Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvanda hökumət əleyhinə aksiyalar davam edir

Bu gün Ermənistan öz tarixinin ən ağır, acınacaqlı günlərini yaşayır. Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanın silahlı qüvvələrinin 44 günlük müharibədə darmadağın edilməsi, təslim olması bu ölkənin siyasi ab-havasını dəhşətli bir vəziyyətə, kütləvi psixoz halına gətirib. Respublikada sosial-iqtisadi böhran çöküş prosesini daha da sürətləndirib.

İrəvanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar dayanmaq bilmir. Bu aksiyalarda fərqli düşünən, əks fikir söyləyən hər kəs həbsə atılır, təzyiq və təqiblərə məruz qalır. Bütün hüquq­lar, o cümlədən, söz və ifadə, sərbəst toplaşmaq azadlıqları kobud şəkildə pozulur. Mediaya tətbiq olunan senzu­ra özünü ən sərt şəkildə büruzə verir. Sosial şəbəkələrdə Ermənistandakı real vəziyyətin cüzi bir hissəsi barədə fikir bildirən hər hansı bir şəxs təhqir və təhdidlərlə üzləşir, ölümlə hədələnir. Dünən 35 etirazçının saxlanılaraq polis bölməsinə aparılması, orada fiziki təzyiqlərə məruz qalması bunun bariz ifadəsidir.

İctimaiyyətdə də oxşar vəziyyət hökm sürür. Kimsə xalqın sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı bir fikir belə səsləndirirsə, qaragüru­hun təzyiqi ilə üzləşir. Məsələn, yeni təyin edilən iqtisadiyyat naziri Vahan Kerobyanın Qarabağda əldə edilən üçtərəfli razılaşmanın regionda ticarət üçün yeni imkanlar açacağı, gələcəkdə Ermənistan mallarının Azərbaycan bazarına çıxarılmasının mümkünlüyü haqda açıqlaması dərhal ona qarşı hücumlara səbəb olub. Hakim “Mənim addımım” fraksiyasından deputat Ayk Gevorgyan onu müdafiə etmək istədikdə isə qaragüruhun fiziki təzyiqi ilə susdurulub. “Mən bilmirəm siz bu düşüncə ilə hara gedirsiniz”,–deyə de­putat onlardan birtəhər xilas ola bilib.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Bu gün Ermənistanda heç kimdən qorxub-çəkimədən bu ölkənin indiki vəziyyətə düşməsini onun işğalçılıq siyasəti ilə bağlı olduğunu deyənlərə də rast gəlinir. Məsələn, erməni ekspert Edu­ard Nağdalyan bildirib ki, Ermənistanın ikinci Qarabağ müharibəsindəki məğlubiyyəti onun Azərbaycanın 20 faiz ərazisini ələ keçirməsinin məntiqi nəticəsidir.

E.Nağdalyanın sözlərinə görə, Ermənistan hakimiyyəti bu qəsbkarlığı daxilən etiraf etsə də, danışıqlarda heç vaxt dilə gətirmir, bununla da qonşu dövlətin ərazi bütövlüyünə qəsd edirdi. Bu, eyni zamanda, Ermənistanın xarici siyasətinin ciddi səhvi idi. Erməni rəhbərliyi özünü elə aparırdı ki, guya, regiona nəzarət edən hərbi super dövlətdir. Başa düşmürdü ki, 1994-cü ildəki hərbi qələbə son nəticədə acı məğlubiyyətlə yekunlaşacaq. Bax, o zaman indiki müharibəni uduzduq. Dünya isə bu fəlakətli məsuliyyətsizliyi anlaşılmazlıqla qarşılayırdı, lakin Ermənistan odla oynamağa davam edirdi.

E.Nağdalyan Ermənistanın səhvlərini bir-bir sadalayaraq, erməni cəmiyyətində formalaşdırılan fikirləri də sərt tənqid edib: “Məğlubiyyətimiz qaçılmaz idi. Bunun günahkarları vaxtilə Heydər Əliyevlə razılaşmayan rəhbərlərimizdir, 25 il ərzində danışıqla­rı imitasiya edən kəndçi liderlərimizdir. Bundan əlavə, 25 il xalqı “düşmənə bir qarış torpaq belə verməyəcəyik” “patriotik” şüarı ilə zəhərləyən bütün erməni siyasi partiyaları, ekspertlər və Ermənistanın KİV-i günahkardır. Azərbaycan torpaqlarının bir qarışı belə Azərbaycana verilməməlidir? Niyə, nə üçün? Bu, xəstəlikdir. Erməni ziyalıları bu gün bu xəstəliklə ciddi mübarizə aparmalıdırlar”.

Ermənistanda baş nazir Nikol Paşinyanın yaxın adamları ilə keçmiş prezidentlərin tərəfdarları arasında da qarşıdurma getdikcə şiddətlənir. Məsələn, bu ölkənin Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Paşinyanı Qarabağda ölən minlərlə əsgərə qarşı hörmətsizlikdə ittiham edərək deyib: “Nikolun qəsdən bir gün belə matəm elan etməməsi başa düşüləndir. Çünki bu ölüm və itkilər onun üçün faciə deyil... Nikol yas tutmur. Biz niyə yas tutmuruq? Paşin­yan hər şeyin tez unudulmasını istəyir. Bəs ölkə? Ölkədə “cümə endirimləri” marafonu var, restoranlar və mağa­zalar işləyir. Bayrağımız heç bir yerdə endirilməyib. Ermənistanın heç bir səfirliyində yas kitabı açılmayıb. Bilir­siniz niyə? Yas tutmaq üçün əvvəlcə nə baş verdiyini anlamaq lazımdır. Baş nazir bunu dərk etmir. Çünki bu, onun üçün siyasi mübarizədir. O dəli olduğu üçün faciəmizi başa düşə bilməz. Bəs ölkədə hər kəs Nikoldurmu? Hələ heç kim faciənin dərinliyini tam anlamayıb?”.

Bu gün Ermənistanda cəmiyyətin əksər hissəsi deyir ki, müharibədə məğlub olan və kapitulyasiya aktı­na imza atan bir şəxsin baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyan baş nazir Nikol Paşinyanın gecikmədən istefa verməli olduğunun zəruriliyini vurğulayır: “Yeni baş nazir təcrübəli və qonşu dövlətlərin rəhbərləri ilə yaxşı əlaqələr qurmağı bacaran şəxs olmalıdır. N.Paşinyan istefa verməsə, Ermənistan siyasi böh­randan çıxa bilməyəcək. Siyasi böhran ölkə dağılanadək davam edəcək”.

Dünən Ermənistanın tanınmış ziyalıları tərəfindən xalq yürüşə çağı­rılıb. Erməni rejissor Mher Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Hrant Toxatyan xalqa ünvanlanan müraciətlərində Ermənistan hökumətini İkinci Qarabağ müharibəsində əsir və itkin düşən hərbçilərlə maraqlan­mamaqda günahlandırırlar: “Məlum oldu ki, Ermənistanda hökumət yox­dur. Müharibədə itkin düşmüş və əsir götürülənlərin geri qaytarılması, habelə ölən əsgərlərin qalıqlarının dəfn edilməsi prosesi ilə koordinasiyalı və məsuliyyətlə məşğul olan səlahiyyətli dövlət qurumu nəzərə çarpmır. Bu taleyüklü məsələnin həlli üçün hər dəqiqənin qiymətli olduğunu başa düşürük. Həm də dərk edirik ki, prob­lemin həlli harada yaşamasından asılı olmayaraq hər bir ermənidən asılıdır”.

Adları çəkilən şəxslər Ermənistan vətəndaşlarını Yerevandakı Azad­lıq meydanına axışmağa və yürüşə çıxmağa çağırıblar: “Əsgərlərimizin və hərbçilərimizin yaxınlarına dəstək olmaq və bütün nüfuzlu beynəlxalq strukturlarda bizi eşitmək üçün yürüş başlayacaq. Siyasi üstünlüklərindən asılı olmayaraq, bütün soydaşlarımız, bu məsələnin həllində iştirak etmək istəyən hər kəs bizə qoşulsunlar”.

Sonda onu da qeyd edək ki, erməni mediasının məlumatına görə artıq işğalçı ölkədə Nikol Paşinyanın yerinə müxalifətin vahid namizədi vaxtilə baş nazir və müdafiə naziri vəzifələrini tu­tan, hazırda isə Milli Demokrat İttifaqı­nın sədri Vazgen Manukyan seçilib.

V.Manukyan bir müddət əvvəl Ermənistan hökumətinə çağırış edərək hakimiyyəti orduya verməyə səsləyib.

“Xalq qəzeti”

5 Dekabr 2020 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə