Ən son xəbərlər
Türkiyə Silahlı Qüvvələri son bir ay ərzində 34 antiterror əməliyyatı aparıb, bunlardan səkkizi irimiqyaslıdır. Bu əməliyyatlar nəticəsində, ümumilikdə, 80 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Qaranın bəyanatında bildirilir. Məlumatı “Anadolu” verib.
Qaranın sözlərinə görə, Türkiyə hərbçiləri günün 24 saatı ərzində terrorizmin bütün təzahürlərinə qarşı qəti mübarizə aparmaqda davam edir: “Bu bir ay ərzində Türkiyə sərhədini qanunsuz yolla keçməyə çalışan 6863 nəfər saxlanılıb. Onların arasında 35-i FETO-çu olmaqla terror təşkilatlarının 52 üzvü olub”.
Türkiyə Silahlı Qüvvələrinin rəsmisi xatırladıb ki, noyabrın 11-də Türkiyə və Rusiyanın müdafiə nazirləri Hülusi Akar və Sergey Şoyqu arasında imzalanmış Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması haqqında memoranduma uyğun olaraq, tərəflər arasında dialoq davam edir.
P.Qara bildirib ki, Azərbaycan sentyabrın 27- dən noyabrın 10-dək apardığı əks-hücum əməliyyatı nəticəsində Dağlıq Qarabağ ətrafındakı 7 rayondan dördünü – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını azad edib. Sonra isə 10 noyabr üçtərəfli razılaşmasına əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Azərbaycan Silahlı Qüvvələri hazırda noyabrın 25-də işğaldan azad olunmuş Kəlbəcər rayonunda minalardan təmizləmə işləri aparır. Bu gün isə Laçın rayonu Azərbaycana qaytarılır. Türkiyə azərbaycanlı qardaşlarını haqlı mübarizəsində dəstəkləməkdə davam edir.
P.Qara qeyd edib ki, Türkiyə həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Liviya Milli Razılıq Hökumətini dəstəkləyir. Bu ölkə ilə ikitərəfli razılaşmaya əsasən, Türkiyə hərbçiləri Liviyada yerləşdirilib. Onun sözlərinə görə, ölkəsi liviyalı hərbçilərə təlim keçir: “Liviya hərbçilərinin hazırlanması beş təlim mərkəzində ən yüksək standartlara uyğun həyata keçirilir. İndiyədək 2 301 hərbçi hazırlanıb, 264-nün təlimi davam etdirilir”.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə