Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynanın baş naziri: Ankara Kiyevin mühüm strateji tərəfdaşıdır

Ukraynanın Baş naziri Denis Şmıqal iki gündür ki, rəsmi səfərlə Türkiyədədir. O, dünən Ankarada Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının təşəbbüsü ilə keçirilən “dəyirmi masa”da iştirak edərək, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri ilə bağlı çıxış edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ukrayna hökumətinin rəhbəri qeyd edib ki, onun ölkəsi Türkiyə ilə siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır və bu istiqamətdə səylərini artırmağa hazırdır. D.Şmıqalın sözlərinə görə, rəsmi Kiyev Anka­ranı özünün mühüm strateji tərəfdaşlarından biri hesab edir və yaxın gələcəkdə Türkiyə ilə hərtərəfli əlaqələrin dərinləşəcəyinə böyük ümid bəsləyir.

D.Şmıqal çıxışında sonra deyib: “Uk­rayna Türkiyə ilə birlikdə “böyümək”, inkişaf etmək və güclənmək istəyir. Hazırda bir çox istiqamətlərdə geniş perspektivlər açılmışdır. Bu imkanlardan mütləq bəhrələnmək lazım­dır”.

Baş nazir son aylar ərzində ölkəsində aparılan iqtisadi islahatlar barədə də danışıb. Qeyd edib ki, indi Ukraynada əlverişli inves­tisiya mühitinin yaradılması üçün konkret addımlar atılır, xüsusilə səhiyyə sahəsində müsbət dəyişikliklər baş verir. D.Şmıqal türkiyəli iş adamlarını Ukrayna iqtisadiyyatına daha çox sərmayə yatırmağa çağırıb.

Türkiyənin turizm sahəsində zəngin təcrübəsi də Ukraynada maraq doğu­rur. Türkiyə ilə Ukrayna arasında azad ticarət zonasının yaradılması məsələsi də gündəmdədir.

Yeri gəlmişkən, dünən Ukraynanın baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərlə görüşüb. Görünən budur ki, Türkiyə və Ukrayna hərtərəfli əməkdaşlığı genişləndirməyin yollarını arayır və bu istiqamətdə səylərini artırırlar.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

 

2 Dekabr 2020 04:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə