Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi

Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi

Azərbaycan Milli Kitabxanasında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) tərəfindən toplanaraq ölkəmizə gətirilən kitabların təqdimat mərasimi keçirildi. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamladı və bu mötəbər aksiyaya görə təşkilatçılara öz dərin təşəkkürünü bildirdi.  Qeyd etdi ki, ölkəmizə gətirilən 15 min kitabın 2000 nüsxəsi Milli Kitabxanaya hədiyyə olunub. Bu nəşrlərdən Milli Kitabxananın oxucuları ilə yanaşı, ölkəmizin digər şəhər və rayon kitabxanalarının oxucuları da faydalanacaq.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev əhəmiyyətli təşəbbüsə görə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinə, Türkiyənin Azərbaycandakı səfirliyinə və İLESAM təşkilatına minnətdarlığını bildirdi, bu cür təşəbbüslərin qarşılıqlı və davamlı olacağını vurğuladı.

Vaqif Əliyev türk dilində müxtəlif kitabların ölkəmizə hədiyyə edilməsi elmi tədqiqatlar üçün faydalı olacaq, eyni zamanda iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək: “Layihə həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaşlığımızın gözəl nümunəsidir. İki dövlət hər zaman bir-birinə dəstək olub, mədəniyyət və ədəbiyyat sahəsində də bu qardaşlığın təzahürü ürəkaçan hadisədir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunub öyrənilməsindən danışdı. O, bu qədər kitabın ölkəmizin kitabxanalarına paylanmasını mötəbər addım kimi dəyərləndirdi.

Türkiyə Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi iki qardaş xalqın eyni tarixi və mədəni köklərə malik olduğunu vurğuladı. Böyük mütəfəkkir dramaturq Mirzə Fətəli Axundzadənin adını daşıyan kitabxanada türk dünyası yazarlarının kitablarının yer almasının tarixi hadisə olduğunu dedi. İLESAM-ın sədri Mehmet Nuri Parmaksız bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirəcəyini, eləcə də türkiyəli müəlliflərin əsərlərinin Azərbaycan oxucusuna tanıdılmasında mühüm rol oynayacağını bildirdi. Vurğulandı ki, təqdim olunan 15 min kitab 6 min yazarın əsərlərindən ibarətdir. Ortaq mədəniyyəti paylaşan xalqların bir-birini tanıması vacibdir. Sədr göstərdiyi təşkilatı dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Türk Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Elman Quliyev, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza kitabların ölkəmizə hədiyyə olunmasının əhəmiyyətini vurğuladılar.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

22 Oktyabr 2018 11:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə