Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycanda səfir təyin olunması münasibətilə Amanullah Ceyhunu təbrik edən nazir Ceyhun Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib. Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Səfir Amanullah Ceyhun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Səfir Əfqanıstanın Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Əfqanıstan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

2 Dekabr 2020 20:08 -

Köhnə versiyamızdan xəbərləri izlə