Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcər tarixi abidələr diyarıdır

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bu rayonun qədim tarixi-mədəni abidələr diyarı olduğunu bir daha vurğuladı. Dövlət başçısı çıxışında dedi: “Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir”.

Kəlbəcərdə mövcud olan kilsələr, monastırlar qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Erməni “tarixçiləri” qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər. Tarixİ mənbələrdən məlumdur ki, 1830-cu ildə çar Rusiyası alban kilsəsini ləğv etdi, al­ban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri bu kilsələri mənimsəməyə başladılar. Prezident İlham Əliyev deyib ki, Qafqaz Albaniyasının tarixi­ni silmək, unutdurmaq Ermənistanın başlıca məqsədi idi: “Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə, dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır”

Qeyd edək ki, Kəlbəcər nəinki İslam tarixi abidələri ilə, həmçinin qədim alban qalaları və məbədləri ilə zəngindir. Rayonun zəngin sərvətləri, o cümlədən tarixi-mədəniyyət abidələri erməni vandalizminə məruz qalıb. Bu abidələrdən biri də Xudavəng məbəd kompleksidir. Hələ eramızın ilk əsrlərindən başlayaraq, Qafqaz Albani­yasında xristianlıq yayılıb və IV əsrdə Albaniya hökmdarı Urnayr tərəfindən xristianlıq dövlət dini elan edilib. Alba­niya ərazisində tikilən ilk məbədlərdən biri Xudavəng kompleksi olub. Onu da qeyd edək ki, Xudavəng məbəd kompleksi qonşu xalqların dini memarlıq tikililərindən tamamilə fərqli quruluşa və xüsusiyyətlərə malikdir. Kompleks alban yepiskopunun iqamətgahı və mühüm mədəni-maarif mərkəzi olub.

Bakı Dövlət Universitetinin professo­ru, tarixçi-alim İbrahim Zeynalov bildirib ki, məbəd Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində xüsusi yonulmuş daşlardan inşa edilib. Məbədin yeri seçilərkən müdafiə möv­qeyi də nəzərə alınıb. Möhtəşəm divar­larla əhatə olunan ibadət kompleksləri hərbi münaqişə vaxtı nəinki kahinlərin, həmçinin ətraf kəndlərin sakinləri üçün sığınacaq yeri olub. Kompleksin ən qədim tikintisi baş məbəd hesab edilir. XII-XIII əsrdə tikilmiş günbəzli məbədlər bu kompleksə daxildir. Bunlar Arzu xatun və İgid Həsən məbədləridir. Xudavəng kompleksi orta əsrlər memarlığı nümunələrini – yaşayış evlərini, mehmanxananı, kitabxananı, yeməkxananı özündə birləşdirən nadir hallarda rast gəlinən bir məbəddir. Kompleks “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahı­sına daxil edilib.

Rayonun Vəngli kəndi ərazisində olan Gəncəsər monastırı Qafqaz Albani­yası katolikoslarının iqamətgahı olmaqla yanaşı, alban knyazları Cəlalilərin və katolikosların türbəsi də olub.

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. XIII əsrdən XIX əsrə qədər Gəncəsər monastırı Qafqaz Albaniyası­nın dini və mədəni mərkəzi olmuşdur.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalar­dan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal və cənub divarlarına hücrələr və yardımçı binala­rın bir sıralı otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216 – 1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoymuşdur.

Kəlbəcər işğal altında olduğu dövrdə ermənilər bu monastırı “Qan­zasar” erməni monastır kompleksi kimi dünyaya təqdim etmişlər.

Kəlbəcər rayonu İstisu mineral ehti­yatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamacla­rında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

Kəlbəcərdəki İstisuyun tikililəri 1920- ci illərin sonlarından inşa edilməyə başlanmışdır. 1951-ci ildə Yuxarı İstisuda vannalar və kurort xəstəxanası, mehmanxana tikilmişdir.

Rayonun tarix-diyarşünaslıq muzeyi 1982-ci ildə yaradılmışdır. Muzeyin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan zəngin bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daş­dan yonulmuş 14 qəbirüstü at və qoç heykəlləri nümayiş etdirilirdi.

Mütəxəssislər Kəlbəcər tarix-diyar­şünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponat­ları ilə tanış olub, orada araşdırmalar aparmışdılar.

Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərmiş, həmin vaxt Ermənistan or­dusu tərəfindən məhv edilmişdir. Onun eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmamışdır.

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkənd ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır.

Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4,0 metr arasında­dır. Onun içqalası qala ərazisinin hün­dür cənub-qərb küncündə yerləşir. Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiya­sına uyğun adını saxlamışdır – Qaravul dağı.

Qaravul dağından isə başqa bir qala – Comərd qalası görünür. Lev qalası XIII–XIV yüzilliklərin abidəsidir.

Löh qalasının adı qalanın formasını tamamlayır. Qalanın beli dəvə boynu­na oxşayır. Qalaları tədqiq edənlərin fikrincə, bu qalalar karvan yolları­nın üstündə tikilirmiş ki, bununla da həmin yollara nəzarət olunurmuş. Löh qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var ki, burada ya ərzaq, ya da su saxlanı­lırmış. Qalanın Lev çayı istiqamətində iki mağara aşkar olunmuşdur ki, bura ən qədim insan məskənləri hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu, keyfiyyəti itmirdi.

Kəlbəcər qalalarının icərisində ən yüksəklikdə yerləşəni Comərd qalasıdır. Kəlbəcərin ərazi etibarı ilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, qayalıq ba­şında tikildiyi üçün “Comərd qalası” kimi tanınmışdır.

Qaraçanlı və ya Ulu xan qalası Kəlbəcərdən yuxarıda, Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəcərdən İstisuya gedən gedən yolun solunda, Tərtərin sol sahilindədir. Qalaça adı ilə tanınan bu gözətçi məntəqəsinə gizli su yolu da var idi. Qalanın sağ yanında Qaraçanlı çayına kimi böyük bir çınqıllıq var. Həmin çınqıllığın altı ilə qalaya bir yol çəkilib. Bu gizli yol çayın göllənən yerinə kimi enirdi.

Burada başqa bir möcüzə də diqqəti çəkirdi: bir bulaqdan 5-6 dəqiqədən bir gah xalis mineral, gah da təmiz su çıxırdı.

Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də Qalaboynu qalasıdır. Qalanın içərisində 200-dən çox binanın kalafa yerləri var. Buraya da dağlardan yeraltı su xətti çəkilibmiş.

Kəlbəcər ərazisindəki qala və abidələr sırasına daxil olanlardan biri də Laçınqayadır. Qala monqollar tərəfindən dağıdılmış, əhali qılıncdan keçirilmişdir. Gəncəli tarixçi Kirakosun məlumatına görə, insan qanı qayalar arasından sel kimi axıb Tərtər çayını qırmızıya boyamışdı.

Bu qalanın sağ sahilindəki çınqıllıq­dan çaya bir yeraltı gizli yol salınmışdır. Bunlardan başqa, İstisu kurortun­dan yuxarıda, Kəlbəcər şəhərinin alt hissəsində, Çəpli kəndinin ərazisində, Zar və Mollabayramlı kəndlərinin səmtində və başqa yerlərdə də qədim qalaların qalıqları mövcuddur.

Yuxarıda bəhs etdiklərimiz Kəlbəcərin tarixi abidələrinin bir qis­mıdir. İşğaldan azad edilmiş bu dağlar diyarında erməni vandalları tərəfindən dağıdılmış tarixi mədəni abidələr tezliklə bərpa edilərək əvvəlki görkəminə gətiriləcək.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

30 Noyabr 2020 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə