Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib

Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycanın ən yeni siyasi tarixinin daha bir mərhələsi arxada qaldı. Müqayisəli təhlil aparsaq görəcəyik ki, sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmisi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı. Ona görə də 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi elə bir mühüm hadisədir ki, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni, uzun illərdir davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ birdəfəlik və heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlub edilmiş xalq statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi, milli birliyin və bərabərliyin simvoluna çevrildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Ancaq bunlar da məsələnin hamısı deyil. Sovet İttifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Vaxtilə dünya siyasətinin fərqli qütblərində yer alan qonşu dövlətlərin maraqlarını qarşılıqlı şəkildə bir araya gətirərək və milli maraqlarımızla uzlaşdıraraq regionda Türkiyə-Rusiya əməkdaşlığının fundamental əsaslarını formalaşdırdı.

Deputat bildirib ki, ölkəmiz böyük bir strateji regionda yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən etdi. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc mərkəzlərinin bir çoxu, sadəcə olaraq, hadisələri kənardan izlədilər və ona əsla müdaxilə edə bilmədilər. Halbuki biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq.

Beləliklə, hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib. Bu reallığı yaradan Prezident İlham Əliyev Laçın rayonun işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciət edərkən bir sıra mühüm məsələlərə toxundu. O cümlədən milli iradəmizə qarşı addım atmaq niyyətində olanlara yenə sərt ismarıclar göndərdi: “Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz”. Bu fikirlər bir daha Azərbaycanın qətiyyətini, milli iradəsini göstərməklə, eyni zamanda, hələ də yaranmış yeni reallığı həzm etməyən, onu pozmaq istəyənlərin olduğunu göstərir. Ancaq bütün bunlar şübhəsiz ki, yeni reallığı dəyişə bilməz və hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir.

“Prezident İlham Əliyev yeni mərhələdən danışarkən bildirdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır - yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik və güclü iradə nümayiş etdirəcək. Hamımız inanırıq ki, erməni vəhşiləri tərəfindən dağıdılan, talan edilən kəndlərimiz, şəhərlərimiz ən qısa zamanda bərpa edilərək, məskunlaşdırılacaq, insanlarımız öz doğma yurdlarında firavan yaşayacaqlar”, - deyə Hikmət Babaoğlu qeyd edib.

2 Dekabr 2020 20:10 -

Köhnə versiyamızdan xəbərləri izlə