Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belə getsə, yoluxma yükünün altından çıxmaq çətin olacaq

Bütün dünyada koronavirusla mübarizə ilə bağlı nə qədər sərt tədbirlər həyata keçirilsə də, pandemiyanın sürəti səngimək bilmir. Hazırda bu xəstəliyə qarşı vaksin və effektiv dərman preparatı olmadığından, qorunma tədbirləri və ona düzgün riayət etmək ön plana çıxır. Amma hələ də xəstəliyə laqeyd yanaşan, hətta virusa inamsızlıq nümayiş etdirən, “xəstəlik də, virus da həmişə olub, yenə olacaq”, – deyərək yoluxmaya başdansovdu yanaşanlar var. Operativ qərargah tərəfindən qoyulan qaydalara, tələblərə əməl edən azdır. Belə olmasaydı, koronavirus bəlası bu qədər insanı, ailəni çənginə almazdı.

Hazırda bəzi vətəndaşların qorun­ma qayda və tələblərinə məhz belə etinasızlığı səbəbindən yoluxma sayı nəinki azalmır, hətta çox sürətlə artır. Artıq xəstəxanalarda çarpayı qıtlığı var. Müharibədən çıxmış dövlətin bir çox xəstəxanalarına yaralılar yerləşdirilib. Onlara xüsusi diqqət və qayğı həkimlərimizin həm vicdan, həm insanlıq, həm də peşə borcudur. Belə olan halda COVID xəstələrinə xidmət edən tibbi personalın azlığı təbiidir. Yol xəstəxanaya qədər uzan­mamış, hər kəs öz başının çarəsini qılmalıdır. Bunun üçün isə hələlik qorunmadan başqa yol yoxdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi - elmi komitənin sədri, professor Akif Qurbanov deyib ki, vətəndaşlarımızın əksəriyyəti xəstəlik haqqında kifayət qədər məlumata malik deyillər. Belə ki, bir şəxs özündə soyuqlama, xəstələnmə halı hiss edən kimi dərhal xəstəxanaya müraciət edir. O, öz istəyi ilə kompüter tomoq­rafiyası və rentgen müayinələrindən keçir və nəticədə ağciyərlərinin təmiz olduğu müəyyənləşir. Həmin şəxs arxayınlaşır ki, ağciyərlərində problem yoxdursa, demək ki, tam sağlamdır.

Komitə sədri daha sonra deyib: “Hamı bilməlidir ki, koronavirusun fəsadlaşması ağciyərlərdə dəyişikliyə, pnevmoniyaya səbəb olur. Xəstəliyin əvvəllərində, ortasında, bəzən sonuna qədər ağciyərdə heç bir dəyişiklik görməyə bilərik. Bəzən hətta həkimlər düzgün olmayan istiqamətləndirmə aparırlar. İnsanların hərarəti olan kimi onların kompüter tomoqrafiyası və ya rentgen müayinəsindən keçməsini məsləhət görürlər. Nəticədə xəstə COVID – 19 - la xəstələnsə də, ağciyərlərində heç nə olmamasına görə arxayınlaşır. Hamı bilməlidir ki, koronavirusun diaqnozunda kompüter tomoqrafiyası və rentgen müayinələri köməkçi üsullardır, xəstəliyin deyil, fəsadlaşmaların diaqnozu üçündür. Xəstəliyin diaqnozu üçün PZR testinə ehtiyac var. Bu testi xəstə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini çağırdıqda onlar da götürürlər”.

Professor, həmçinin bildirib ki, virusa yoluxma şübhəsi olanlar sərbəst şəkildə müraciət edib testdən keçə bilərlər. Əgər testin cavabı müsbətdirsə, xəstəlik təsdiq olunur. Bundan sonra həmin şəxs evdə özünü təcrid etməli, iş yerinə məlumat verməli və işə getməməlidir. Əksər hallarda bu xəstəlik ya simptomsuz keçir, ya da yüngül soyuqdəymə halları ilə müşayiət olunur. Bu zaman da mütləq özünütəcrid qaydalarına əməl etmək lazımdır. Hazırda elə dövrdür ki, soyuqdəymə əlamətləri, qızdırma, öskürək müşahidə etsək, koronavirusdan şübhələnməli, infeksiya mənbəyi olub başqalarını yoluxdurmamağa çalışmalıyıq. Bunun üçün həkimə müraciət edib diaqnozu müəyyənləşdirmək olar”.

Vətəndaşlar bilməlidirlər ki, sadə dillə desək, koronavirus insanların bir yerə toplanmasını xoşlayır. O, kütləvi yerlərdə insanları yoluxduraraq xəstəliyin geniş yayılmasına səbəb olur. Belə getsə, şübhəsiz ki, sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yaranacaq. Buna görə də, çalışmaq lazımdır ki, sıx toplanma halları­nın qarşısı alınsın. Nə zaman sərt tədbirlər görülərsə, yayılmanın qarşısı o zaman alınacaq.

Tibb elmləri doktoru Adil Al­lahverdiyevin fikrincə də, hazırda Azərbaycanda daha ciddi tədbirlərin görülməsinə ehtiyac var, əks halda xəstəxanalarda xəstələrin müalicəsi üçün yer tapılmayacaq: “Səhiyyə sistemi həm koronavirus xəstələrinin, həm də müharibədə yaralanan əsgər və zabitlərin müalicəsi ilə məşğul olur. Həkimlərimiz də yorulublar. Düşünürəm ki, sərt karantin tədbirləri tətbiq olunmadan yoluxmanın qarşısı alınmayacaq. Yoluxma saylarını azalt­maq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var”.

Bununla belə, professor hər kəsi ən etibarlı vasitə kimi maskadan düzgün istifadəyə, sosial məsafə prinsiplərinə, əl gigiyenasına əməl etməyə, kütləvi toplanma yerlərindən bacardıqca uzaq olmağa səsləyib. O bildirib ki, koronavirusa ikinci dəfə yoluxma ehtimalı var və bu, dünyada da təsdiqini tapıb: “Öz təcrübəmizdə müşahidə etmişik ki, daha öncə yayda yoluxan insanlarda yenidən eyni əlamətlər qeydə alınır. Bəlkə də bir müddətdən sonra belə hallarla daha da sıx rastlaşacağıq. Korona­virusa yoluxub sağalan insanların qanında anticisimlər yaranır. Həmin anticisimlər həm yoluxmanın olub- olmadığını dəqiq göstərir, həm də bu xəstəliyə qarşı qoruyuculuqda əhəmiyyət kəsb edir.

Zamanla anticisimlərin miqdarı azalır və nəticədə virusa yoluxanlarla təmas yenidən yoluxmaya səbəb olur. Bu baxımdan qandakı anticisimlərin miqdarı çox önəmlidir. Bu, sadəcə kəmiyyət deyil, keyfiyyət cəhətindən də əhəmiyyət daşıyır”. Deməli, qanda anticisimlərin olmasına baxmayaraq, yenidən virusa yoluxma ehtimalı var. Belə ki, bu, insanın immun sistemi ilə əlaqədar olan bir məsələdir. Qripi təkrar olaraq keçirə biliriksə, koronavi­rusda da qoruyuculuq yaranmadığına görə, təkrar yoluxma mümkündür. Təkrar yoluxma zamanı onu yüngül və ya ağır keçirmək yenidən yolux­ma zamanı alınan virusun yükündən asılıdır. Hətta təkrar yoluxma zamanı xəstəliyi birinci dəfə müşahidə olundu­ğu kimi keçirmək mümkündür. Bu, in­sanın immun sistemindən və təmasda olduğu infeksiyadan asılıdır.

Həkim - infeksionist Vasif Əliyev bildirib ki, koronavirusun ən azı yaz aylarına qədər davam edəcəyi dəqiqdir: “Çünki kütləvi olaraq immu­nitet qazanılmadığı müddətdə bu viru­sun davam edəcəyi şübhəsizdir. Onun təkrar yoluxmasını da nəzərə alsaq, nə zaman bitəcəyini əvvəlcədən demək çox çətindir. Lakin koronavirus kütləvi peyvəndlə və ya gələcəkdə onun vilurentliyinin azaldılması, virus mutasiyaya uğrayıb daha yüngül formada keçdikdən, mortallığı, yəni ölümcüllüyü minimuma endikdən sonra onu sonlandırmağa nail ola bilərik. Lakin virus hələ uzun müddət yoluxdurmağa davam edəcək”.

Mütəxəssis deyib ki, hazırda virusa yoluxmamağın yeganə yolu maskadan doğru istifadə etmək, kütləvi tədbirlərə zəruri deyilsə, ümumiyyətlə, qatılmamaq, gigiyena qaydalarına əməl etməkdir. Burada da həmrəylik göstərmək lazımdır. Dövlət tərəfindən atılan addımlar­la yanaşı, vətəndaş həmrəyliyi də lazımdır. İctimai qınaq da olmalıdır, ətrafımızda maska taxmayan və doğru istifadə etməyənlərə öz ira­dımızı bildirməliyik. Əgər həmrəylik göstərməsək, qoyulan qayda - qa­nunlara əməl etməsək, o zaman virusun yayılma sürəti daha da arta bilər. “Tendensiya yüksəlməyə doğru gedir. Baxmayaraq ki, maskadan istifadə tələbi daha da ciddiləşdirildi, düşünürəm ki, virusa yoluxma halları daha da artacaq”.

Cəmiyyətdə elə bir insan yoxdur ki, onun qohumları arasında koro­navirusa yoluxan olmasın. Bəlkə də yoluxan olsa belə, xəstəliyi yüngül for­mada keçirdiyinə görə COVID–19-a adi yanaşanlar var. Bu qədər yolux­ma halı ölkənin səhiyyəsinə də çox böyük zərbə vurur. Baxmayaraq ki, yeni xəstəxanalar açılır, həkimlər göndərilir, ancaq gələcəkdə bu yükün altından çıxmaq çox çətin ola bilər. Ona görə də vətəndaşlar qoyulan qaydalara ciddi əməl etməlidirlər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

5 Dekabr 2020 00:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə