Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərin xatirəsinə hörmət və ehtiramın təsdiqi

Azərbaycanın bu il sent­yabrın 27-dən başlayaraq noyabrın 10-da möhtəşəm Qələbə ilə başa çatdırdığı Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olunub. Son iki yüz illik dövrdə xalqımızın qa­zandığı bu zəfər bundan sonra həmişə qürur və iftixar hissi ilə anılacaq. Bu barədə danışan eh­tiyatda olan mayor, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı bildirdi:

– Bu qələbəni xalqımıza, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasətimiz və Azərbaycan Silahlı Qüvvələrinin son illərdə topladı­ğı böyük güc qazandırdı. Təbii ki, Ermənistana qarşı apardığımız 44 günlük müharibədə hər dəqiqə ölkəmizin yanında olmuş Türkiyənin qardaş dəstəyini xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyev də dəfələrlə özünün çıxışlarında və müsahibələrində Azərbaycana mənəvi dəstək göstərmiş Türkiyə və Pakistan kimi dost ölkələrə minnətdarlığını ifadə edib.

Cəbhədə silahlar susandan sonra Azərbaycan Prezidenti İlham Əliyev tarixi qələbəmizlə bağlı bir sıra sərəncamlar imzalayıb, yeni orden, medal və fəxri adlar təsis olunub. Bun­ların arasında Zəfər Gününün təsis edilməsi, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yara­dılması ilə bağlı sərəncamlar xüsusilə diqqəti cəlb edir. Hesab edirəm ki, bugünkü tarixi qələbələrimzin gələcək nəsillərə çatdırılmasında bu sərəncamların mühüm rolu olacaq.

Elə Prezidentin sərəncamlarında da xüsusilə qeyd edilir ki, sənəd “Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misil­siz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nüma­yiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə” imzalanıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitu­siyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb: Azərbaycan Respublikasının Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılsın. Eyni zamanda, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi­nin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Nazirlər Kabineti isə üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Əlbəttə, istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində verdiyimiz şəhidlərin xatirəsi xalqımız üçün əziz və müqəddəsdir. Bütün şəhidlərimzin xatirəsi insanlarımızın ürəyində yaşayır. Onlar heç zaman unudulmayacaqlar. Bu cür xatirə muzeylərinin yaradılması da onların xatirəsini əbədiləşdirmək məqsədinə xidmət edir.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı növbəti tarixi sərəncamlardan biri də bu möv­zu ilə bağlıdır: “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. Burada da qeyd edilir ki, sərəncam canlarını Azərbaycanın ərazi bütövlüyü yolun­da qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə imzalanıb. Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək üçün 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib.

Bütün bunlar, təbii ki, şəhidlərimizin ruhu qarşısında bugünkü nəslin borcu və onların xatirəsinə hörmət və ehtiramımızın təsdiqidir. Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı bütün addımlar birmənalı şəkildə xal­qımızın ürəyindən xəbər verir.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:44 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə