Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun” deyəcəm

Torpaqlar qayıdır, Laçına gedəcəm... Demək olar ki, beynimdə ancaq bu sözlər səslənir. Sevinirəm, amma utanıram bu sevinc üçün, ürəkdolusu sevinə bilmirəm. Şəhidlərimizin ruhu qarşısında utanıram, onların ailələrinin göz yaşları qarşısında utanıram, qazilərimizdən utanıram... Bu sevincə görə bağışlasın bizi şəhid anaları, şəhid ataları, şəhid qardaş-bacıları... Haqqınızı halal edin -- deyirəm ürəyimdə təkrar-təkrar...

Laçın mənimçün nədir? Azərbaycana məxsus olan torpaqdır Laçın! Düşmənə qalmadığı üçün sevinirəm. Özümüzün olan özümüzə qayıtdığı üçün sevinirəm. Laçınlı ruhlar azad olduğu üçün sevinirəm. Viran qalmış torpaqlarımız gözəlləşəcək, insanları yenidən qürurlanacaq, yerə-göyə sığmayacaq. Hə, qürurumuz yerinə qayıdacaq. Kişilər çiyinlərinə əyilmiş başlarını dikəldə biləcəklər. Ən çox da şəhid ailələri qürurlanacaq.  Axı o şəhid bütün Azərbaycanın şəhididir. Axı o şəhidin qələbəsinin qalibləriyik...

Etiraf edim ki, mənim üçün bütün bu qələbələr möcüzə kimi gəldi. Hər dəfə İrəvanın necə Ermənistan olduğunu düşünəndə ürəyimin dərinliyində “vəssalam, bu torpaqlarımız da getdi, itirdik” təəssüfü keçirdi, dərinliyinə vardıqca ürəyim sıxılırdı. Bu gün isə o düşüncələrimə gülürəm və sevinirəm ki, yaxşı ki, yanıldım...

İndi qalır Laçına getmək... Orta məktəb uşaqları ilə 1941-1945 – ci il abidəsində görüş vədimiz vardı, qismət 28 illik həsrətdən sonrayaymış demək... Orda atam olmayacaq, nənəm olmayacaq, əmilərim, əmim oğlanları olmayacaq, amma əminəm ki, ruhları bizimlə bərabər gəzişəcək, bizimlə bərabər sevinəcək...

Yadımdadır ki, Laçından çıxanda gecə qapıda oturub o tay dediyimiz dağlardakı evlərə baxırdım. Qulaqlarımda “bəlkə bu yerlərə bir də gəlmədim, duman, salamat qal, dağ, salamat qal” səslənirdi. Laşından çıxanadək bu mahnı məni tərk etmədi. Əmin idim ki, neçə-neçə mənim kimilər bu mahnını eşidib qulaqlarında...

Sevinirəm... Sevinirəm ki, Laçına gedəndə yolboyu “bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun” deyəcəm. 28 illik göz yaşımın nöqtəsini Laçında hönkürməklə qoyacam. Bu hönkürtü mənim uşaqlığımı qaytaracaq, sağlamlığımı qaytaracaq, qürurumu qaytaracaq, özümü qaytaracaq!.. Əslində, dekabrın 1- də laçınlılar özlərinə qayıdacaqlar, özlərini tapacaqlar... Mən Laçında evimizə gedəcəm, sonra məktəbimizə, sonra kəndimizə gedəcəm, Qızılqayanı görmək üçün...

Laçına gedişimi hər təsəvvürümdə canlandıranda elə ağlayıram ki... Bu, son iki ay, demək olar ki, gözümün yaşı qurumur. Bu qədər ağlağan olduğumu bilməzdim...

Arzu ZEYNALLI,
Laçından olan sabiq məcburi köçkün, jurnalist

2 Dekabr 2020 16:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə