Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirin informasiya agentliyi Prezident İlham Əliyevin xalqa müraciəti haqqında məqalə yayıb

Misirin ”Asiaelyoum” informasiya agentliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti barədə məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, agentliyin baş redaktoru Əbubəkr Əl-Məcdin müəllifi olduğu məqalədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Bəyanatdan sonra ermənilərin işğalı altında olmuş son rayon olan Laçına Azərbaycan Ordusunun daxil olduğu qeyd edilib. Prezident İlham Əliyev bu münasibətlə öz xalqını, o cümlədən laçınlıları təbrik edib.

Müəllif diqqətə çatdırıb ki, 30 ilə yaxın işğal altında qalan Laçında insanların öz doğma evlərinə qayıtması və dağıdılmış yaşayış məntəqələrinin bərpası Prezident İlham Əliyevin müraciətində əsas məqamlardan biri olub. Azərbaycanın dövlət başçısı 1800 kvadratkilometr ərazisi olan Laçının zəngin təbiəti, tarixi abidələri və yeraltı sərvətləri olduğunu, onun ölkənin gələcək inkişaf işlərində mühüm rol oynayacağını deyib. O əlavə edib ki, əhalisi 80 min nəfərə çatan bu rayonun sakinlərinin öz doğma yurdlarına qaytarılması əsas vəzifələrdən biri olacaq. Bu məqsədlə ermənilər tərəfindən dağılmış infrastrukturun, sökülmüş binaların bərpası üçün müvafiq dövlət qurumu yaradılıb və bu işlərin hamısı koordinasiya şəraitində aparılacaq. Artıq Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılıb, Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisinə başlanılıb.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad edilən Laçın rayonunda 22 min hektar, Kəlbəcərdə 24 min hektar, Zəngilan və Qubadlıda 12 min hektar meşə sahələrinin olduğunu, Azərbaycanın bu sərvətlərinin 30 il ərzində mənfur, vəhşi düşmən tərəfindən qırılıb, talanıb və yandırıldığını söyləyib. Onların bərpası da diqqət mərkəzində olacaq.

2 Dekabr 2020 09:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə