• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: “Star Rafineri” layihəsinin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır

Prezident İlham ƏLİYEV: “Star Rafineri” layihəsinin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da mühüm önəm daşıyır. Hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də, ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. 

 

 

 

Hər iki dövlətin reallaşdırdığı mühüm layihələrdən biri də bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsidir. Bu münasibətlə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.
 

Qardaş ölkədə SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi “Star” neft emalı zavodu da Azərbaycan-Türkiyə strateji əməkdaşlığına mühüm töhfədir.
Türkiyənin İzmir şəhərində adıçəkilən müəssisənin açılış mərasiminin keçirilməsi Azərbaycanla qardaş ölkə arasında strateji əməkdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqinə çevrildi. Azərbaycanın Türkiyəyə investisiya yatıran ölkələr arasında 5-ci sırada gəlməsi də bunun parlaq ifadəsidir. Yeri gəlmişkən, əgər əvvəllər Türkiyə Azərbaycan üçün aparıcı investorlardan biri idisə, hazırda respublikamız qardaş ölkə üçün eyni rolu oynayır. Bu baxımdan, Türkiyə iqtisadiyyatına investisiya həm də iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. “Star” neft emalı zavodunun istifadəyə verilməsi də tərəflər arasında strateji əməkdaşlığın daha əlverişli zəmində genişlənməsinə imkan verəcək. 
Xatırladaq ki, adıçəkilən müəssisənin ümumi neft emalı gücü 10 milyon tondur və zavodun əsas xammal tədarükçüsü SOCAR-dır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu müəssisədə avqust ayından etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz respublikamızdan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Bu müəssisə 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilən qazın idxal səviyyəsi də 70 faizə enəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.
“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Müəssisə “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.
Onu da deyək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.
Xatırladaq ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabr ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.
Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 19-da Türkiyənin İzmir şəhərində keçirilən “Star Rafineri” neft emalı zavodunun açılış mərasimində çıxış edərək deyib: “Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”.
Prezident İlham Əliyev çıxışında yenidən qardaş Türkiyəyə səfərindən məmnunluğunu diqqətə çatdıraraq, iki ölkə arasında əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu qeyd edib. Ötən ay Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi paradın Türkiyə- Azərbaycan birliyinin sarsılmazlığının, bu birliyin əbədiliyinin təsdiqinə çevrildiyini də bildirib. 
Prezident İlham Əliyev çıxışında “Star” neft emalı zavodu barədə də ətraflı bəhs edib. Dövlətimizin başçısı deyib: “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində etdiyi çıxışında “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrinin strateji miqyasının daha da gücləndiyini xüsusi vurğulayıb, Türkiyə və Azərbaycanın liderliyi ilə reallaşdırılan hər bir layihənin ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirdiyini xatırladıb: “Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir”.
Qeyd edək ki, “Star” müəssisəsi Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəlib. Zavodun iri neft-kimya kompleksi olan “Petkim”in yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaq.
Müəssisə artıq 2019-cu ildən etibarən tam gücü ilə fəaliyyətə başlamağı planlaşdırır. Zavodda 1100 nəfər daimi işlə təmin ­olunacaq.
SOCAR prezidenti Rövnəq Abdullayevin dediyinə görə, zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisədən hər il 600 milyon dollardan çox gəlir əldə olunacaq. 
Sonda qeydləri ekspertlərin bir fikri ilə yekunlaşdırmaq istərdik. Bildirilir ki, respublikamızın xaricdə, o cümlədən Türkiyədə ən böyük investisiya qoyuluşu olan “Star Rafineri” zavodu Azərbaycanın böyük iqtisadi gəlir əldə etməsinə şərait yaradacaq. Hətta lirənin ciddi dəyərsizləşməsi ehtimalında belə bu müəssisə gəlirliliyini saxlamaq imkanına malik olacaq. Əldə ediləcək gəlirlərdə valyuta riski qorunacaq. Müəssisənin işə düşməsi SOCAR-ın və Azərbaycan dövlətinin gəlirini artıracaq. Bu gəlirlərdən səmərəli istifadə olunması, onların yenidən gəlirli sahələrə yatırılması ölkəmiz üçün böyük faydalar verəcək.
Yeri gəlmişkən, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilən “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

20 Oktyabr 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin