Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO Türkiyə və Yunanıstan arasında dialoqa kömək etməyə hazırdır

NATO Türkiyə və Yunanıstan arasında münaqişənin həlli ilə bağlı mövcud mexanizmi gücləndirmək və Şərqi Aralıq dənizində bu iki ölkənin hərbi qüvvələri arasında arzuolunmaz insidentlər və toqquşmalar riskini azaltmaq üzərində işləyir. Bu barədə alyansın Baş katibi Yens Stoltenberq bəyan edib. Məlumatı “Anadolu” verib. 
Stoltenberq NATO ölkələri XİN başçılarının videoiclasında bildirib: “Mexanizm yaradılıb və işləyir. Qarşılıqlı informasiya mübadiləsi aparılır, əlaqə kanalları açıqdır. Mən hər iki ölkənin xarici işlər nazirlərinə bildirmişəm ki, bu mexanizmi NATO çərçivəsində daha da gücləndirməyə hazıram. Biz bunu edə bilərik, çünki burada, NATO-da hər gün görüşürük”. 
Baş katib xatırladıb ki, bir müddət əvvəl Ankara və Afina gərginliyi azaltmaq üçün Şərqi Aralıq dənizində oktyabrın axırına planlaşdırdıqları hərbi təlimləri ləğv ediblər: “Biz ləğv ediləcək təlimlərin sayını artıra bilərik. Mümkün coğrafi məhdudiyyətlər müəyyənləşdirilə bilər. Bunun üçün müxtəlif imkanlar mövcuddur. Ancaq bütün bunlar siyasi iradə tələb edir”.
NATO rəsmisi, eyni zamanda, Almaniyanın Türkiyə və Yunanıstan arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün irəli sürdüyü təşəbbüsü bəyəndiyini qeyd edib. Bununla yanaşı, o deyib ki, Şimali Atlantika alyansı çərçivəsində yaradılmış mexanizm bu səylərə də kömək edə bilər. 
Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy da bəyan edib ki, Ankara lap əvvəldən hər hansı ilkin şərt olmadan Afina ilə dialoqa hazır olduğunu bildirib: “Yunanıstanla danışıqların bərpası üzrə razılaşma, ümumilikdə, əldə olunub. Bununla belə, görüşün vaxtı ilə bağlı hələ də dəqiqləşmə aparılır. Çünki Yunanıstan “Orus Rəis”in işini bəhanə edərək, bir addım geri atıb”.
Onun sözlərinə görə, Ankaranın mövqeyində heç bir dəyişiklik yoxdur: “Biz yenə də fikir ayrılıqlarını aradan qaldırmaq üçün dialoqa hazırıq”.  
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

3 Dekabr 2020 00:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu
21 Yanvar 2021 | 11:28
20 Yanvar...

Köhnə versiyamızdan xəbərləri izlə