Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçınım mənim...

Bu, Laçın haqqında bir mahnıdandır. Bu mahnını əvvəllər böyük kədər hissi ilə dinləyərdik. İndi isə onun sədaları bizdə qürur, məğrurluq hissi doğurur. Doğma yurdum Laçın düşmən tapdağından azad olmuşdur. Bütün laçınlılar kimi mənim də sevincim yerə-göyə sığmır. Laçın gözəlliklər məskənidir. Bura qədim tarixi-mədəni abidələrlə zəngin olan bir diyardır. 28 il idi ki, biz bu torpağın həsrəti ilə yaşayırdıq. İndi isə biz öz torpağımıza, doğma ocağımıza qayıtmağa hazırlaşırıq.

Biz laçınlılar rayonumuzun işğaldan azad edilməsi ilə bağlı Prezidentin xalqa müraciətini diqqətlə izlədik. Laçın haqqında dövlət başçımızın xoş sözləri hər bir laçınlıda qürur hissi doğurdu.

Mən Laçın şəhərində doğu­lub böyümüşəm, orada təhsil almışam. 1992-ci ildə şəhərimiz düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qara­bağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Nəticədə təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qala­naraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz bərbad hala salındı. Laçın yalnız taleyin ümidinə qalmışdı.

Laçın tarixən qəhrəmanlar di­yarı olmuşdur. Birinci Qarabağ müharibəsi dövründə laçınlılar böyük qəhrəmanlıqlar göstərmişlər. Rayo­numuzdan 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, 31 nəfəri hər iki valideynini itirmişdir. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırdılar. Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət, nəhayət ki, laçınlıların yurd həsrətinə son qoydyu.

2020-ci il noyabrın 10- da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanata əsasən Azərbaycan Or­dusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Bu gün Azərbaycan bayrağı Laçın səmasında dalğalanmaqdadır. Buna görə bütün laçınlılar Ali Baş Komandan, müzəffər Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıq edir, dövlət başçımızın siyasi kursunu dəstəklədiklərini bildirirlər.

Mənsur HƏSƏNOV, Laçın sakini

2 Dekabr 2020 04:14 - CƏMİYYƏT
CƏMİYYƏT
27 Yanvar 2021 | 22:17
Proqnozlar nikbinlik yaradır

Köhnə versiyamızdan xəbərləri izlə