Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır. Bütün dünya da bu bölgəni Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələr də dünənə qədər erməni ordusunun işğalı altındakı torpaqların ölkəmizə məxsus olduğunu təsdiqləyir. Lakin 30 ilə yaxın həmin qərar və qətnamələr kağız üzərində qaldı. Bununla bərabər, Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə vermədi. İşğal dövründə Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törətdi.

Azərbaycanın, necə deyərlər, səbri tükənmişdi. Buna görə də Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra Azərbaycan Ordusunun beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməkdən başqa yolu qalmadı. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, xalq-Prezident-ordu birliyi qısa müddətdə dövlətimizin ərazi bütövlüyünün təmin olun­ması istiqamətində möhtəşəm uğurları şərtləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində də bu barədə dedi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağı­mızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalı­dır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çala­cağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Onu da vurğulayaq ki, son 17 ildə olduğu kimi, ordumuzun əks-hücum əməliyyatları apardığı günlərdə də xalq-Prezident-ordu birliyi hər addımda özünü büruzə verdi. Bu, sentyabrın 27-də Pre­zident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının çıxışında da öz ifadəsini tapdı. Ölkə rəhbəri həmin çıxışında Ermənistan tərəfindən əvvəllər də əliyalın dinc əhaliyə qarşı belə vəhşiliklər törədildiyini xatırla­daraq, əsas hədəfin bizim ya­şayış məntəqələrimiz olduğunu diqqətə çatdırdı. Eyni zamanda, erməni işğalçılarının atəş aç­maqla Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaratmaq məqsədi güddüklərini açıqla­dı: “Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, – Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Azərbaycan Ordusu sentyab­rın 27-dən başladığı əks-hücum əməliyyatları müddətində–44 gün ərzində möhtəşəm qələbələr əldə etdi, eyni zamanda, düşmənin canlı qüvvəsinə və hərbi texni­kasına böyük ziyan vurdu. Bu əks-hücum hazırda dünyanın ən güclü orduları sırasında olan, ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğu­larla tam təchiz edilən Silahlı Qüvvələrimizin hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu bir daha aydın göstərdi.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun güc-qüdrətinin indiki səviyyəyə çatmasının təsadüfi olmadığını xüsusi vurğulayıb: “Ordu qurucu­luğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standart­lara cavab verir və döyüş tapşı­rığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və va­hid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan son­ra da uğurlu nəticələri olacaqdır”.

Xalqımız hər zaman ol­duğu kimi, Vətən müharibəsi günlərində də dövlətimizin baş­çısının mövqeyini müdafiə etdi. Bunu Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının ilk günündən başlayaraq, ictimaiyyət nümayəndələrindən möhtərəm Prezidentə yazılan və bu gün də ardı-arası kəsilməyən məktublar da təsdiqləyir. Misal olaraq Şəmkirdən Xəlil İsgəndərovun göndərdiyi məktubda bildirir : “Əziz və hörmətli Prezidentimiz, Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layiqli yer tutmuşdur. Mən onu deyə bilərəm ki, Azərbaycan Respublikası heç vaxt indiki kimi güclü olma­mışdır. İndi bizim güclü ordu­muz və müasir silahlarımız var, həmin ordunun gücü ilə erməni təcavüzkarları tərəfindən işğal edilmiş torpaqlarımızı azad edə bilərik. Sizin göstərişinizlə biz Azərbaycan xalqı olaraq hər za­man hər şeyə hazırıq. Mən Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyirəm, qələbə bizimlədir. Arzu edirəm ki, müharibə tezliklə qurtarsın, köçkünlərimiz doğma yurd-yuvalarına qayıtsın. Xalq Sizi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görür. Mən fəxr edirəm ki, Sizin kimi Prezidenti­miz var. Allah Sizi, əsgərlərimizi və Azərbaycan xalqını qorusun. Vətən uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Nə yaxşı ki, Sizin kimi Preziden­timiz və ordumuzun igid, cəsur əsgərləri var. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq, qisası alınacaq! Bu şüar daim səslənəcək: İlhamla daim irəli! Qarabağ Azərbaycandır!”.

Tovuz rayon sakini Ədalət Ab­dullayev isə yazır: “Hörmətli cənab Ali Baş Komandan, son günlər Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaətlər bizi hədsiz sevindirir və qürurlandırır. Ermənilərin törətdiyi təxribata qarşı şanlı ordumuza əks-hücum əməliyyatlarına başlamaq əmri verməyiniz bizim uzun illərdir ki, qəlbimizdə bəslədiyimiz arzula­rımızın gerçəkləşməsinə səbəb oldu. Sizin böyük siyasi iradə göstərib torpaqlarımızın erməni faşizmindən azad olunmasında və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda atdığınız məğrur və müdrik addımlarınızı alqışlaya­raq, Siz başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq”.

Burada bir məqamı da xa­tırlatmaq istərdim. Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində möhtəşəm qələbələrimizi xalq-Prezident-ordu vəhdətinin, birliyinin şərtləndirdiyini bildirib: “Biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, daya­nın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını gö­rürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyü­müzü bərpa edirik, öz torpaqları­mızı qaytarırıq”.

Prezident, Ali Baş Komandan İlham Əliyev, həmçinin Vətən müharibəsinin bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdiyini vurğulayıb. Əlavə edib ki, uğurla­rımızın əsasında yenilməz, dəmir iradəli, müzəffər xalq, müzəffər ordumuz dayanıb.

Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunma­sı münasibətilə xalqa müraciətində də Vətən müharibəsində hər kəsin qüdrətimizi, iradəmizi, xalqımızın dəmir yumruq kimi birləşdiyini və bu güc hesablna düşməni məğlub etdiyimizi gördüyünü diqqətə çatdırıb: “Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

2 Dekabr 2020 04:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə