Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: 30 ilə yaxın müddətdə “qalib” ədası ilə lovğalanan Ermənistanın çöküşü qaçılmazdır

Laçın rayonu işğaldan azad olundu. Düşmənin Laçından çıxması üçün hərbi və siyasi əsasları yaradan dövlətimizə və Ordumuza minnətdarıq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkürlərimizi bildiririk.

İstənilən yaşayış məntəqəmizin, hər qarış torpağımızın düşmən tapdağından azad olunması bizim üçün çox dəyərlidir. Vətən torpağının hər qarışı qiymətlidir və biz onun uğrunda ölümü gözümüzə aldıq. Biz bu sözlərin həqiqət olduğunu 44 günlük müharibədə sübut etdik. Sirr deyil ki, Laçın rayonu Qarabağ müharibəsində müstəsna əhəmiyyətə malik idi. Prezident İlham Əliyev də vurğuladığı kimi, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı məsələ diqqətçəkən olub. Bəzi Qərb dairələrinin qarşı tərəfi dəstəkləməsi onlara qol-qanad verirdi. Məhz bu səbəbdən Laçın rayonunda çox ciddi məskunlaşdırma siyasəti aparılırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Deputat qeyd edib ki, Laçında Azərbaycan Bayrağının qaldırılması, Azərbaycanın Dövlət Himninin oxunması erməni cəmiyyətinə çox böyük zərbədir. Öz işğalçılıq siyasətinin əbədi davam etdirəcəyinə arxayın olan Ermənistan hərbi-siyasi rəhbərliyi son günə, son saatadək “bəlkə də qaytardılar” xülyası ilə yaşayırdı. Ömürboyu intriqa mövqeyi nümayiş etdirən ermənilərin burnu əzildi. Biz onlara əzəmətimizi, gücümüzü göstərdik və sübut etdik ki, bizə xəyanət etməklə böyük səhvə yol veriblər. Düşünürəm ki, Ermənistanda daxili çəkişmələr bundan sonra daha da güclənəcək. Qarabağ ermənisi, yerli erməni kimi ifadələr daha çox işlənəcək. Bir sözlə, onlar daxildən bir-birini yeyib didəcəklər. Mənzərə isə belədir : uğursuz dövlət, əsassız iddialar, aldadılmış cəmiyyət və sonda acı məğlubiyyət. Budur, uzun illər bizə məğlubiyyətlə barışmağı “diktə edən” Ermənistanın reallığı. 30 ilə yaxın “qalib” ədası ilə lovğalanan, özünü üstün tərəf kimi təqdim etməyə cəhd göstərən Ermənistanın çöküşü qaçılmazdır. Düşünürəm ki, Laçının azad edilməsi Ermənistanın saxta təbliğat maşınının olan-qalan hissələrini də sıradan çıxardı. Ermənistanın işğalçılıq siyasəti başa çatdı.

Mədəniyyət komitəsinin sədrinin sözlərinə görə, 44 günlük müharibənin iştirakçısı olmuş erməni generallarının və əsgərlərinin etiraflarından müəyyən etmək mümkündür ki, düşmən silahlı qüvvələrinin 80 faizi sıradan çıxarılıb. Qarşı tərəf heyət, texnika və psixoloji baxımından ciddi ziyan çəkdi. Ermənistanın özünə gəlməsi üçün illər lazım olacaq.

“Azərbaycanın Silahlı Qüvvələrinin Laçına daxil olması bir dövrün başa çatması, yeni bir dönəmin başlanmasının təzahürüdür. Qondarma rejimə dövlət statusu qazandırmaq istəyən Ermənistan artıq öz başının çarəsinə baxmalıdır. Hərçənd özünü dolandırmaq üçün resurslardan məhrumdur. İşğal altındakı torpaqlardan illər uzunu daşıdığı taxıl, üzüm və digər qiymətli sərvətlər – mineral sular, qızıl və sair artıq Ermənistanın əlindən çıxıb. Bundan əlavə, işğalçı ölkə Azərbaycana vurduğu ziyana görə təzminat ödəməlidir. Xarici borcu dövlət büdcəsindən çox olan kasıb və məğlub bir ölkənin- Ermənistanın taleyi sual altındadır”, - deyə Qənirə Paşayeva fikirlərini tamamlayıb.

2 Dekabr 2020 19:57 -

Köhnə versiyamızdan xəbərləri izlə