Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tövsiyələrə əməl etməklə özümüzü və ailəmizi virusdan qoruya bilərik

Qış mövsümü yoluxma sayının artmasına xeyli təsir göstərir. Son dövrlərdə COVID – 19 - la bağlı yeni elmi biliklər ortaya çıxıb. Məlum olub ki, bu virus özünü yaşatmaq üçün bioloji xüsusiyyətini dəyişə bilir. Virusa qarşı bədənin immun sistemi tərəfindən “interferon tip I” deyilən və virusun məhv edilməsində mühüm rol oynayan sitokin sintezlənmiş olur. Məlum olub ki, xəstələnənlərin 10 faizində autoimmun xəstəlik meydana gəlir. Yəni, proteinin özünə qarşı vücud anticisim sintezləmiş olur. Anticisim proteinlə birləşib onu neytrallaşdırır, yəni virusu öldürəcək interferon proteinini aradan qaldırır. O da məlum olub ki, əhalinin 4 faizində genetik olaraq həmin interferonun çatışmazlığı mövcuddur. Yəni, həmin şəxslərdə anadangəlmə interferon sintezlənmir. Onlar da koronavirusa yoluxanda xəstəliyi ağır keçirirlər. Bu, çox ciddi bir məsələdir. Çünki ən yaxşı vaksin hazırlansa belə, həmin 14 faizə müsbət təsir göstərməyəcək. Son məlumatlara görə, vaksinasiya olunanlarda virusun olmayacağını demək düzgün deyil. Peyvənd olunacaq insanlar virusu daşıyacaqlar. Özlərinin sağlamlığı üçün təhlükə olmasa da, infeksiyanın yayılmasında rol oynayacaqlar. 
Azərbaycan Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib ki, dörd – altı aydan sonra insan bədənində virusa qarşı meydana gələn anticisimlərin miqdarı azalır, onlar ikinci, bəzən də üçüncü dəfə xəstələnə bilirlər: “Onların həqiqətən də təkrar xəstələnməsi sual altındadır. Bəlkə də anticisimlər virusu basdıraraq onun aktivliyinin qarşısını alır. Virus bu müddətdə vəziyyətdən çıxmağa çalışır. Şərait yaranan kimi, aktivləşib xəstəliyin inkişafına səbəb ola bilər. Ona görə də ya təkrar xəstələnmə ola bilər, ya da vücudun immun sisteminin, qəbul edilən bəzi dərman preparatlarının təsirindən aktivliyini itirib şərait yarananda ortaya çıxa bilər. Epidemioloji vəziyyət getdikcə ağırlaşır. Yaxın zamanlarda əlimizdə vaksin də olsa, bu xəstəliyin tamamilə yox edilməsi demək deyil. Ona görə də, maskanı düzgün taxmalı, əl gigiyenasına və sosial məsafə prinsiplərinə mütləq əməl etməliyik”.
Onun sözlərinə görə, indiyədək uşaqlar risk qrupuna daxil edilməyiblər. Belə ki, onlarda xəstəlik ya müşahidə edilmirdi, ya da az rast gəlinirdi: Genişmiqyaslı tədqiqatlar göstərir ki, genetik olaraq mutasiya varsa, uşaqların bədənində immun hüceyrələri tərəfindən interferon sintezlənmirsə, onların başqa xəstəlikləri olmasa belə, virusla xəstələnə bilirlər. Ona görə də hər zaman qorunma tədbirlərinə əməl olunmalıdır.
Qeyd etməliyik ki, infeksion xəstəliklərə qarşı mübarizədə vaksinasiya əsas şərtlərdən biridir. A.Allahverdiyev deyib ki, vaksinlərin yaşlı qrupda nə nəticə verəcəyi bəlli deyil. Koronavirus nanovirusdur. Onun ölçüsü 100 nanometr və ondan kiçikdir. Onların bu ölçüləri hər an nəyin isə dəyişmələrinə yol açır. Peyvəndləmədən sonra virusun özünü necə göstərəcəyi məlum deyil. Virus ya mutasiyaya uğraya, ya da yaranmış anticisimdən özünü qorumaq üçün başqa bir sistemini ortaya ata bilər.
Direktor, həmçinin qeyd edib ki, ölkəmizdə ötən müddət ərzində xeyli təcrübə qazanılıb. İndi əsas məsələ vətəndaşların bunu başa düşərək tövsiyələri yerinə yetirmələridir. Vaksin olsa belə, məsələ tam həll edilməyə bilər. Ona görə də sosial məsafə saxlanılmasına, maska istifadəsinə və gigiyena qaydalarına əməl olunmasına diqqət yetirilməlidir.
Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyyələri qulaqardına vururlar. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov mövcud vəziyyət barədə danışarkən deyib ki, hazırda bütün dünyada dolaşan yeni koronavirus adlı kabus milyonlarla insanın xəstələnməsinə, milyon yarımadək insanın isə həyatını itirməsinə bais olub: “Bir çox ölkələrdə vəziyyət acınacaqlıdır. Pandemiya ölkəmizdən də yan keçməyib. Təəssüflə qeyd etmək istəyirəm ki, son vaxtlarda aparılan kompleks əks-epidemik tədbirlərə baxmayaraq, yoluxma halları sürətlə artaraq yüksək həddə çatıb. Bu hal insanların sağlamlıq durumuna mənfi təsir göstərməklə yanaşı, səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən bizlərin bu təhlükəyə nə cür münasibət bəsləməyimizdən, tövsiyə olunan karantin qaydalarına necə əməl etməyimizdən çox asılıdır.
Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Gəlin bu sadə, lakin effektiv qaydalara əməl etməklə özümüzü, yaxınlarımızı qoruyaq, problemlə birgə mübarizə aparaq. Buna öz nizam - intizamımız ilə nail olaq. Yalnız kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyələrdən biri də insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bunlardan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək – birlikdə güclü olaq! Koronavirusa qalib gələk! Ətrafa çıxışımızı elə planlaşdıraq ki, virusun potensial gəzdiricisi ilə lazımsız təmasda ­olmayaq. Ərzaq bazarlığımızı həftəlik edək, yaxınlarımız və doğmalarımızla açıq məkanlarda görüşək. İctimai nəqliyyatda ağzımızı və burnumuzu örtək. Əhalinin kütləvi toplaşdığı yerlərə lüzumsuz getməyək, kampaniya ilə toplaşmayaq. Havaların artıq soyuq keçməsi ilə əlaqədar bağlı məkanlarda daha çox olsaq da otaqların tez-tez havalandırılmasını yaddan çıxarmayaq”.
Baş infeksionist deyib ki, hazırda kəskin respirator virus infeksiyalarının da mövsümü artımı müşahidə olunur. Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən, xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Ona görə də özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzginlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətləri hiss edən şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır: “Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yaza bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərilmə barədə düzgün qərar verə bilər. Əks halda çox ağır, hətta ölümcül fəsadlarla üzləşə bilərik. Ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir və bəzi hallarda effektsiz ola bilər. Evdə müalicə olunan yüngül xəstələrə effektivliyi sübut olunmamış müxtəlif preparatların, antibiotik və hormonal dərmanların istifadəsi qəti qadağandır. Bu vasitələrdən düzgün istifadə olunmadığı hallarda nəinki xeyir vermir, əksinə, xəstəyə zərər vuraraq vəziyyəti bir qədər də pisləşdirir. Özünümüalicə ağırlaşmalara və onun gec aşkar olunmasına şərait yaradır. Bu hallarda gecikmiş hospitalizasiyanın nəticəsi faciəvi ola bilər”.
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi ­COVID – 19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Baş infeksionist tövsiyə edir ki, yalnız qaydalara əməl etməklə özümüzü və doğmalarımızı qoruya bilərik. Gəlin, biz də öz növbəmizdə tövsiyələri dinləyək, həyatımızı lazımsız riskə atmayaq, özümüzü narahat hiss etdikdə, gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edək, sağlamlığımızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edək. 
Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

3 Dekabr 2020 00:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə