Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirin “Cümhuriyyə” nəşri: Azərbaycan Prezidenti heç kimin İslam abidələrini təhqir etməsinə imkan verilməyəcəyini bəyan edib

Misirin “Cümhuriyyə” nəşri “Azərbaycan Prezidenti heç kimin İslam abidələrini təhqir etməsinə imkan verilməyəcəyini bəyan edib” sərlövhəli məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, jurnalist Mustafa Yasinin müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Ağdam məscidinin qarşısında etdiyi çıxışdan sitatlar yer alıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı məscidləri bağlayan, islamofobiya yayan dairələrin, yaxud müsəlman məbədlərinə kəsilmiş donuz başları atanların tolerantlıq nümunəsi olan Azərbaycana irad tuta bilməyəcəyini vurğulayıb.

Məqalədə Azərbaycanın dövlət başçısının dini-mənəvi dəyərlərə verdiyi əhəmiyyət diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev bu kontekstdə deyib: “Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax, bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb”.

O əlavə edib ki, bir neçə il əvvəl Ağdam məscidində olan ATƏT-in Minsk qrupunun həmsədrləri ermənilərin bu vəhşiliyinə biganə qalıb, beynəlxalq ictimaiyyət qarşısında heç bir məsələ qaldırmayıb. Eyni zamanda, bu cür vəhşiliklər Qərb liderlərində də heç bir narahatlıq yaratmayıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

29 Noyabr 2020 16:19 -

Köhnə versiyamızdan xəbərləri izlə