Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçının azad ediləcəyinə həmişə inanırdım

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində illərdir ki, düşmən əlində qalan doğma torpaqla­rımız, o cümlədən mənim də ata-baba yurdum Laçın rayonu da işğaldan azad edildi. Bu zəfər əzəli və əbədi torpaqlarımı­zın 28 illik qara günlərinin sona çatması deməkdir. Nəhayət ki, torpaqlarımız erməni vəhşiliklərindən qurtuldu. Bir la­çınlı kimi özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm.

Bu fikirləri 1992-ci ildə Laçın rayonunun işğalı nəticəsində məcburi köçkünə çevrilmiş Səbuhi Bəylərov bildirdi.

O dedi: “Mən orta məktəbi Binə qəsəbəsində başa vurdum. Sonra ali məktəbə– Bakı Slavyan Universitetinə qəbul olunub, ali təhsil aldım. İllər keçdi, Laçın­sızlıq mənimlə birgə böyüdü, yetkinləşdi. Biz məcburi köçkün düşdükdən sonra qohumlarımızın bir qismi Ağcabədinin Taxtakörpü qəsəbəsində, bir qismi Bakının Binə qəsəbəsində məskunlaşdı. O vaxt öz ata-baba yurdundan didərgin düşmüş biz məcburi köçkünlər respublikamızın müxtəlif şəhərlərinə, bölgələrinə pənah gətirdik. Qaynayıb, qarış­dıq, böyüyüb yaşa dolduq, amma heç zaman Laçını bir an belə unutmadıq. Heç zaman düşmənə nifrət hissi bizi tərk etmədi.

Laçının bir gün azad ediləcəyinə həmişə ürəkdən inan­mışam. Və o gün, şükürlər olsun ki, gəlib çatdı. Amma ağlıma da gəlməzdi ki, uzun illər həsrətində olduğumuz Laçını 44 günlük müharibənin nəticələri bizə qay­tarsın. Bu, həqiqətən, möcüzədir. Laçının bir güllə belə atılmadan, itki verilmədən bizə qaytarılması, cənab Prezidentin: “Əziz laçınlılar, artıq Laçın azaddır, bizimdir”– deməsi mənə indi də yuxu kimi gəlir. Lakin bu gerçəkdir, həqiqətdir”.

S. Bəylərov bildirdi ki, torpaq­larımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi. İşğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda rəşadətli ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan amansız zərbələrin nəticəsində Ermənistan məğlub olaraq diz çökdü. Bundan sonra isə, hər zaman Azərbaycana qarşı şərtlər irəli sürən Ermənistanın baş naziri sülhə məcbur edildi. Azad edilən doğma Laçın rayonunun ölkəmiz üçün böyük strateji əhəmiyyəti var. Bizim üçün təsirli və eyni zamanda, ermənilərdən fərqimizin aydın seçildiyi məqam ondan ibarətdir ki, təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə biz – azərbaycanlılar oradan zorakılıqla çıxarılmışdıq.

Azərbaycan Ordusu isə ermənilərə ərazini tərk etmək üçün yüksək əxlaq nümayiş etdirərək, bütün şəraiti yaratdı. Onlar isə bunun əvəzində qal­dıqları evləri yandırdı, vandallıq etdi, meşələrə od vurdu, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Laçın rayonu indiyədək yüzlərlə şəhid verib, onlarca dinc insan Laçında girov götürülüb. Laçınlılar öz doğma torpaqlarının azad edilməsindən ötrü Milli Ordumuzun əməliyyatlarında fəal iştirak etdilər və uzun illərin həsrətinə son qoydular. Yaşasın bizə bu qələbəni bəxş edən müzəffər Ali Baş Komandan!Eşq olsun Azərbaycan Ordusuna!

Qələmə aldı: Anar TURAN, “Xalq qəzeti”

5 Dekabr 2020 00:39 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə