Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya saytı Laçın rayonunun Azərbaycana qaytarılmasından yazıb

İndoneziyanın “katakini.com” saytı noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yazıda Ermənistan tərəfindən 28 il işğalda saxlanılan rayonun Azərbaycana qaytarıldığı bildirilir.

Qeyd edilir ki, həmin rayon Azərbaycan Ordusunun cəbhədə qazandığı böyük qələbədən sonra imzalanan bəyanata əsasən yenidən Azərbaycanın tərkibinə qaytarılıb. Noyabrın 30-u ermənilərin leqal şəkildə Laçını tərk etməsi üçün son müddət idi.

Məqalədə işğala qədər Laçın rayonunda 65 mindən çox azərbaycanlının yaşadığı xüsusi vurğulanır.

Yazıda keçmiş Sovet İttifaqının iki respublikası arasında ötən əsrin 90-cı illərində başlanmış münaqişə nəticəsində xarici havadarlarına arxalanan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik daha yeddi rayonu işğal etməsi barədə də məlumat öz əksini tapıb.

Bildirilir ki, ermənilərin cari il sentyabrın 27-də mülki əhaliyə qarşı törətdiyi növbəti təxribatdan sonra əks-hücuma keçən Azərbaycan Ordusu 44 gün ərzində bir neçə şəhəri və 300-dən çox yaşayış məntəqəsini azad edib.

Rusiyanın vasitəçılıyı ilə tərəflər arasında noyabrın 10-da imzalanan bəyanata əsasən hərbi əməliyyatlar dayandırılıb və Ermənistan ordusu işğal altında saxladığı əraziləri tərk etməyə başlayıb.

Qeyd edilir ki, həmin bəyanata uyğun olaraq ermənilər noyabrın 20-də Ağdamı, 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçın rayonunu tərk ediblər.

1 Dekabr 2020 13:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə