Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğal altında olmuş ərazilərimizdə ekoloji fəlakət törədilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət faktlarını müəyyənləşdirib. Nadir ağac və bitki növləri, o cümlədən çinar və şam meşələri məhv edilib. Vəhşi heyvanlara belə rəhm edilməyib.
İşğaldan azad olunmuş ərazilərimizdə erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanması, meşələrimizin qırılması, regionun ekoloji tarazlığının pozulmasına ciddi təsir göstərmişdir.
Bu ərazilər tanınmaz hala salınıb. Döyüş mövqelərində qazılan səngərlər, gündən-günə genişləndirilən əlavə yollar, oyuq və sığınacaq yerləri, mühəndis-istehkam qurğularının inşası bu ekoloji fəlakətin sərhədlərini daha da genişləndirib, torpaq quruluşunda baş verən müəyyən dəyişikliklər isə yağışlı-yağmurlu havalarda sürüşmələrə və erroziyalara gətirib çıxarmışdır. 
Beyləqan–Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yerləşdiyi döyüş mövqelərində və təmas xətlərindəki binalar və yaşayış məntəqələri işğalçılar tərəfindən sökülərək yanacaq və tikinti materialları kimi istifadə edilmışdir. İşğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu” təbii mineral suyu Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən qablara doldurularaq, üzərində isə Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla, adıçəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılmışdır. Kəlbəcərin işğaldan azad olunduğu son günlərin televiziya vasitəsilə yayımlanan verilişlərində aydın hiss etmək olurdu ki, düşmənlər burada evləri, meşələri yandırır, ekoloji terror törədirdilər. 
Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas elementlərindən idi. 
Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə və bütövlükdə, regionun ekoloji durumuna güclü təsir göstərmişdir.
“Qafqaz” Regional Ekoloji Mərkəzinin rəhbəri Mələk Şükürova bildirib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. Hazırda işğaldan yeni azad edilmiş yerlərdə bu vandalizmin miqyasını hələ hesablamaq mümkün olmayıb. Amma həmin ərazilərdə aparılan monitorinqlərdən sonra onun miqyasını qiymətləndirmək mümkün olacaq. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilmişdir. 
Döyüşlər zamanı ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə edirdilər. Bu bombaların düşdüyü ərazidə hər şey məhv olurdu. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən, 110 min hektar ərazi sıradan çıxmışdır. Əfsuslar olsun ki, ərazilərin məhv edilməsi prosesi indi də davam etməkdədir. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurmuşdur. 
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə ekoloji fəlakətin qarşısının alınması istiqamətində işlərə rəvac verilmişdir. İşğaldan yenicə azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, ümumilikdə, 2000-dək müxtəlif növ ağac əkilib, 100 kiloqramdan artıq palıd və digər meşə ağaclarının toxumları səpilib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda davam etdirilmişdir. Nazir müavini əlavə edib ki, ümumiyyətlə, işğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri davam etdiriləcək.
ETSN-in əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə hər kəs böyük ruh yüksəkliyi və qələbə sevinci ilə öz töhfəsini verməyə çalışır. 
Təqdim etdi:
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

3 Dekabr 2020 00:29 - EKOLOGİYA
EKOLOGİYA
22 Yanvar 2021 | 02:59
Əksər yerlərə qar yağıb

Köhnə versiyamızdan xəbərləri izlə