Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdam, Kəlbəcər və Laçının heç bir itki vermədən azad olunması Azərbaycanın böyük uğurudur

Azərbaycan Vətən müharibəsini böyük qələbə ilə başa vurdu. Strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra artıq bizdədir. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli Bəyanatına uyğun olaraq, Azərbaycanın heç bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri alması ölkəmizin həm diplomatiya, həm də hərb sahəsində böyük uğurudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. 1992-ci ildə Laçının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə digər torpaqlarımızın da işğalı asanlaşdı. Bu gün Laçın rayonunun geri qaytarılmasının tarixi əhəmiyyəti çox böyükdür.

Deputat vurğulayıb ki, ermənilər işğaldan azad edilmiş torpaqlarımızda hər şeyi dağıdıblar, Azərbaycan xalqının milli sərvətlərini talan ediblər. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın yaşayış məntəqələrini, tarixi, dini abidələrini dağıdanlar, təbii sərvətlərini talan edənlər mütləq məsuliyyətə cəlb olunacaqlar. Düşmən etdiyi əməllərə görə cavab verməli olacaq.

“Ümumiyyətlə, 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, eləcə də danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızın müdafiəsi bizim tam qələbəmizi şərtləndirdi. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir - atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb. BMT-nin nəzarəti altında məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi də yaradılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində bəyan etdiyi kimi, biz 44 gün ərzində bir dəfə də olsun geriyə çəkilmədik. Müharibə dövründə Ermənistanın 30 ilə qurduğu hərbi texnika məhv edildi. Döyüş meydanında qazandığımız tarixi Qələbə bölgədə yeni reallıqlar yaratdı”, - deyə Könül Nurullayeva diqqətə çatdırıb.

1 Dekabr 2020 20:55 -

Köhnə versiyamızdan xəbərləri izlə