Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar

Bu günlərdə “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətlərinin ölkədə pivəlik arpa kultivasiyasının inkişafı üzrə tərəfdaşlığı çərçivəsində gələcək əməkdaşlıq haqqında memorandum imzalanması mərasimi keçirildi. 

Xatırladaq ki, 2019-cu ildə pivə istehsalı üçün xammalın lokalizasiyası məqsədilə “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri tərəfindən Azərbaycanda pivəlik arpa becərilməsi üzrə pilot layihəyə start verildi. Pilot əkinin əsas məqsədi yerli şəraitdə sınaqların aparılması, pivə istehsalı üçün yararlılıq nöqteyi-nəzərindən keyfiyyət göstəricilərinə uyğunluğun müəyyən edilməsi yolu ilə sınaqdan keçirilən növlərin potensial məhsuldarlığının aşkar edilməsindən ibarət idi. Pivə istehsalı üçün ilk yerli arpa məhsulunun nümunələri “Carlsberg Group”un yerli və regional laboratoriyalarında sınaqdan keçirildi və bu, layihənin daha da genişləndirilməsinə imkan yaratdı.  

Beləliklə, 2020-ci ilin noyabr ayının ortasında Şəmkir rayonunda 70 hektar ərazidə pivəlik arpa əkini həyata keçirildi ki, bu da 2021-ci ildə “Carlsberg Azerbaijan”ın pivə istehsalı üçün arpaya olan illik tələbatının 10 faizdən çoxunu təmin etməyə və 2022-ci ilə yerli arpa ilə təminatı daha da artırmağa imkan verəcək.   

Memorandum imzalanması təşəbbüskar şirkətlər, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa çərçivəsində baş tutdu. COVID-19 pandemiyası ilə əlaqədar olaraq tədbir epidemioloji təhlükəsizlik tələblərinə uyğun olaraq təşkil edilmişdir.

Dəyirmi masa ətrafında tərəflər  layihənin inkişafının perspektivlərini, həmçinin pivə istehsalı üçün zəruri olan bir sıra digər xammal növlərinin lokalizasiya imkanlarını müzakirə etdilər.

Anar Mehdiyev, “AzərŞəkər” şirkətinin baş direktoru: “3 ildən artıqdır fəaliyyət göstərən şirkətimizin məqsədi, ölkəmizin müxtəlif rayonlarında müasir kənd təsərrüfatı sahələri yaratmaq və innovativ əkinçiliyin inkişafına yatırım etməkdir.  Düşünürəm ki, bu istiqamətdə 3 il kimi qısa müddətdə önəmli uğurlara imza atmışıq. Qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də ölkəmizdə istehlak olunan ərzaq məhsullarının istehsalının yerli xammal hesabına həyata keçirilməsidir. Becərdiyimiz ilk məhsullardan biri də şəkər çuğundurudur. Builki məhsuldarlığımız hektardan 80 ton olmuşdur və bu kifayət qədər yüksək nəticədir.

Uzun müddətdir Azərbaycanda pivə istehalını həyata keçirən “Carlsberg Azerbaijan” şirkətinin istehsal zamanı yerli arpa xammalından istifadə etmək istəyi bizi sevindirir. Bu təşəbbüsə görə, başda Vyaçeslav Maltsev olmaqla “Carlsberg Azerbaijan” şirkətinə təşəkkür edirik. “Carlsberg Azərbaycan” şirkəti ilə birlikdə ötən il həyata keçirdiyimiz test əkinləri uğurla başa çatmışdır. Bu səbəbdən əməkdaşlığımızı yeni mərhələyə keçirərək bu gün əməkdaşlıq memorandumu imzalayırıq. Əminik ki, əməkdaşlığımız tək şirkətlərimiz üçün deyil, həm də ölkə iqtisadiyyatına və xammalın idxalının azalmasına töhvə verəcəkdir.”

Vyaçeslav Maltsev, “Carlsberg Azerbaijan”ın baş direktoru: “Tərəfimizdən imzalanmış əməkdaşlıq haqqında memorandum təkcə “Carlsberg Azerbaijan” və “AzərŞəkər” üçün deyil, həm də Azərbaycan iqtisadiyyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq onilliklər keçdikdən sonra məhsuldar Azərbaycan torpaqlarında pivəlik arpa becərilməsini canlandıracaq və tərəfimizdən istehsal olunan pivənin 100 faiz Azərbaycan pivəsi olmasını təmin edəcəkdir: çünki məhsulumuz Xırdalanda yerləşən zavodumuzda, Şəmkirdə becərilmiş arpadan azərbaycanlı pivəbişirəninin sayıq nəzarəti altında, şübhəsiz ki, “Carlsberg Group”un dəyişilməz yüksək keyfiyyət standartlarına əməl edilməklə istehsal olunacaq. Əminəm ki, biz yolun lap əvvəlindəyik və Azərbaycanda becərilən pivəlik arpa yaxın illərdə yerli istehsalçıların xammal tələbatını tamamilə ödəməklə yanaşı, həm də ixrac məhsuluna çevirməyə imkan verəcəkdir.”

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

30 Noyabr 2020 16:23 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə