Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna XİN başçısı: Türkiyə ilə sıx əlaqələr bütün region üçün vacibdir

Ukrayna və Türkiyə arasında pozitiv əlaqələr təkcə iki ölkənin əməkdaşlığı üçün deyil, bütün region üçün vacibdir. Bu barədə “Anadolu”ya müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında əməkdaşlıq heç zaman olmadığı qədər yüksək səviyyədədir: “Kiyev həm də dövlət başçıları arasın­da qarşılıqlı anlaşmadan razıdır. Birgə layihələrimizi pozitiv qiymətləndirmək lazımdır”.

XİN başçısı iki ölkənin müdafiə layihələri çərçivəsində uğurla əməkdaşlıq etdiyini qeyd edib: “Bu layihələr qarşılıqlı etimadı və isteh­salı möhkəmləndirməyə imkan verib. Biz bu sahədə ciddi uğurlara çatsaq (bunu isə indidən təsdiq etmək olar), gələcəkdə dünya səviyyəli layihələr həyata keçirə bilərik. Biz hazırda “Anto­nov” nəqliyyat təyyarəsinin yaradılması çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edirik. Ukrayna istehsalı olan bu təyyarələrə bütün dünyada maraq göstərilir”.

Kuleba deyib ki, Ukrayna və Türkiyə xarici siyasət sahəsində də yaxşı əlaqələr qurublar. Bu il dekabrın ikinci yarısında Kiyevdə iki ölkənin xarici işlər və müdafiə nazirlərinin “iki üstəgəl iki” formatında görüşü planlaşdırılır. Bu barədə Ukrayna Prezidenti Vladimir Ze­lenskinin İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı razılıq əldə olunub.

Ukraynalı nazir Türkiyə ilə azad ticarət haqqında sazişin razılaşdırılması üzrə səyləri də yüksək qiymətləndirib: “Bu, ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açacaq. Ekspertlər sazişin detallarını müzakirə edirlər”.

Cənubi Qafqazdakı vəziyyətdən da­nışan Ukrayna XİN başçısı bəyan edib ki, ölkəsi həmişə Azərbaycanın ərazi bü­tövlüyünü və suverenliyini dəstəkləyib: “Dağlıq Qarabağla bağlı mövqeyi­miz beynəlxalq hüquqa əsaslanır və Türkiyənin mövqeyinə uyğundur. Hər bir “dondurulmuş” adlandırılan münaqişə, əslində, istənilən anda partlaya bilər. Bu, Dağlıq Qarabağda baş verənlərdən çıxarılmalı olan əsas dərsdir”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

29 Noyabr 2020 00:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə