Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəxsi gigiyenaya əməl etmək pandemiyadan qorunmaqda mühüm rol oynayır

Son günlər yoluxma saylarının artımı heç də ürəkaçan deyil. Hazırda pandemiyanın ölkəmizə gəlməsinin 39-cu həftəsini yaşayırıq. Son bir həftə ərzində ümumi yoluxma sayı 20 min nəfərə yaxın olub. Təəssüf ki, koronavirus səbəbindən son həftə 164 nəfər həyatını itirib. Rəqəmlər hər birimizi ciddi narahat edir.

Yayda yoluxma sayın­dakı azalmanın və hazırkı artımın müəyyən səbəbləri var, buna bir sıra amillər təsir edir. Dünyadakı artımın fonunda bizim ölkədə də artım nəzərə çarpır. Təbii ki, bu fəsillə, havaların soyu­ması ilə əlaqədardır. Artım tendensiyası gündən-günə çoxalır. Bu günün iki min xəstəsini götürsək, onla­rın hər birinin başqaları ilə təmasda olduğunu da nəzərə almalıyıq. Bir neçə gün sonra yoluxanlarla təmasda olanlar­da da əlamətlər inkişaf edir. Nəticədə yoluxma sayı riyazi silsilə ilə artır.

Hazırda respublikada 30 mindən çox aktiv xəstə var. Xəstələrin böyük bir qismi evdə müalicə olunur. Onla­rın nə dərəcədə izolyasiya qaydalarına əməl etməsi çox vacibdir. Həmin şəxslər yaşa­dıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar.

Dünyada koronavirusa qarşı peyvəndlərlə bağlı tədqiqatlar da davam edir. Ümidverici 11 şirkətin açıq­lamaları var ki, onlar hazırda peyvənd sınaqlarının üçüncü mərhələsindədir. Ötən həftə iki şirkət elan verdi ki, onların ha­zırladığı peyvəndlərin qoruyu­culuğu, yəni effekti 90 faizdən çoxdur. Bu, həmin şirkətlərin özünün açıqlamasıdır. Burada son söz nüfuzlu qurum­lar tərəfindən deyilməlidir. Növbəti mərhələdə isə peyvəndlərin kütləvi istehsa­lına başlanılacaq, ölkələrə paylanılacaq. Bu, uzun bir pro­sesdir. Peyvəndlər öz təsdiqini taparsa, onların istehsalına gələn ilin əvvəllərində başlanı­lacaq, ilin ortalarına, axırlarına doğru isə ölkələrə çatdırıla­caq.

Bu gün Azərbaycana gətirilən peyvəndlər isə qrip əleyhinə vaksinlərdir. Hazırda soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı dövrdə yaşayırıq. Bu dövrdə əlavə ağırlaşmaların olmaması, koronavirusla bərabər qripə yoluxmanın qarşısının alınma­sı, səhiyyə sisteminin yükünün azaldılması məqsədi ilə həmin vaksinlər ölkəyə gətirilib. Hər kəs öz sahə poliklinikalarına müraciət edərək, xüsusilə də yaş faktoru, xroniki xəstəlikləri olanlar nəzərə alınmaqla, risk qrupunda olanlar həmin peyvənddən yararlana bilərlər.

Yeri gəlmişkən, karantin qaydalarına riayət olunması ilə bağlı məsələyə də münasibət bildirmək istərdim. Belə ki, ilk növbədə, unudulmamalıdır ki, maska qoruyucu vasitədir, əks halda isə həm özümüzü, həm də ətrafımızı yoluxdura bilərik. Maskanın ən azı xarici səthi infeksiyalaşıb. Təmasda olduğumuz insanlardan kimin yoluxduğunu bilmirik. Bir mas­kadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Belə ki, bu zaman maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthə toxundururuq. Nəticədə, həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə onlar da yoluxa bilərlər. Maska­dan mütləq şəkildə düzgün istifadə etmək lazımdır. Maska istifadəsi ilə yanaşı, əl və res­pirator gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yayma­yaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qeyd edim ki, şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorun­maqda mühüm rol oynayır.

Nəzrin MUSTAFAYEVA,
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti

29 Noyabr 2020 00:42 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə