Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamdakı abidələr də erməni vandallarının qəzəbinə tuş gəlmişdir

“Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.” Bu sözləri Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad olunmuş Ağdam şəhərindəki çıxışında dedi.

Ağdamın işğal altında olan əraziləri mənfur ermənilərdən təmizləndi. Amma bu ərazilərdə erməni vandalları daşı daş üstə qoymamışlar. Ağdamın qədim insan məskəni olduğunu sübut edən kifayət qədər arxeoloji materiallar vardır. Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə bizim eradan əvvəllərdə-- Eneolit dövründə məskunlaşmağa başladığı müəyyən edilmişdir.

Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq abidəsi vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarca tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Bu maddi-mənəvi abidələr müxtəlif bölgü əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına salınaraq inventarlaşdırılmışdır.

Tədqiqatçı alim Rəşid Göyüşov ərəblərin Azərbaycanı fəth etdikdən sonra İslamı ən son qəbul edən bölgənin Ağdam olduğunu qeyd etmişdir. Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım ağanın məqbərəsi rayonun dini-tarixi abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.

Ağdam Cümə məscidi 1868-1870- ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Mərkəzi gümbəzə dayaq olan dörd sütun daxili məkanın həm tən ortasında kvadrat, həm də yan tərəflərdə ikimərtəbəli eyvanlar yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da öz növbəsində yuxarıdan gümbəzlərlə örtülür. Burada da, az qala, hər detalda İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə elementlərinə rast gəlmək olar. İbadət zalı mehrabın kənarlarından və eyvanlardan açılan pəncərələrlə işıqlandırılır.

Mehrab tağçasının üzərində binanın dekor tərtibini vermiş ustad Məhəmməd Nəqqaş Təbrizinin adı və məscidi təmir olunduğu il, hicri təqvimlə 1331-cü il (miladi 1913) tarixi həkk olunmuşdur. Mənbələrdə göstərilir ki, Ağdam Cümə məscidinin divarlarını ilkin variantda Kərbəlayi Səfixanın dostu nəqqaş Məhəmməd Şükuhi işləmişdir. Məscidin giriş qapısı Səfəvi memarlığı üçün xarakterik olan iri tağ portalın içindədir.

Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra Azərbaycan memarlığının incilərindən sayılan Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur.

Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha təsdiqləyir.

Cənab Prezident məscidin qarşısındakı çıxışında dedi: “Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm”. Prezident çox qürurla danışırdı. Məkkədən gətirdiyi “Qurani-kərim”i də məscidə bağışladı.

Azərbaycanın Kür-Araz çayları arasındakı bölgələrində XIV əsrin başlanğıcından etibarən daş türbələr geniş şəkildə yayılmışdır. Bu abidələrdən biri də nadir təsadüf edilən üslubda tikilmiş Ağdam rayonunun Xaçındərbətli kəndindəki türbədir. Bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı, piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun özünəməxsusluğundadır. Xaçındərbətli abidəsinin yeraltı hissəsinin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca əlamətdir.

Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz fərdi özəllik verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə onun 1314- cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı təşkil edir. Burada xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır. Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlıq abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.

Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.

Ağdamın mədəni abidələri talan olunaraq, bütün infrastrukturu məhv edilmiş, Çörək, Tarix-diyarşünaslıq muzeyləri, tarzən Qurban Pirimovun xatirə muzeyi və Ağdam şəkil qalereyası, Xaçındərbənd kəndindəki gümbəz, Kəngərli kəndindəki daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscidlərindən biri və onun minarələri də vəhşicəsinə uçurulub.

Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.

Azərbaycan erməni vandallarının cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

5 Dekabr 2020 00:48 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə