Ən son xəbərlər
İşğaldan təmizlənən ərazilərimizdə salamat bir bina, bir infrastruktur qalmayıb. Bütün yaşayış məntəqələri xarabalığa çevrilib. Yeraltı və yerüstü sərvətlər talan edilib. Erməni barbarlığı o həddə çatıb ki, hətta evlərin pəncərə çərçivələri, unitazlar belə oğurlanıb. Ona görə də biz bu əraziləri bərpa edəcəyik. Biz kömək edəcəyik. Biz işğaldan azad edilən yaşayış sahələrimizi təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq...
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan qurub-yaradır, ölkənin çiçəklənməsini, inkişafını daim diqqətdə saxlayır: “Biz işğaldan azad olunan bütün şəhərləri, rayonları da yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki, bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır”.
Dövlətimizin başçısı, həmçinin, ilk növbədə, dəyən bütün ziyanın beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacağını, sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulacağını, kənd təsərrüfatının inkişaf etdiriləcəyini, infrastruktur layihələrinin reallaşdırılacağını, su, işıq ilə əlaqədar lazımi tədbirlər görüləcəyini vurğulayıb.
Xatırladaq ki, sözügedən istiqamətdə tədbirlərin başlanılması ilə bağlı dövlətimizin başçısı cari il noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəyən ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Bu gün işğaldan azad edilən regionların faydalı qazıntılarla zəngin olması, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın, habelə iqtisadiyyatın digər sahələrinin tərəqqisi baxımından münbit şəraitin mövcudluğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığı ilə həmin ərazilərdə infrastrukturun qurulması, tikinti, abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır.
Yeri gəlmişkən, düşmən tapdaq altında saxladığı yaşayış məntəqələrimizi tamamilə dağıdıb, təbii sərvətlərimizi talan edib. Məsələn, təkcə ötən il Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 637 milyon 70 min manat, o cümlədən, Ağdam üzrə 172 milyon 934 min manat, Füzuli üzrə 138 milyon 652 min manat həcmində məhsul istehsal edilib. Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdəki yaşayış məntəqələrində, respublikanın digər bölgələrində yerləşən idarə və müəssisələrin hesabına reallaşıb. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə isə cəmi 0,1 faizdir. Bu, o deməkdir ki, uzun müddət işğal altındakı ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb. Təkcə Xaçmaz rayonu bütün işğal altında olan rayonlarımız qədər məhsul istehsal edib. Bəzi rayonlarımızda, hətta daha çox istehsal göstəriciləri qeydə alınıb. Göründüyü kimi, Ermənistanın işğalı nəticəsində 27 ildən çox müddətdə böyük iqtisadi potensial məhv edilib.
Bu faktlar düşmənin rayonların təbii ehtiyatlarını qeyri-leqal olaraq mənimsədiyini, işğal nəticəsində yaşayış məntəqələrinə ən azı on milyard dollarla ziyan vurduğunu göstərir.
Xatırladaq ki, son günlər dünya mətbuatında erməni barbarlığı haqqında geniş materiallar yerləşdirilib. Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində ermənilərin Kəlbəcəri tərk etmək ərəfəsində törətdikləri vandal əməllər barədə məqalə verilib. Yazıda Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri tərəfindən imzalanan bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycana qaytarılmalı olan Kəlbəcər rayonunda sonradan məskunlaşan ermənilərin yaşadıqları evləri yandırmalarından, dam örtüyü də daxil olmaqla tikinti materiallarını söküb aparmalarından, meşə massivlərini talan etmələrindən söz açılıb.
“Reuters” müxbirlərinin reportajinda isə Kəlbəcərdə ermənilərin törətdikləri vandal hərəkətlərin dəhşət doğurduğu, düşmənin tərk etdiyi əraziləri xaraba qoyduğu bildirilib.
Təəssüf ki, erməni silahlı qüvvələri illərlə işğal altında saxladıqları Kəlbəcərlə bərabər, digər ərazilərimizdə də infrastrukturu dağıdıblar, resursları talan ediblər. Məsələn, Ağdamı ruhlar şəhərinə çeviriblər. Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bu şəhərin, onun yaşayış məntəqələrinin vandalizmin qurbanı olduğunu, ancaq buna baxmayaraq, bu ərazilərdə yeni dövrün başlandığını, bununla bağlı böyük planların olduğunu deyib: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.
Dövlətimizin başçısı çıxışlarının birində vurğuladığı kimi, torpaqlarımız tam şəkildə işğaldan azad edildikdən sonra bərpa proqramları reallaşdırılacaq, Qarabağ torpaqlarına yeni nəfəs veriləcək, yeni ruh gələcək. Məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar.
Qarabağda zəngin təbii ehtiyatlar mövcuddur. Bu, regionun iqtisadiyyatının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq.
Xatırladaq ki, Dağlıq Qarabağ və ətraf rayonlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan və Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar yataqlar yerləşir. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi məhz Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub. Bundan sonra isə bu zəngin və qiymətli yataqlar xalqımızın rifahına yönəldiləcək. Bu, son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, iş yerlərinin yaradılmasını, ixrac potensialımızın artırılmasını şərtləndirəcək.
İşğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, tez bir vaxtda həmin ərazilərdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.
Ekspertlər həmin ərazilərdəki şəhərlərin bərpasının dağıdıldığı dövrdə olduğu kimi deyil, daha müasir tələblərə cavab verəcəyini bildirir, “Smart şəhərlərin (“Ağıllı şəhər”) qurulmasına xüsusi diqqət yetiriləcəyini vurğulayırlar. Bu zaman Şuşanın mədəniyyət, elm mərkəzi kimi formalaşdırılacağını da xatırladırlar.
Hazırda yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşası sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərləri zamanı Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb. Dövlətimizin başçısının sərəncam və tapşırığına əsasən, Şuşanın, ümumilikdə Qarabağı gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 kilometr, yolun ümumi eni isə 37,7 metr təşkil edəcək.
Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa, layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik bir ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan- Ermənistan ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən layihəboyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası tədbirləri reallaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə