzdan düşməsini nümayiş etdirir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru

5 Dekabr 2020 00:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə