• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Star” Türkiyə və Azərbaycan iqtisadiyyatına mühüm fayda verəcək

“Star” Türkiyə və Azərbaycan iqtisadiyyatına mühüm fayda verəcək

Türkiyənin İzmir şəhərində “Star” zavodunun açılışını dövlətimizin bu istiqamətə həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətinin nəticəsi hesab edirəm. Bilirik ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan Bakı—Tbilisi--Ceyhan neft, Bakı--Tbilisi-- Qars dəmir yolu, Bakı--Tbilisi-- Ərzurum və TANAP qaz kəməri layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da mühüm önəm daşıyır. 

Böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycanla Türkiyə XXI əsrin enerji tarixini birlikdə yazır. Oktyabrın 19-da qardaş ölkədə SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi “Star” neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycan--Türkiyə strateji əməkdaşlığına mühüm töhfə olmaqla yanaşı, tərəflər arasında strateji əməkdaşlığın daha əlverişli zəmində genişlənməsinə imkan verəcək. 

Xatırladaq ki, ümumi neft emalı gücü 10 milyon ton olan zavodun əsas xammalını SOCAR tədarük edəcək. Şirkətinin “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu müəssisəyə ilk neft yükü -- 80 min ton “Azeri Light” markalı neft artıq çatdırılıb. Layihənin həyata keçirilmə müddətində burada 20 min nəfərə yaxın işçi çalışıb. Zavod istehsala başlayanda isə burada 1100 nəfər işləyəcək və müəssisədə hər il 10 milyon ton xam neftin emal ediləcəyi gözlənilir. 

Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Həmçinin, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malik olacaq. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir gətirəcək.

Dövlətimizin başçısı İlham Əliyevin “Star Rafineri” neft emalı zavodunun açılış mərasimindəki çıxışını böyük zövq və diqqətlə dinlədim. Cənab Prezident 7 il bundan əvvəl Rəcəb Tayyib Ərdoğanla “Star”ın təməlini qoyduğunu xatırlatdı, iki qardaş ölkə arasındakı münasibətlərə xüsusi önəm verərək dedi: “Bu gün bu nəhəng layihənin açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə--Azərbaycan dostluğu, qardaşlığıdır”.

Prezident İlham Əliyev çıxışında qardaş Türkiyəyə səfərindən məmnunluğunu diqqətə çatdıraraq, iki ölkə arasında əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu qeyd etdi. Ötən ay Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi paradın Türkiyə-- Azərbaycan birliyinin sarsılmazlığının, bu birliyin əbədiliyinin təsdiqinə çevrildiyini də bildirdi. 

Dövlət başçımız dedi: “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”.

Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində dediyi fikirlərə də diqqət çəkmək istəyirəm. O, “Star” neft emalı zavodu ilə Azərbaycanın qardaşlıq əlaqələrinin strateji miqyasının daha da gücləndiyini xüsusi vurğulayaraq, Türkiyə və Azərbaycanın liderliyi ilə reallaşdırılan hər bir layihənin ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirdiyini xatırlatdı: “Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. ...Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək”. R.T.Ərdoğan vurğuladı ki, bu müəssisə Türkiyə və Azərbaycan iqtisadiyyatlarına mühüm fayda verməklə yanaşı, həm də Egey bölgəmizin rifahını yüksəltmiş olacaq. 

SOCAR prezidenti Rövnəq Abdullayev “Azərbaycan -- Türkiyə dostluğu sarsılmazdır” sözlərini xatırladaraq diqqətə çatdırdı ki, indiyə qədər müxtəlif  layihələrə yatırılan sərmayələr nəticəsində şirkət Türkiyənin ən böyük investoruna çevrilib. O, xüsusi olaraq vurğuladı ki, prezidentlərimizin dəstəyi, himayəsi olmasaydı, bu layihəni daim diqqət mərkəzində saxlamasaydılar, dəyərli tövsiyələrlə bizə doğru yol göstərməsəydilər bu uğur qazanılmazdı.

Bu möhtəşəm layihənin reallaşdırılması Azərbaycan --Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Mən inanıram ki, Türkiyədə ən böyük investisiya qoyuluşu olan “Star Rafineri” zavodu Azərbaycanın böyük iqtisadi gəlir əldə etməsinə şərait yaradacaq. Müəssisənin işə düşməsi SOCAR-ın və Azərbaycan dövlətinin gəlirlərini artıracaq. Bu gəlirlərdən səmərəli istifadə olunması, onların yenidən önəmli sahələrə yatırılması ölkəmiz üçün böyük faydalar verəcək.

 

Qənirə Paşayeva,
Milli Məclisin deputatı

22 Oktyabr 2018 11:52 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin