Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Kommunikasiyaların açılması yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımi şərtləri formalaşdıracaq

Noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Bu, Azərbaycanın tam qələbəsini təmin edən sənəd olmaqla bərabər, üç rayonumuzun da döyüş aparılmadan qaytarılması deməkdir. Hazırda anlaşma əsasında nəzərdə tutulmuş Ağdam və Kəlbəcər rayonları şanlı Azərbaycan Ordusunun tam nəzarəti altındadır və yaxın bir neçə saatda da Laçın rayonu işğaldan azad ediləcək. Bu böyük qələbələr xalqımızın və bütövlükdə, regionumuzun tarixində yeni sülh və əməkdaşlıq mərhələsinə yol açır. Hazırda prosesin tərkib hissəsi olaraq Rusiya sülhməramlılarının regiona gəlməsi davam etdirilir. Sonuncu belə sövqetmə Azərbaycanın Rusiya ilə həmsərhəd bölgəsi olan şimal rayonlarımızdan daxil olmaqla, Bərdəyə istiqamətləndirildi və tam təhlükəsiz şəraitdə sülhməramlılar və humanitar yüklər təyinat məntəqəsinə çatdırıldı. Bu fakt bir daha Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etibar və etimada söykənən münasibətlərin göstəricisi olmaqla bərabər, həm də Azərbaycanın üzərinə götürdüyü hər hansı anlaşma şərtlərini məsuliyyətli dövlət kimi yerinə gətirməsi hadisəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu əlavə edib ki, bu vaxta qədər Rusiyadan gətirilən yüklər və sülhməramlı kontingent hava nəqliyyatı vasitəsilə Ermənistan üzərindən həyata keçirilirdi ki, bu da əlavə xərclər və vaxt itkisi hesabına başa gəlirdi. Azərbaycanın ərazisindən keçən yol nəqliyyat kommunikasiyası isə həm əlavə xərclərin, həm də vaxt itkisinin qarşısını alır. Dekabr ayının 1-dən sonra biz de-fakto postmüharibə mərhələsinə qədəm qoyacağıq ki, bu da özlüyündə üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasının başlanğıc mərhələsi hesab olunacaq. Kommunikasiyaların açılması isə yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımi şərtləri formalaşdıracaq.

“Hesab etmək olar ki, yüklərin Azərbaycandan daşınması artıq bu yeni mərhələnin başlanmasının işarəsidir və onun hər hansı bir insidentsiz baş tutması özlüyündə növbəti əməkdaşlıq münasibətləri üçün də çoxtərəfli etimad mühitinin yaranmasına xidmət edir. Nəticə etibarilə, hamımız bilirik ki, regionumuzda sülhün və əməkdaşlığın bərqərar olunması və xüsusilə, bunun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra baş verməsi hamıdan çox elə Azərbaycanın istəyi idi və biz bu məqsədimizə çatmışıq”, - deyə Hikmət Babaoğlu fikirlərini yekunlaşdırıb.

30 Noyabr 2020 22:22 -

Köhnə versiyamızdan xəbərləri izlə