Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Əsasnamənin 1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2020-ci il

2 Dekabr 2020 04:01 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə