Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” adlı sənədli filminin CBC telekanalında premyerası olub. Filmdə SSRİ ilə ABŞ arasında ən dramatik qarşıdurmalardan birindən – 1962- ci ildə başlanmış Karib böhranından bəhs edilir. Bu böhranın aradan qaldırılmasında Anatoli Fyodoroviç Dobrınin əvəzsiz rol oynayıb.

Anatoli Dobrınin 1962-ci ildə SSRİ-nin ABŞ-da səfiri təyin edilib və demək olar ki, əsrin dörddəbiri qədər bu vəzifədə çalışıb. Bu müddətdə Birləşmiş Ştatlara altı prezident rəhbərlik edib. O vaxt hələ gənc olan sovet diplomatı Anatoli Dobrıninin ünsiyyətdə olduğu ilk ABŞ Prezidenti Con Kennedi idi. Dobrınin ilə Kennedi ara­sında etimada əsaslanan münasibətlər yaranması Karib böhranının həllində və daha sonra “Raketdənmüdafiə Sistemlərinin Məhdudlaşdırılması haqqın­da” Müqavilənin imzalanma­sında müstəsna rol oynayıb.

AZƏRTAC xəbər verir ki, filmə nadir sənədli sübutlar və o dövrün mühüm tarixi hadisələrinin bilavasitə işti­rakçıları – Anatoli Dobrıninin özü, ABŞ-ın sabiq müdafiə naziri Robert Maknamara, Birləşmiş Ştatların ovaxtkı dövlət katibi Henri Kissincer və bir sıra başqa diplomatlar­la müsahibələr daxil edilib.

Tarixi-sənədli filmin müəllifi Mixail Qusman Anatoli Dobrıninlə şəxsən tanış idi. Onlar 1975-ci ildə tanış olublar. İllər keçəndən sonra Mixail Qusman sovet diplomatiyasının əfsanəsi ilə geniş müsahibəni lentə alıb və həmin müsahibə filmin süjet xəttinin əsasını təşkil edib. Mixail Qusman bu film barədə azərbaycanlı tama­şaçılara məlumat verərək deyib ki, onun bu ekran əsəri Anatoli Dobrıninin 100 illiyinə həsr edilib və bu görkəmli diplomatın xatirəsinə hörmət əlamətidir. Çox cəhətdən məhz Dobrıninin səyləri sayəsində dünya nüvə müharibəsi təhlükəsindən xilas olub.

Mixail Qusman sənədli filmin CBC telekanalında göstərilməsindən əvvəl söylədiyi ön sözdə deyib: “Biz dünyamızın nə qədər kövrək olduğunu və çox vaxt özü­müz də bunu dərk etmədən fəlakətli həddə yaxınlaşdı­ğımızı, bəşəriyyətin necə dəhşətli təhdidlərlə üzləşməli olduğunu göstərmək istəmişik.

Mən bu filmin hələ yaz ay­larında Bakıda göstərilməsini planlaşdırırdım, lakin gözlənilmədən meydana çıx­mış pandemiya planlarımızı dəyişdirdi.

Münaqişələrin həllində diplomatik səylərin rolunu lazımınca qiymətləndirmək çətindir. Biz bunu Ermənistan– Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsinin ni­zamlanması nümunəsində aşkar gördük. Rusiya və Azərbaycan prezidentlərinin çox böyük diplomatik səyləri, Ermənistanın baş naziri tərəfindən vəziyyətin başa düşülməsi üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Mənə belə gəlir ki, bununla əlaqədar film həm süjet ba­xımından maraq doğuracaq, həm də dünyamızın bu gün də çox kövrək olduğunu anla­maq üçün ibrət dərsi olacaq”.

29 Noyabr 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə