Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı prosesi” Azərbaycanın Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulmasına töhfəsidir

“Bakı prosesi” bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı prosesi” adlandırıldı.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Mətbuat təmsilçisi kimi Səudiyyə Ərəbistanı Krallığına olan səfərlərimizin hamısında daim türkiyəli həmkarlarımızla dostluq, yoldaşlıq edirdik. Həmin səfərlərdən birində tanınmış jurnalist Əli Bulac məni İslam Tarix, İncəsənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin baş direktoru, professor Halit Erənlə tanış etmişdi. Xatırladım ki, İslam Əməkdaşlıq Təşkilatının tərkibində olan həmin qurum UNESCO-nun BMT nəzdindəki funksiyalarını yerinə yetirir.

İş elə gətirdi ki, professor Erənlə 2014-cü ildə Bakıda keçirilən beynəlxalq tədbirlərdən birində də görüşdük və söhbət zamanı ondan eşitdiyim bir fikri həmin il qəzetimizdə yazılarımdan birinə əlavə etmişdim: “Bakı prosesi” hansısa mədəni – kütləvi və ya elmi tədbir deyil. Bu, mükəmməl bir siyasi-diplomatik tədbirlər silsiləsidir ki, Azərbaycan xalqı onun möhtəşəm nəticələrini indi yox, gələcəkdə görəcək. Ərazisi işğala məruz qalan, bədxahları çox olan bu müsəlman ölkəsinin “Bakı prosesi” kimi tədbirlərə evsahibliyi etməsi daha yaxşı gələcəyə investisiya yatırılması kimi uzaqgörənlikdir”.

Halit Erənin “gələcəkdə görəcəyimizi” söylədiyi həmin məntiqinin nəticəsini çox da gözləməli olma­dıq. Bu il sentyabrın 27-də -- işğalçı Ermənistanın quldur və başkəsənlərdən ibarət olan ordusunun ölkəmizə hücu­ma keçdiyi gün xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə beynəlxalq aləmdən aldığımız dəstəyi yada saldı: “Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü­nü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaq­lardan çıxarılmalıdır... Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. On­lar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul et­mişdir. ATƏT-in qərarları, Avropa Parla­mentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir”.

Yəni Azərbaycan dövlətinin dünya ictimaiyyəti ilə açıq, səmimi, bərabərhüquqlu, bütün tərəflərin ma­raqlarına sərf edən əməkdaşlığı, sözün həqiqi mənasında, dövlətimizə böyük dəstək olmuş və qələbəmizə zəmin yaratmışdır. Ona görə də erməniləri sülhə məcbur etmək üçün başladığımız hərbi əməliyyatların elə ilk günündəcə, Ali Baş Komandan deyirdi ki, bu gün Azərbaycan Ordusu Azərbaycan tor­paqlarında düşmənə sarsıdıcı zərbələr endirir.

O ki qaldı, “Bakı prosesi”nin tarixçəsinə qeyd etməliyik ki, bu təşəbbüs Azərbaycan rəhbərliyinin ən uğurlu layihələrindəndir. Belə ki, 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq, 10 İslam ölkəsi dəvət edilmişdi. Nəticədə İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfran­sı yeni bir formata transformasiya olunmuşdur. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konf­ransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdi.

Bakı Bəyannaməsi ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prose­sin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. Bu siyasətin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etmişdir.

Həmin tədbir çərçivəsində Avropa Şurasına üzv dövlətlərlə İslam Konf­ransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edilmiş və beləliklə, “Bakı prosesi”nin qlobal hərəkata çevrilməsi təmin olunmuşdur. 2010-cu il sentyabrın 23-də BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezi­denti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilmiş, sonrakı il aprelin 7-dən 9-dək Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdur. Sonra isə BMT-nin də dəstəklədiyi bu tədbirlər silsiləsi davam etdirilmiş və getdikcə daha böyük miqyas almışdır.

Yadımdadır, 2019-cu il mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edirdilər. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirdilər.

Tədbirin rəsmi açılışında ge­niş nitq söyləyən Prezident İlham Əliyev xatırlatmışdı ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlo­bal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir: “Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialo­qu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq”.

Bəli, çalışırıq və bu sahədə kifayət qədər uğurlara da imza atırıq. Qətiyyətlə deyə bilərik ki, 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” indiyədək müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qu­rumların sayı xeyli artıb. Sonuncu foru­ma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçilərinin qatılma­sı da bu miqyasın genişlənməsindən xəbər verir.

Xatırladaq ki, multikulturalizm Azərbaycan xalqı və dövlətimiz üçün siyasət deyil, sadəcə, həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması onu sübut edirdi ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edilib. Bu da bizim ta­rixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Fikrimizcə, bu meyillər dünyada üstünlük təşkil etsə planetimizdə təhlükəsizlik, proqnozlaş­dırıla bilmə və sülh bərqərar olar.

Çıxışlarının birində “Əminəm ki, “Bakı prosesi”nin böyük gələcəyi var” – deyə, bu təşəbbüsün perspektivi barədə nikbinlik ifadə edən dövlət başçımız həmin arqumentini belə əsaslandırır: “Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağlılığı yaradan körpülər”.

Bəli, həmin körpülər Azərbaycanın daha firavan sabahını təmin edir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

2 Dekabr 2020 04:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə