Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci ilin sonunadək dünya əhalisinin 15 faizi “5G”dən istifadə edəcək

“Hi-tech-news” portalının məlumatına görə, “Ericsson” şirkətinin mütəxəssisləri beşinci nəsil mobil rabitə şəbəkəsini (“5G”) ən sürətli inkişaf edən texnologiya adlandırıb. Ekspertlər bildiriblər ki, hazırda dünyada 106 kommersiya “5G” şəbəkəsi fəaliyyət göstərir. Bu, cari ilin sonunadək “5G” şəbəkəsində 220 milyon qoşulmaya nail olmağa imkan verəcək. 2020-ci ilin yekunları üzrə “5G” texnologiyasından 1 milyard insan (planet əhalisinin 15 faizi) istifadə edəcək.

Qeyd olunur ki, hazır­da dünya üzrə bütün “5G” qoşulmalarının 80 faizi (175 milyon) Çin operatorlarının şəbəkələrinin payına düşür. Bundan başqa, Çinin mobil rabitə şəbəkələrində bütün qoşulmaların 11 faizini “5G” təşkil edir.

Məlumata görə, ikinci yeri dördfaizlik “5G” qoşulma payı ilə Şimali Amerika tutur. Ya­xın illərdə məhz Şimali Ame­rika nüfuzetmə səviyyəsinə görə lider olacaq. 2026-cı ildə mobil qoşulmaların 80 faizi “5G” şəbəkələrində olacaq. Avropada “5G” tex­nologiyaları regionun mobil rabitə şəbəkələrində bütün qoşulmaların 1 faizini təşkil edir. Bu, 2020-ci il ərzində eyni anda bir neçə ölkənin şəbəkələrin qurulması üçün lazım olan tezliklərin ayrılması üzrə hərracların keçirilməsini təxirə salması ilə əlaqədardır.

Mütəxəssislərin fikrincə, ümumilikdə, koronavirus pandemiyasına baxmaya­raq, “5G” texnologiyaları gözlənildiyindən daha sürətli inkişaf edir.

“Ericsson” şirkətinin proqnozuna görə, operator­lar “5G” şəbəkələrini aktiv qurmaqda davam edəcək və 2026-cı ildə onlar dünya əhalisinin 60 faizini əhatə etməklə qoşulmaların sayı 3,5 milyarda çatacaq.

“Ericsson” şirkətinin bir müddət əvvəlki proqno­zuna görə, 10 ildən sonra “5G” xidmətləri operatorlara 131 milyard dollar qazanc gətirəcək.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

5 Dekabr 2020 00:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə