Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni dövrün yeni lideri

Siyasətçi bu günü və sabahı düşünür, xalqının şəriksiz lideri isə bütöv bir gələcəyi planlayır və qlobal layihələri uğurla həyata keçirir.

Hər kəsin bu həyatda öz missyası var. Tarix yazmaq bir missiyadırsa, tarix yazanın xidmətlərini dəyərləndirmək, təbliğ etmək başqa bir missiyadır. Tarix yazan öz millətinin, dövlətinin işıqlı gələcəyini yaradırsa, dəyər verən də həmin yaradanın haqqını, xidmətlərini dəyərləndirib gələcək nəsillərə ötürür. 1993-cü ilin iyununda – xalqın təkidli tələbləri ilə ümummili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqın və dövlətin taleyində yeni mərhələ başlandı. Qaranlıqdan qurtulmaq, işıqlı gələcəyə doğru addımlamaq mərhələsi. Gecəli-gündüzlü əmək və zəka sərf etməklə ölkəni daşlı-kəsəkli yoldan yeni inkişaf magistralı üzərinə qoyan ulu öndər Heydər Əliyev gələcək strategiyası­nı müəyyən edərək böyük xidmətlər göstərdi. Ümummilli liderin əbədiyyətə qovuşmasından sonra ürəklənən da­xili və xarici bədxahlar ilkin dönəmdə sevinsələr də onların bu xoşbəxtliyi uzun sürmədi. Tezliklə hamısı anladı ki, yola saldığı illərdə Heydər Əliyev yalnız dövlət qurmaqla məşğul olmayıb, həm də o dövlətin gələcəkdə başsız qalma­ması üçün yeni lider, sərkərdə yetişdirib.

Heydər Əliyev məktəbinin ən parlaq yetirməsi olan İlham Əliyev özü də bu gün bir məktəbdir. Yazdığı yeni tarixi dayanıqlı etmək üçün o da sadiq silah­daşlar yetişdirir, dəyərli kadrlar formalaş­dırır. Cənab İlham Əliyev də ümummilli liderimiz Heydər Əliyev kimi zaman-za­man uğurlu kadrların fəaliyyətindən bəhs etməyi unutmur. Bu günlərdə cənab Pre­zidentin Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini yüksək qiymətləndirməsi də bu fikri təsdiq edir. Vətən müharibəsi kimi, müqəddəs, şərəfli, amma eyni zamanda yetərincə ağır bir savaş dönəmində təhlükəsizlik sahəsinə kimin rəhbərlik etməsi heç şübhəsiz ki, çox önəmli məsələdir. Dövlət başçısı xalqı­mızın, dövlətimizin təhlükəsizliyinin eti­barlı əldə olmasına xüsusi diqqət yetirir. Başladığın işin yarımçıq qalmayacağına əminlik baxımından tarixi necə yazmaq­la yanaşı, kimlərə güvənib yazmaq da xüsusi bilik və bacarıqla yanaşı, həm də xüsusi istedad tələb edir.

2003-cü ilin noyabrında xalqımı­zın hamılıqla etdiyi qətiyyətli seçim Azərbaycan dövlətinin həyatında gerçək müstəqilliyin və inkişafın ikinci – İlham Əliyev mərhələsini başlatdı. Bu mərhələ o qədər inamlı və uğurlu oldu ki, xalq öz yeni liderinə yenidən etimad göstərərək, növbəti seçkilərdə ona səs verdi. Nəticədə möhtərəm Prezidentimiz yeni tarix yazmağa davam edir.

Cənab İlham Əliyevin necə parlaq bir lider olduğunu, Azərbaycanı hansı işıqlı gələcəyin gözlədiyini mən hələ 2003-cü ildə yazmışdım. Özü də dəfələrlə.

Sabaha inamla və İlhamla

2003-cü ilin oktyabrında “Saba­ha inamla və İlhamla” adlı kitabım işıq üzü gördü. Həmin ayın 27-də Qərb Universitetində kitabın təqdimat mərasimi keçirildi. Tezliklə ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində bütün göstəricilərinə görə lider namizəd sayılan İlham Əliyevin keçdiyi şərəfli həyat yolunu, karyerasını əks edirən belə bir kitabın ərsəyə gətirilməsini mərasim iştirakçıları mühüm hadisə kimi dəyərləndirdilər. Həmin gün natiqlər qeyd etdilər ki, cənab İlham Əliyevin həyatından bəhs edən bu kitabı baş­qalarından fərqləndirən əsas cəhət, müəllifin şair, yazıçı, qələm əhli yox, Vətənini, xalqını, onun siyasi liderini sevən iş adamı olmasıdır. Kitabda cənab İlham Əliyevin fəaliyyətinin, xidmətlərinin analitik və publisistik elmi izahını, şərhini müsbət dəyərləndirən millət vəkilləri– Aydın Mirzəzadə və Məlahət İbrahim­qızı bildirmişdilər ki, İlham Əliyevin həyat yolunu xronoloji ardıcıllıqla şərh edən, keçilmiş mərhələlərdən danışan, onun qarşıdakı dövrdə daha böyük uğurlar qazanacağını vurğulayan bu əsər universitetlərdə siyasi dərslik kimi istifadə edilə bilər. Aydın Mirzəzadə təklif etmişdi ki, “Sabaha inamla və İlhamla” kitabının gələcəkdə “Bu gün inamla və İlhamla” adlı ikinci hissəsinin də ərsəyə gətirilməsi faydalı olardı.

Yeri gəlmişkən deyim ki, həmin kitab ümummili liderimizə və onun layiqli da­vamçısına sadiq olan dövlət adamlarının da diqqətini cəlb etmişdi. Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov “Sabaha inamla və İlhamla” kitabını oxuyandan sonra məni dəvət etmiş, əsər barədə fikirlərini bölüşmüş, xoş arzularını bildirmişdi. Nazir qarşıda cənab İlham Əliyevin daha parlaq qələbələri olacağını xalqımızı, dövlətimizi daha işıqlı gələcəyə apara­cağını, dünyanı heyrətləndirən uğurlara imza atacağını bildirib, kitabın ikinci hissəsinin yazılmasını tövsiyə etmişdi.

Heç şübhəsiz ki, cənab İlham Əliyev və onun gələcək qələbələri haqda belə inamla söhbətlər edilməsi, proqnozlar verməsi təsadüfi deyildi...

Hələ 2003-cü ilin avqustunda, “Azad Azərbaycan” qəzetində çap edilmiş “Bir ata yüz müəllimdən üstündür” sərlövhəli məqaləmdə Prezident övladı olmağın məsuliyyətindən danışmışdım. Söhbət Heydər Əliyev kimi nəhəng tarixi şəxsiyyətin, xalqının ümummili lideri olan bir Prezidentin oğlu olmaqdan gedirdi. Ümummilli liderin oğlu olmaq və məhz ondan sonra dövləti idarə etmək, başqa, həm də çox yüksək məsuliyyət yaradır.

Bir dövlətin, millətin taleyində prezidentlər çox olur. Ümummilli lider isə, bir nəfər olur. O da hələ olsa. Yer üzündə çox az gerçək lider var ki, onların siyasi varisləri də özləri qədər uğurlu olsun. İlham Əliyev isə təkcə atası Heydər Əliyevin yox, təkcə Prezident Heydər Əliyevin yox, həm də Azərbaycan xalqının şəriksiz ümummilli lideri Heydər Əliyevin etimadını doğrul­dub, onun vəsiyyətlərini uğurla həyata keçirib, ən böyük arzusunu yerinə yetirdiyini – Qarabağı işğaldan azad etdiyini, Azərbaycanın Qüdsü, Məkkəsi, mənəviyyat məbədi sayılan Şuşaya bay­raq sancdığını onun müqəddəs ruhuna məruzə edib.

Həmin yazıda İlham Əliyevin 1994-cü ildən – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidentliyindən ölkə Prezidentinə qədər keçdiyi yolu, karyerasını, yerli və beynəlxalq qurum­larda tutduğu ciddi postları vurğulaya­raq, dövlət idarəçiliyinə necə pillə-pillə, addım-addım yüksəldiyini, hər yeni nailiyyətinin təsadüf olmadığını qeyd etmişdim. İndi, son günlər – xüsusən də sentyabrın 27-dən başlayan və uğurla, müqəddəs qələbə ilə nəticələnən Vətən müharibəsini və siyasi prosesi müşahidə etdikdən sonra tam əminliklə deyirəm ki, cənab İlham Əliyevin prezidentlikdən əvvəl tutduğu postlarda və prezident­liyinin indiyə qədərki dönəmində əldə etdiyi uğurlar əslində bu gün Qarabağda müşahidə etdiyimiz parlaq qələbəyə ha­zırlıq idi. Vaxtında xalqımızın ümummilli lideri Heydər Əliyev öz oğlunu bu yollar­dan, sınaqlardan keçirirdi ki, sonradan işıqlı arzularını reallaşdıra, müqəddəs vəsiyyətini gerçəkləşdirə biləcək, xalqı­mızı və dövlətimizi əmanət edib gedə biləcəyi siyasi varisi olsun.

Onu da deyim ki, möhtərəm Prezi­dentimiz, cənab İlham Əliyevdə olan güc, qüdrət, analitik təfəkkür, siyasi və hərbi manevr imkanları, fövqəladə cəsarət və qətiyyət onu həm də yeni tarix yazan, yeni dünya yaradan liderə çevirdi.

Müasir dünya yeni lider tipi – universal şəxsiyyətlə üz-üzədir

Hazırda Rusiya, eləcə də Qərb politoloqları, siyasi ekspertlər etiraf edirlər ki, sovetlər birliyi dağılandan sonra Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan öz müstəqilliyini qoruya bildi. Əvvəl Azərbaycan xalqı­nın ümummilli lideri Heydər Əliyevin, sonra da Prezident İlham Əliyevin sayəsində təkbaşına, müstəqil siyasət yürüdən rəsmi Bakı nə Qərbin, nə də başqa qüvvələrin təsiri altına düşmədi. 2003-cü ilin fevralında “Gülüstan” qəzetində yazdığım “Cəsarət mənəvi keyfiyyətdir” adlı məqalədə cənab İlham Əliyevin bir sıra keyfiyyətləri ilə yanaşı sarsılmaz cəsarətini də qeyd etmişdim. Bu gün artıq xalqımız diplomatiya və döyüş meydanında bu cəsarətin aş­kar təzahürünün və parlaq nəticəsinin şahidi olub. Artıq beynəlxalq arenada dostlarımız da, bədxahlarımız da İlham Əliyevin cəsarətini etiraf edirlər deyə, bu məsələnin üzərində dayan­maq istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, o vaxt cənab İlham Əliyevin gələcəkdə necə parlaq qələbələrə imza atacağını qeyd edərkən, toxun­duğum məsələlərdən biri də onun AŞPA-nın vitse-prezidenti və büro üzvü seçilməsinin dəyərləndirilməsi idi. Yazımda bildirmişdim ki, “bu, respublika­nın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əla imkanlar yaradır”. Məhz həmin təcrübənin və sonradan prezidentlik dönəmində beynəlxalq təşkilatların mahiyyətini daha dərindən analiz etməsinin nəticəsidir ki, bu gün cənab Prezident nəinki AŞPA və digər belə qurumların layiq olduğu cavabı verir, hətta onların Azərbaycanın haqq işində əl-ayağa dolaşmasının qarşısı­nı qətiyyətlə alır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bəzi böyük dövlətlərə və böyük beynəlxalq təşkilatlara dünya düzənində öz yerlərini göstərir...

Yekun

Pandemiyanın tüğyan etdiyi 2020-ci il həm də İlham Əliyev fenomeni ilə dünya­nın yaddaşında qalacaq.

İlham Əliyev bir siyasətçi kimi öz simasında beynəlxalq aləmə yeni və mükəmməl lider təqdim etdi.

İlham Əliyev bir diplomat kimi dünyaya yeni çalarlı təmkin nümayiş etdirdi.

İlham Əliyev bir sərkərdə kimi müasir dünyaya daha müasir hərb qaydaları, yeni müharibə taktikası təqdim etdi.

Bütün bunlarla yanaşı İlham Əliyev həm də öz bacarığı, uzaqgörənliyi, ən başlıcası qətiyyətli qərarları ilə ümummil­li lider Heydər Əliyevin əmanəti sayılan Azərbaycan dövlətinə və xalqına ictimai-siyasi sabitlik, qürur, fərəh dolu yeni ruh, qüdrətdən yoğrulmuş, müasir silahlarla təchiz olunmuş, dünyanı heyrətə gətirən qalib ordu, müqəddəs zəfər bəxş etdi. İlham Əliyev Azərbaycan xalqının dəmir yumruq kimi birliyini yaratdı, əhvalını yenilədi, onu uzun illərin üzüntüsündən, sarsıntıdan xilas edib özünə güvənən böyük bir qüvvəyə çevirdi.

Uzun illərin iqtisadi, siyasi və hərbi hazırlığından sonra İlham Əliyev nəinki dünya azərbaycanlılarının, bütün türk dünyasının ağrısına çevirlmiş Qarabağ düyününü açdı, 30 ildir dünyanın qəlizləşdirdiyi, mürəkkəbləşdirdiyi, sanki çözümü yoxmuş kimi təqdim etdiyi bu problemi böyük zəkası, yenilməz iradəsi ilə birdəfəlik həll etdi...

O vaxtkı yazılarımda müxalifət barədə də qeydlər etmişdim. Amma daha ölkədə İlham Əliyevə qarşı müxalifət olmaq xəyalına düşən qüvvə qalmadığından bu mövzuya vaxt sərf etməyə lüzum görmürəm. İndi siyasi qütblərin hər başında olanlar gözəl anlayırlar ki, belə bir universal liderə müxalif olmaq ağılsızlıq və sadəcə öz ömrünü puç etməkdir. Qarabağ savaşı­na – müqəddəs Vətən müharibəsinədək olan dövrdə Azərbaycanın iqtisadi sahədəki uğurları Prezident İlham Əliyevi onsuz da dünya liderinə çevir­mişdi. 44 günlük (və ondan sonra, indi müşahidə olunanlar) hərbi-siyasi və diplomatik müstəvidəki parlaq qələbədən sonra dünyada özünü cənab İlham Əliyevə opponent sayanların da böyük əksəriyyəti bu fenomeni etiraf etmək məcburiyyətində qaldılar. Ağıllılar dərhal öz ambisiyalarını kənara qoyub, liderlik kitabını qatlayaraq geri çəkildilər, ağıl­sızlar isə Azərbaycan Prezidentinin sərt yumruğu, qətiyyətli cavabı ilə üzləşdilər və hələ də üzləşməkdədirlər.

Hazırda köhnə dünya Azərbaycan Prezidenti, cənab İlham Əliyevin sima­sında mükəmməl iqtisadi-siyasi və hərbi keyfiyyətlərə malik yeni liderlə üz-üzədir. Bundan sonra dünya liderləri siyasətçiyə vacib olan bəzi keyfiyyətləri deyil, bütün keyfiyyətləri özlərində cəmləşdirmək məcburiyyətindədirlər. Artıq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin simasında yeni lider örnəyi vardır.

Yüksəkliyiniz, ucalığınız daimi olsun, möhtərəm Prezident, cənab Ali Baş Komandan!

İbrahim QULİYEV,
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini

30 Noyabr 2020 23:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə