Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Baş Assambleyasının xüsusi sessiyası insanların pandemiya ilə bağlı çətinliklərinə tezliklə son qoymaq məqsədi daşıyır

Bu təşəbbüsün reallaşmasında iki əsas amil öz rolunu göstərdi – bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanıldığı vaxtdan respublika daxilində “Biz birlikdə güclüyük!” çağırışını irəli sürərək, hər kəsi bu amal ətrafında birləşməyə, səfərbər olmağa çağırdı. Bu çağırış, eyni zamanda, hər birimizin üzərinə yeni qaydalarla yaşamaq kimi önəmli bir vəzifə qoydu. Həmin qaydalar tibbi maska və dezinfeksiya vasitələrindən istifadə kimi şəxsi gigiyenaya riayət etmək, sosial məsafəni gözləmək, ehtiyac duyulmadığı təqdirdə isə evdən çıxmamaq məsələlərini diqqət mərkəzinə gətirdi.

Dövlətimizin başçısının BMT Baş Assambleyasının (BA) xüsusi sessi­yasının keçirilməsi təşəbbüsü isə həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT-yə üzv dövlətlər tərəfindən dəstəkləndi, 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi. Prezident İlham Əliyev bu təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atdı. Beləliklə, cari il iyulun 10-da xüsusi sessiya rəsmi olaraq öz işinə başladı. Çoxsaylı müzakirələr za­manı bu sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər barədə qərarlar verildi. Müzakirələrin sonunda “Koronavirus xəstəliyi (CO­VID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası” ilə bağlı qətnamə qəbul edildi. Bu sənədə əsasən BMT BA-nın COVID-19-a qarşı mübarizəyə həsr olunan xüsusi sessiyası dekabrın 3-də öz işinə başladı.

Azərbaycan Prezidenti, Qoşul­mama Hərəkatının sədri İlham Əliyev xüsusi sessiyada videoformatda çıxış edərək, bu Hərəkatın üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyduğunu vurğuladı. Dövlətimizin başçısı daha sonra dedi: “Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mü­hüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sa­diqliyimizi yenidən nümayiş etdirməyi tələb edir”.

Prezident İlham Əliyev çıxışın­da Qoşulmama Hərəkatı tərəfindən irəli sürülən BMT BA-nın COVID-19 pandemiyasına qarşı xüsusi sessiya­sının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətləri tərəfindən böyük dəstək verildiyini, eyni zamanda, təşəbbüsün gerçəkləşməsinin Qoşul­mama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğuru olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin xüsusi sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə Qoşulma­ma Hərəkatı adından BMT-nin üzv dövlətlərinə və BA-nın sədrinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti, Qoşul­mama Hərəkatının sədri İlham Əliyev çıxışında 2020-ci il ərzində dünya ictimaiyyətinin müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşdiyini, hazırda dünyada 60 milyondan artıq yoluxma halının qeydə alındığını və 1 milyondan çox insanın həyatını itirdiyini xatlrladaraq, sosial-iqtisadi sahələrdə çoxşaxəli fəsadlara yol açan bu böhra­nın insanların yaşayışına sarsıdıcı təsir göstərdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı pandemiya ilə bağlı tədbirlərin görülməsi haqqında fikirlərini də sessiya iştirakçıları ilə bölü­şüb: “Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qal­dırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplan­tının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümum­dünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud eh­tiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir”.

Ölkə rəhbəri çıxışında, həmçinin Qoşulmama Hərəkatının sədri olaraq, BMT-nin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirib, belə bir dəhşətli bəlanın aradan qaldırılması istiqamətində önəmli rol oynayan bu beynəlxalq təşkilatın Baş katibinin güclü liderliyinin təqdir edil­diyini xüsusi vurğulayıb. Dövlətimizin başçısı, bununla bərabər, Qoşulmama Hərəkatının COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümum­dünya Səhiyyə Təşkilatının, eləcə də onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəklədiyini diqqətə çatdırıb.

Xüsusi sessiyada Azərbaycanda pandemiyaya qarşı mübarizə tədbirləri barədə də ətraflı bəhs edilib. Bildirilib ki, ölkəmizdə virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri işlər görülüb, müvafiq addım­lar atılıb, koronaviruslu xəstələrin 46 dövlət xəstəxanasında müalicəsi reallaşdırılıb, funksional laboratori­yaların sayı 40-ı keçib. Bütün bun­larla bərabər, pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Sosial yardım tədbirlərindən ölkə əhalisinin yarısı, başqa sözlə, 5 milyon insan yararlanıb. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesa­bına maliyyələşdirilib.

Pandemiya başlayandan indiyədək Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx təmasda olub. Bu qurum COVID-19-un ilk vaxtla­rından ölkəmizə dəyərli tövsiyələr verib, mütəxəssislərini respublikamıza göndərib. Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı göstərib. Bununla yanaşı, Azərbaycan indiyədək 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib.

Burada bir məqamı da xatırlatmaq istərdik. Xüsusi sessiyanın çağırılması təşəbbüsünün müzakirəsi zama­nı işğalçı Ermənistan, hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməyib. Bütün dünya birliyi COVİD-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, düşmən ölkə əvvəldən bu təşəbbüsə qarşı çıxıb. Sözügedən qətnamə ilə bağlı müzakirələrdə Ermənistan onun lehinə səs verməyib. Ümumiyyətlə, Ermənistan sona kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb, lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və düşmən ölkənin cəhdləri rədd edilib.

Xüsusi sessiyada Ermənistanın işğalçılıq siyasətindən danı­şan dövlətimizin başçısı deyib: “Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altın­da saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılma­sını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən eşidilməmişdir.

Son iki il ərzində Ermənistan danı­şıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir”.

Azərbaycan Prezidenti çıxışında daha sonra Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından son­ra Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının noyabrın 10-da tarixi qələbəmizlə başa çatması barədə də ətraflı danışıb: “Azərbaycan Ordusu bunun layiqli cavabını vermiş, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı qazanıl­mış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanma­sı nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir”.

Sonda xatırladaq ki, xüsusi ses­siyada dünya liderləri, BMT rəsmiləri və ekspertlər tərəfindən COVID-19 pandemiyasının əsas aspektləri, peyvəndlərin paylanılması və sosial-iq­tisadi məsələlər müzakirə edilib.

BMT BA-nın prezidenti V.Bozkır COVID-19-un qlobal səhiyyə böhranı olduğunu bildirib. O, eyni zamanda, pandemiyanı iqtisadi, humanitar və insan haqları böhranı kimi xarakterizə edib. O, bu dəhşətli bəlanın həm də struktur bərabərsizliyini yaratdığını və qeyri-mütənasib şəkildə cəmiyyətlərin ən həssas üzvlərinə təsir etdiyini diqqətə çatdırıb.

BMT BA-nın rəhbərinin fikrincə, xüsusi sessiya COVID-19-u məğlub etməkdən ötrü dünya liderlərinin bir araya gəlməsi üçün tarixi imkan yaradır: “Təsdiq mərhələsində olan peyvəndlərlə bağlı xoş xəbərlər beynəlxalq aləmdə virus üzərində qələbənin əldə edilməsinə böyük ümid yaradır. Qlobal bərpa səylərinə yönəldilən trilyonlarla dollar axını dün­ya ictimaiyyəti tərəfindən təqdir edilir. COVID-19-la mübarizə istiqamətində həyata keçirilən tədbirlər isə şübhəsiz ki, insanların əzablarına, çətinliklərinə tezliklə son qoymaq məqsədi daşıyır”.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

5 Dekabr 2020 00:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə