Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Allah xalqımızı COVID bəlasından qorusun

Dəyərli dostlar, hal - hazırda pandemiya çox sürətlə artır. Vətəndaşlarımız bəzən elə hesab edirlər ki, yüksək temperatur varsa, öskürək, boğaz ağrısı və s. bu kimi əlamətlər hiss olunursa,  yalnız belə xəstələr COVID – 19 – a yoluxublar. Bu, heç də belə deyil. Bəzən elə təsadüflər olur ki, insanda heç bir kliniki əlamət yoxdur, laborator müyainədən keçəndə isə məlum olur ki, bu şəxs aktiv koronavirus daşıyıcısıdır. Həmin şəxs bu xəstəliyi yüngül əzələ ağrısı, yorğunluq hissi ilə asimptomatik,  ayaqüstü keçirir.

Belə daşıyıcılar hazırkı dövrdə işdə, avtobusda və yaxud, hara gedirsə, harada, hansı şəraitdə olmasından asılı olmayaraq, adi maskanı çənəsindən asırsa, demək olar ki, o, gün ərzində adi burun tənəffüsü vasitəsilə yüzlərcə insanı yoluxdurur. Şərt deyil ki, həmin şəxs öskürsün, yaxud da, asqırsın. Bunun üçün tövsiyə olunur ki, vətəndaşlar test yoxlamasından keçsinlər.

1. Bütün təşkilatlarda, müəssisələrdə, ümumiyyətlə, fəaliyyətdə olan iş yerlərində 2 həftədən bir koronavirusa görə test verilməlidir.

2. Eyni zamanda, açıq havada gün ərzində ən azı 1saat olmaq lazımdır. Bu müddətdə hər hansı parkda skamyada oturmaqdansa, 5 kilometr məsafə qət etmək məsləhətdir. Təmkinlə, aramla, yeriş zamanı alınan oksigen ağciyərlərin fəaliyyətinə kömək edir.

3. Düzgün qidalanma, idman, normal yuxu rejimi immun sistemini gücləndirəcək, bu xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək.

4. Çalışın, çox insanla kontaktda olmayın, olsanız da, maskadan düzgün istifadə edin. Maskanı gün ərzində 3 -- 4 dəfə dəyişmək lazımdır, çünki avtobusda sizin bilmədiyiniz nə qədər koronavirus daşıyıcısı var. Eləcə də marketdə, işdə nə qədər virus daşıyıcısı ilə təmas qurulur...

Evə gələn dayələr və sürücü mütləq testdən keçsin.

5. Qəti surətdə ad günləri, yas və bu kimi toplantı yerlərinə getməyin. “Kiminsə xətrinə dəyər, kimsə inciyər”,-- söhbətlərini unudun. Qəti surətdə, əgər kimsə cahillik edib insanları toplayıb tədbir edirsə, çox böyük səhv edir.

Elə insanlar var ki xəstəliyi çox ağır keçirir, belələrinin damarlarında tromb olarsa, belə insanlar anidən həyatını itirə bilərlər. Özünüzü və ətrafınızı təhlükəyə atmayın!

6. Əgər özünüzdə halsızlıq,əzələ ağrısı və s varsa dərhal müayinədən keçin!

7. Erkən diaqnoz, erkən virus aşkarlanması tez sağalma deməkdir.

Onu da qeyd etmək yerinə düşər ki, insanlar arasında özünümüalicəyə meyil indi daha çox artıb. Çoxları virusa aid sadalanan əlamətlərdən birini və ya bir neçəsini özündə hiss etdikdə, internetdən aldığı məlumatlar, xəstələnib sağalan şəxslərdən eşitdiyi dərmanlarla müalicəyə başlayırlar. Bu, qətiyyən yolverilməzdir. Virusa yoluxub – yoluxmadığını bilmədən kortəbii şəkildə virus əleyhinə dərmanlar qəbul etmək olmaz! Profilaktika məqsədilə də bu dərmanların qəbulu yolverilməzdir.

Adları indi daha çox səsləndirilən Arbidol ,Tamiflyu, Erqoferon və s. dərmanları sağlam insanların qəbul etməsi düzgün deyil. Tədqiqatçılar bildirirlər ki, antiviral dərmanlarla profilaktik müalicə, bir insanın COVID -- 19 virusuna yoluxmayacağına zəmanət vermir.  Bu cür dərmanlar  insan  xəstə olduqda istifadə oluna bilər. Virus əleyhinə dərmanlar yalniz yoluxma olduqdan sonra effektiv ola bilər. Koronavirusun qarşısının alınması üçün mühüm tövsiyələr var: ciddi gigiyena, sabunla tez - tez əl yumaq, dezinfeksiyaedici maddələrdən və tibbi maskalardan istifadə, eyni zamanda, insanlar arasında ara məsafəsinin saxlanılmasına əməl etmək. Ən əsası – immuniteti gücləndirmək, çünki güclü immunitetin olması insanı bir çox infeksiyalardan, o cümlədən koronavirusdan da qoruya bilər. Bu baxımdan immuniteti artıran xalq təbabətindən --  məsələn, tərkibində vitaminlər və immunostimulyatorlar çox olan qidalar istifadə  etmək tövsiyə edilir. Mövsümə uyğun nar suyunun qəbulu faydalıdır. Rusiyanın məşhur “Jit zdorovo” verilişində aparıcı həkimlər bizim yapon xurması dediyimiz xurmanın koronavirusa qarşı effektiv olduğunu açıqlayıb. İndi həmin xurmanın mövsümüdür, bol – bol istifadə etmək olar. Ümumiyyətlə, tərkibində C vitamini olan meyvə və tərəvəzlərə üstünlük verməklə, immunitetimizin düşməsinin qarşısını ala bilərik. Bununla da özümüzü virusdan qoruyarıq.

Allah xalqımızı Vətən müharibəsindəki qələbə ilə sevindirdi.

Çalışaq ki, COVID-19  bəlası da yox olsun.

Yazgül ABDIYEVA,
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri

3 Dekabr 2020 11:30 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə