Ən son xəbərlər
Son günlər ölkəmizdə COVID-19 pandemiyasına yoluxanların artması cəmiyyətdə ciddi narahatlıq yaratmışdır. Dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda koronavirusa 4426 yeni yoluxma faktının qeydə alınması, 41 nəfərin COVID-19-dan vəfat etməsi əhalinin sağlamlığının qorunması, yoluxma tempinin azaldılması üçün daha sərt tədbirlər görməyi zəruri edir.
Sözsüz ki, son günlər yoluxma sayının getdikcə artmasının səbəbi bir sıra vətəndaşların müəyyən edilmiş qaydalara əməl etməməsi, bəzilərinin səhlənkarlığı ilə əlaqədardır. Təcrübə göstərir ki, hətta, koronavirusa yoluxmuş bir sıra sakinlər pandemiyanın yaratdığı təhlükəni tam dərk etmir, qaydaları pozaraq, yaşayış yerini tərk etməklə, təkcə, öz sağlamlıqlarını deyil, həm də ətrafdakı insanların da həyatını təhlükə altına atırlar. Son günlər bir sıra aidiyyatı qurumlar tərəfindən bu cür faktların müəyyən edilməsi halları artmışdır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ)və onun tabeliyindəki qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirlər görürlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq karantin qaydalarını kobud şəkildə pozması müəyyən edilib. Koronavirusa yoluxmuş həmin xəstənin Tovuz rayonuna getməsi aşkarlanıb və müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A. Abdullayeva yaşadığı evə göndərilib və onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Bundan başqa, ŞBPİ Nizami Rayon Polis şöbəsinin əməkdaşları da koronavirus infeksiyasına yoluxmuş şəhər sakini Ramil Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq mağazaya getməsini müəyyən ediblər. Bununla da şəhər sakini R.Məmmədov digər şəhər sakinlərinin sağlamlığını ciddi təhlükəyə atıb.
ŞBPİ-nin Kəpəz Rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində daha bir şəhər sakini Mehman Nəcəfovun yaşadığı ünvanı tərk etməsi, dostları ilə yaxın təmasda olması və beləliklə COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib.
Ev şəraitində koronavirusdan müalicə alan şəhər sakini, 1995-ci il təvəllüdlü İbrahimov Pirhüseyn Elbrus oğlu da qaydaları pozan şəxslər sırasındadır. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində onun da qanunsuz olaraq evi tərk etməsinə görə, barəsində Hacıqabul RPŞ-də Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Bunlar son günlər koronavirusa qarşı mübarizə çərçivəsində qaydaları pozaraq insanların həyatını təhlükə altına atan məsuliyyətsiz vətəndaşların sadəcə bir qismidir.
Bu cür hallarla bağlı istər hüquq-mühafizə orqanlarının nümayəndələri, istərsə də həkimlər çıxışlarında əhalini qaydalara əməl etməyə çağırır, qoruyucu maska taxmağı, sosial məsafəni gözləməyi dönə-dönə xatırladırlar. Xəstəliyə yoluxmuş şəxslərin məsuliyyətsiz davranışları isə daha çox insanın həyatını təhlükə altına qoyur. Odur ki, yoluxmuş şəxslərin bilərəkdən küçəyə çıxması, yaşayış yerini tərk etməsi faktları onların həm də cinayət məsuliyyəti daşıması məsələsini gündəmə gətirir. Bəli, müəyyən edilmiş qaydalar pozulursa, sözsüz ki, vətəndaş buna görə qanunvericiliyə görə, məsuliyyət daşıyır. Odur ki, mütəxəssislər yoluxma sayının artması ilə bağlı vəziyyətin daha da çətinləşəcəyindən narahatdırlar.
Həkim-infeksionist Nicat Əzimli bildirir ki, artıq uzun müddətdir ehtiyat etdiyimiz o çətin vəziyyət yaranmaq üzrədir, xəstəxanalarda koronavirus xəstələrinə görə boş yer yoxdur. Onun sözlərinə görə, bu gün insanların bir çoxu müalicəni evdə almalı olur.
Həkim bildirir ki, insanlar koronavirus pandemiyasını ciddiyə almalıdırlar və ondan qorunmağın ən effektiv yolu isə qaydalara əməl etməkdir: “Mövsümi xəstəliklərdə olduğu kimi, koronavirusda da yoluxmanın sürətlə artımı özünü göstərir. Digər respirator infeksiyalardan fərqli olaraq, koronavirusun yoluxduruculuq qabiliyyəti çox yüksəkdir. Hamı bir nəfər kimi maskadan istifadə etməli, sosial məsafəni gözləməlidir.”
Ə.ƏLƏSGƏRLİ, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə