Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanlar qorxuya düşmədən immun sistemini möhkəmlətməyə çalışmalıdırlar

Bugünə kimi COVID-19 virusu haqqında sayını bilmədiyim qədər müsahibələr verdim, televiziya verilişlərində çıxış etdim və bununla bağlı dünyada olan təcrübələri həm öyrəndim, həm də ictimaiyyətlə bölüşdüm. İndi isə virusa yoluxmuş və sağalmış şəxs kimi təcrübəmi, o cümlədən, mövcud olan təhlükəni, həmçinin müalicə metodunu paylaşmaq qərarına gəldim

Əvvəla onu deyim ki, ölkədə qarşılaşılan ən böyük problemlərdən biri çarpayı və bu mübarizədə istifadə olunan insan resursları­nın tükənməsi təhlükəsidir. Belə ki, respubli­kanın koronavirusun müalicəsi üçün ayrılmış xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin–halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı, bir sözlə, digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsul­lardan yararlandım. Bol maye və çaya meyil göstərdim, eyni zamanda, bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yana­şı, ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsinin vacibliyini diqqətdə saxladım. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inandım. Nəticəsi isə sevindirici oldu. Ümid edirəm ki, bütün insanlar məsələyə sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox “arzuladığı” insanla­rın stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan narahatlıq keçirmədən, qorxuya düşmədən immun sistemini möhkəmlətməyə çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, virutik şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu virusdan əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virusun möv­cudluğuna baxmayaraq, superinfeksiya olma­dan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, “Deksametazon” kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır.

Sonda vurğulayım ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, on gün içində keçib gedə, heç bir iz qoymaya bilər.

Rəşad MAHMUDOV,
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru

2 Dekabr 2020 04:19 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə