Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordun varsa, yurdun var

Azərbaycan hərb tarixinin şanlı səhifəsi

Tarixin özü qədər qədim olan Azərbaycan zəngin təbii sərvətlərinə, əlverişli, coğrafi və strateji mövqeyinə görə əsrlər boyu yadelli qəsbkarların, imperialistlərin təcavüzünə məruz qalıb. Çoxəsrlik dövlətçilik tarixinə sahib xalqımız minilliklər boyu özgürlüyü, suverenliyi yolunda mübarizə aparıb. Uğrunda can verməyə hazır olduğumuz Vətən üçün əcdadlarımız sinəsini sipər edib, bu torpağın hər qarşında qanı ilə tarix yazıb.

Ölkəmizin ərazisində eramızdan əvvəl IV minilliyin sonu - III minilliklərdə mövcüd olmuş Aratta, Lullubi, Kuti və Turukku ilk etnik-siyasi birliklər, tayfa ittifaqları, e.ə. I minillikdən etibarən isə Manna, Midiya, İskit, Atropatena, Albaniya kimi ən qədim Azərbaycan dövlətləri yadelli işğalçılara qarşı mübarizə aparmış, bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynamışdır. Ən qədim tayfa birliklərinin, erkən dövlət qurumlarının hökmdarları, sonrakı dövrlərdə Tomris, Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Məhəmməd Cahan Pəhləvan, Şeyx İsmayıl Dərbəndli, Qara Yusif, Uzun Həsən, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai, I Şah Abbas, Nadir Şah Əfşar, Fətəli xan Əfşar, Qubalı Fətəli xan, Hüseynqulu xan, Cavad xan kimi Azərbaycanın mərd sərkərdə və dövlət başçılarının ömür yolunda Vətən sevgisi, azadlıq və dövlətçilik hissi bütövləşərək amal, ali məqsədə çevrilmiş, yaratdıqları dəyərlər, ənənələr mübarizə və hərb tariximizin şanlı səhifələrini təşkil etmişdir.

Tarixi faktlar göstərir ki, XIX-XX yüzilliklərdə baş verən bir sıra müharibələrdə iştirak edən soydaşlarımız özünəməxsus hərbi strategiyaları ilə fərqlənib, məxsus olduqları ordunun tərkibində qəhrəmanlıqla vuruşublar.

Ölkəmizin demək olar ki, hər bölgəsində hərb sənətinin görkəmli sərkərdələrini yetişdirən nəsillər olub: Bakıxanovlar, Talışinskilər, Şıxlinskilər, Vəkilovlar, Cavanşirlər, Kəngərlilər, Cavadxanlar... Bu sərkərdələrin malik olduğu hərb sənətinin dövlətçilik tariximizdə xüsusi yeri var. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi şəxsiyyətlər isə təkçə Azərbaycanın deyil, dünyanın hərb tarixində mühüm yer tutur.

Rus-Yapon müharibəsində Port-Arturun müdafiəsində şəxsi şücaətilə seçilən Əliağa Şıxlinskinin həmin müharibə zamanı uzaqvuran topların strategiyası ilə bağlı “Şıxlinski nəzəriyyəsi” və “Şıxlinski üçbucağı” adı ilə məşhur olan praktik və nəzəri ideyaları böyük rol oynayıb. Generalın “Şıxlinski üçbucağı” dərsliyindən təkcə Rusiyada deyil, habelə Fransa, Norveç, Avstriya, İsveçrə və bir sıra digər ölkələrin artilleriya məktəblərində tədris vasitəsi kimi istifadə olunub. O, Fransanın yüksək ordeni sayılan “Legion” ordenilə təltif olunmuşdur. Demək, generala “artilleriyanın allahı” adının verilməsi təsadüfi deyil.

Çar Rusiyasının süqutundan sonra müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılmasında və formalaşdırılmasında Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin xidmətləri müstəsnadır. Hələ 1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığının Zaqafqaziyada milli hərbi korpusların yaradılması haqqında qərarına əsasən, Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı.

1918-ci ildə isə ermənilərin və bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul etdi və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətinə, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər.

Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli birlik, milli iftixar, Vətənə, torpağa bağlılıq əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit, hər şeydən əvvəl, vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin xalqımızın tarixini, qəhrəmanlıq ənənələrini əks etdirən kitablarla təmin edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: “Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır”.

Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni–bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək döyüş hazırlığı göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Xosrov bəy Sultanov, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ümumən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın 21 döyüş generalı olub.

Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq 1939-1945-ci illərdə İkinci Dünya müharibəsində də böyük şücaət göstərib. Ordunun müxtəlif sahələrində, istər tank döyüşlərində, istər hərbi qırıcı – təyyarələrdə qəhrəman oğullarımız xalqımızın hərb sahəsində böyük nailiyyətlər əldə etməyə qadir olduğunu nümayiş etdiriblər. İkinci Dünya müharibəsi cəbhələrində Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov kimi xalqımızın qəhrəman övladları şücaət və mərdlik göstərmiş, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Mehdi Hüseynzadə, Məmməd Məmmədov, Əhmədiyyə Cəbrayılov öz qəhrəmanlıqları ilə Sovet İttifaqının hüdudlarından kənarda da Milli Qəhrəman statusu ilə dünya hərb tarixinin şanlı səhifələrini yazmışlar.

Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inamın və vətənpərvərlik ruhunun artırılması baxımından əhəmiyyətli idi. Sonrakı dövrlərdə keçirilən hərbi paradlarda, o cümlədən, Moskvada faşizm üzərində qələbə münasibətilə təşkil olunan paradda artıq Azərbaycan Ordusunun, zabit və əsgərlərinin gücü, qüdrəti nümayiş edilirdi.

Azərbaycan Demokratik Respublikasının təcrübəsi və müstəqilliyin ilk illərində yaşanan tarixin acı dərsləri göstərdi ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdı. Təbii ki, əgər Azərbaycan bugünkü hərbi potensiala sahib olsaydı, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edə bilməzdi.

1993-cü ilin sonlarından başlayaraq ölkəmizdə ordu quruculuğu dövlət prioritetlərindən birinə çevrildi. Müasir hərb nəzəriyyəsinin və praktikasının tələblərinə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələri quruldu, zamanla sistemli, davamlı və dinamik şəkildə inkişaf etdirildi. Ən müasir texnikanı idarə etməyi bacaran peşəkar hərbçi kadrlar yetişdirildi. Bu məqamda, Azərbaycan Ordusunun nəzəri biliklərə sahib zabit-əsgər heyətinin formalaşmasında qardaş Türkiyənin hərb sahəsindəki təhsilinin, təcrübəsinin rolunu xüsusi qeyd etmək yerinə düşər. Azərbaycan Ordusu 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığa başladı. Azərbaycan Sülhməramlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda iştirak etdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. Azərbaycanın iqtisadi qüdrətinə paralel şəkildə diplomatik müstəvidə də uğurlarımız artdı. Bütüb bunlar hərbi sahədə əməkdaşlığa, ordunun ən müasir, innovativ texnika ilə təmin olunmasına zəmin yaratdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, hərbi xərclərimiz büdcə xərcləri arasında ön plana keçdi. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat olduğu halda, 2010-cu ildə artıq 2,2 milyard manat idi.

30 illik münaqişə, 26 illik atəşkəs xalqın qəlbindəki Vətən həsrətini, səngidə bilmədi. Ata-baba yurdlarına ayaq basmayan yeni nəsil Azərbaycan torpağını işğaldan azad etmək amalı ilə böyüdü, bu yolda candan keçməyə hər an hazır oldu. Bu vətən sevdalıları sırasında Milli Qəhrəmanımız (ölümündən sonra) Mübariz İbrahimov cəsurluğu, mərdliyi ilə Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrildi.

Azərbaycan Ordusu Aprel və Tovuz döyüşlərində, Günnüt əməliyyatında işğalçılıq siyasətinidən əl çəkməyib yeni ərazilər işğal etmək istəyən azğın düşmənin təxribatlarının qarşısını aldı. Əsgərlərimiz yüksək vətənpərvərlik nümayiş etdirdi, mübarizəmizin yeni səhifələrini tarixləşdirdi. Onlarla hərbçimiz, Polad Həşimov kimi generalımız tariximizdə, taleyimizdə iz qoydu. Bu döyüş salnamələri Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal faktı ilə barışmayacaq. Lakin nə təcavüskar dövlət, nə də havadarları anlamadılar ki, Ermənistan işğalını heç vaxt leqallaşdıra bilməyəcək. Buna nə beynəlxalq hüquq, nə də Azərbaycan Ordusu imkan verməz!

Düşmən Azərbaycan Ordusundan aldığı zərbələrdən lazımi nəticələr çıxarmadı, hərbi təxribatlarına son qoymadı. Ermənistanın sentyabrin 27-də növbəti hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquq normalarına məhəl qoymamasının növbəti təzahürü, işğalçılıq siyasətinin yeni ifadəsi idi. Təbii ki, düşmənin hücumuna cavab olaraq, dövlətimizin BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə etməsi və əks-hücum əməliyyatına başlaması çox real, zəruri addım idi. Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı dilimizin ən əziz kəlməsi, duası, salamı oldu. Bu şüarla küçələrdə əsgər salamı verən, əsgərlərimizin addımlarını qürurla təqlid edən kiçik uşaqların çöhrəsindəki inam, mərdlik, vətən sevgisi unuda bilməyəcəyimiz xatirələrdir. Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük qələbəmizi reallaşdırdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi.

Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, silahlı qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını, vətənsevərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. PUA-sız, topsuz, mərmisiz, Azərbaycan əsgərlərinin igidliyi, mərdliyi ilə Şuşanın azadlığı əməliyyatı isə bu zəfərin kulminasiyası kimi ikinci Qarabağ müharibəsi tarixinin şərəfli bir səhifəsinə çevrildi. Tanksız, topsuz, artilleriyasız, pilotsuz kamikadzelərin müşayiəti olmadan 1500-1800 metr yüksəklikdə döyüşlər apararaq bu qala şəhərini işğalçılardan təmizləmək Azərbaycan əsgərlərinin heyrətamiz cəsarəti, şücaəti, güc-qüdrəti hesabına gerçəkləşdi. Ukraynalı hərbi analitik Aleksey Arestoviçin Şusa döyüşləri haqqında yazdıqlarına diqqət edək: “…Azərbaycan əsgəri Şuşanı piyada döyüşləri ilə, daşına bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək qaytardı. Azərbaycan əsgəri Şuşanı PUA-larsız, tanksız, artilleriyasız işğaldan azad etdi”. Bu fikir silahlı qüvvələrimizin döyüş əzmi, mübarizliyi, qəhrəmanlığı haqqında bir daha aydın təsəvvür yaradır. Heç şübhəsiz ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya hərbində müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

İkinci Qarabağ müharibəsinin qalibiyyət səbəbləri, zəfərimizin ən real şərhini müdrik dövlət başçımız, qalib sərkərdəmiz ifadə edib: “Biz qələbə əldə etmək üçün bu illər ərzində məqsədyönlü şəkildə güc topladıq. Qələbəmizi şərtləndirən əsas amillər iqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımızdır”. Mübaliğəsiz olaraq, bu amillərin hər biri haqqında ayrıca yazmaq olar. Mən qələbəmizi şərtləndirən amillər sırasında bir məqamı–vətənsevərlik amilini xüsusi vurğulamaq istəyirəm. Məhz vətənpərvərlik minlərlə gənci könüllü olaraq cəbhəyə getməyə sövq etdi. Hələ Tovuz təxribatları zamanı ermənilərin növbəti hərbi təcavüzünə etiraz olaraq, yüzlərlə gənc heç bir təşkilatçılıq olmadan küçələrə çıxdı. Bu gəncləri səsləyən torpaq qeyrəti, Vətən sevgisi idi.

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edərək regionun ən güclü ordusu olduğunu sübut etdi. Azərbaycan Ordusu göstərdi ki, qoşun növləri potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır. Müzəffər ordumuz bir də onu sübut etdi ki, dünya güclərinin regiondakı reallıqlarla hesablaşacağı, təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən güclü Azərbaycan var! Və bugünkü Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bugünkü Azərbaycanın dövlətini də, xalqını da qorumağa qadir ordusu var!

Leyla RƏŞİD,“Xalq qəzeti”

30 Noyabr 2020 23:50 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə