Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa terrorçu ölkənin maraqlarına lobbiçilik etməklə özünü hörmətdən salıb

Son illərdə Azərbaycanın geniş siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkələrdən biri Fransa olub. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycanla sıx münasibətdə olub. Azərbaycan da Fransanın ölkəmizdə iqtisadi maraqlarının maksimum dərəcədə təmin olunması üçün müvafiq addımlar atıb. Amma İkinci Qarabağ müharibəsinin başlanmasından sonra Fransa açıq-aydın işğalçı Ermənistanı dəstəkləməyə başladı. Bu barədə danışan AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov bildirdi:

– Azərbaycan müstəqillik qa­zandığı ilk illərdən bəri beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirib. Xüsusən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi illərdə Rusiya, ABŞ, Fransa kimi dövlətlərlə əlaqələr daha da möhkəmlənib, hər üç ölkə Minsk qrupunun həmsədri olub. Doğrudur, Azərbaycanın ümum­milli lideri Heydər Əliyev vaxtilə ermənipərəst mövqeyinə görə Fransa­nın həmsədrliyinə açıq şəkldə etiraz edib. Ancaq bu ölkə ilə əməkdaşlıq kifayət qədər geniş olub. Bu gün Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. “Total” neft şirkəti Azərbaycanda neft hasilatına cəlb edilib. Azərbaycan iqtisadiyyatı­na yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur.

Bundan əlavə, 2018-ci ilin iyununda Parisə səfəri zamanı Prezident İlham Əliyev aparıcı fransız şirkətləri və qrup­larının rəhbərləri ilə 2,2 milyard dollar­lıq anlaşmalar imzalayıb. Azərbaycan dövləti və Heydər Əliyev Fondu Fran­sada çoxsaylı mədəni layihələr icra edib, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr Muzeyi bərpa olunub, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi, Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılıb.

Lakin bütün bunlara baxmaya­raq, Fransa qərəzli ermənipərəst mövqeyindən əl çəkməyib, bəzi fransız şirkətləri ikinci Qarabağ müharibəsinin son anlarınadək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməkdə davam ediblər. Noyabrın 25-də isə Fransa Senatı qondarma “dqr”in tanınmasını lazım bilib və bununla bağlı qətnamə qəbul edərək hökumətə belə bir addım atmağı məsləhət görüb. Azərbaycan tərəfi haqlı olaraq, bu sənədin heç bir əhəmiyyət kəsb etmədiyi qənaətindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev isə onu “adi kağız parçası” adlandırıb.

Bir sıra beynəlxalq səviyyəli siyasi ekspertlər də Fransa Senatının bu qətnaməsini olduqca qərəzli və ədalətsiz sənəd kimi qiymətləndirirlər. Bəziləri isə hesab edirlər ki, Paris belə bir sənəd qəbul etməklə özünü Dağlıq Qarabağ nizamlanmasından kənarda qoyub.

Təbii ki, belə bir qətnamənin qəbulu Fransa tərəfindən türk düşmənçiliyinin etirafıdır. Bu açıq təxribatla Fransa Azərbaycana qarşı qərəzli mövqeyini bir daha ortaya qoyub. Məhz buna görədir ki, Azərbaycanın Milli Məclisi məsələyə münasibət bildirərkən, hökumətə Fransanı Minsk qrupunun həmsədrliyindən kənarlaşdırmaqla bağlı addımlar atmağı məsləhət görüb. Yəqin ki, son nəticə belə də olacaq. Çünki Fransa artıq tamamilə özünü ifşa edib, açıq şəkildə işğalçı və terror­çu Ermənistanın maraqlarına lobbiçilik edib və bundan sonra vasitəçilik missi­yasında qala bilməz.

Bunu Fransanın özündə də yaxşı başa düşürlər. Buna görə də artıq senatorlar öz səslərini geri götürürlər. Senator Natali Qule isə ölkəsinin Azərbaycanın etimadına layiq olma­dığını bəyan edib. Fransanın Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda bildirib ki, rəsmi Paris qondarma “Dağlıq Qarabağ respublikası”nı tanı­mır. Bəyanatda qeyd edilir: “Noyab­rın 25-də Senat Fransa hökumətini öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ respublikası”nı tanıma­ğa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl aparılan müzakirələr zamanı Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan məsələ ilə bağlı Fransa hökumətinin mövqeyini xatırladıb: “Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır”.

Hesab edirik ki, Azərbaycan hökuməti Fransanın son zamanlarda atdığı qərəzli addımlarla bağlı öz qəti sözünü deyəcək.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

30 Noyabr 2020 23:39 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə