Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər kəs özünün həkimi olsa, virusa asanlıqla qalib gələrik

Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd və digər müalicə vasitələrinin tapılmadığı şəraitdə yeganə yol yalnız hər kəsin karantin qaydalarına ciddi şəkildə əməl etməsindən ibarətdir. Həmin qaydalar isə əllərin yuyulması, respirator etiketi, maska taxılması və sosial məsafənin gözlənilməsidir. Lakin bu qaydalara tələb olunan səviyyədə əməl olunmaması yoluxma sayında artıma səbəb olur. Operativ qərargahın virusa yoluxma sayı ilə bağlı son günlərdəki məlumatları vətəndaşlarımızı daha ciddi düşündürməlidir. Test edilən hər 3 – 4 nəfərdən birinin virusa yoluxmasının təsdiq edilməsi kimsədə həyəcan yaratmırmı? Axı bu gün qonşunun mənzilinə daxil olan virus sabah sizin qapınıza gələ bilər. Xəstəxanalarda yaralıların da müalicə aldığını düşünməliyik. Qorunmadığımız halda xəstə sayının çoxalması pandemik tibb müəssisələrində çarpayı çatışmazlığına aparır.

Noyabrın ikinci ongünlüyündən etibarən yoluxanların artma səbəbindən danışarkən ATU-nun Tədris Cərrahiyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva deyib: “Cəmiyyətdə elə hadisələrlə rastlaşırıq ki, təəccüblənməyə bilmirsən. Əksər hal­larda müalicə müəssisəsinə üz tutan xəstə bayırda maska taxır, həkimin yanına girəndə onu çıxarır, yaxud marketdə kassaya maska ilə yaxın­laşır, danışanda maskanı aşağı salıb danışır. Özündə xəstəliyin əlamətlərini hiss edən şəxs evdən bayıra çıxaraq işə gedir və ya qonaqlıqda iştirak edir. Yaxud müalicə olunan xəstə bir həftə sonra səhhətində bir az yax­şılaşma baş verən kimi, çölə-bayıra çıxaraq ətrafdakıları yoluxdurur. Lakin pandemiya təzə başlayanda 14 günlük karantin müddəti olduğu deyilirdi, indi 21 gün karantinə əməl olunması deyilir. Nə qədər ki, karantin qaydalarına əməl etməyənlər, mövcud gigiyenik tələblərə etinasız yanaşan­lar var, koronavirus həyatımızdan çəkilib getməyəcək. Məsuliyyətsizlik nəticəsində başqalarının da yo­luxması, xəstələnməsi və fəsadla üzləşməsinə səbəb olanlar isə mütləq ictimai qınağa tuş olmalı və hətta cəzalandırılmalıdır”.

COVID – 19-un yüksək risk qru­puna daxil olan yaşlıların qidalanması və immunitetin gücləndirilməsi ilə əlaqədar məlumat verən həkim bildirib ki, payız – qış mövsümündə respira­tor xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi, yeni növ koronavirusa yoluxanların sayında da artım olacağı gözlənilən idi. Lakin bunu hər kəs bilməlidir ki, COVID–19 - dan müalicə olunmaq ondan qorun­maqdan daha çətindir. Ona görə də, ilk növbədə, xəstəliyə yoluxmaqdan özünü gözləmək lazımdır. Qorunmaq üçün lazım olan üç qızıl qaydanı isə hər kəs bilir. Məsələ burasındadır ki, bizim hər birimiz özümüz bilmədən daşıyıcı rolu oynaya bilərik və maska taxılması həm də ona görə vacibdir ki, daşıyıcı olanlar maska taxarkən, daha çox ətrafdakıları qorumuş olur. Bunun özü də bir sosial məsuliyyətdir. Maska taxılmaması nəticəsində xəstəliyin bir daşıyıcı olaraq yaşlılara, xroniki xəstəliyi olanlara ötürülməsi mümkün­dür və həmin qrupa mənsub olanlar bu xəstəliyi daha ağır keçirirlər.

Şöbə müdiri onu da qeyd edib ki, xəstəliyi yüngül keçirən əksər koro­naviruslu xəstələrdə temperatur bir, ya iki gün davam edir: “Doğrudur, bəzən hətta sağalandan sonra bir ay temperaturu, öskürəyi davam edən xəstələr də müşahidə olunur. Təəssüf ki, bəzən uşaqların, guya, xəstəliyə yoluxmadığı və daşıyıcı olmadığı barədə səhv fikirlər dolaşır. Lakin bu, qətiyyən düzgün deyil. Çünki bizim ölkəmizdə belə kiçik yaşlı uşaqla­rın yoluxduğu barədə statistika var. Dünyada altı aylıq, hətta yeni doğulan körpənin belə xəstəliyə yoluxması barədə faktlar var. Lakin fərq ondadır ki, uşaqlar xəstəliyi böyüklər kimi ağır yox, sadə qrip əlamətləri ilə keçirərək sağalırlar. İndiki dövrdə profilaktika məqsədilə qidalanma zamanı C vita­mini ilə zəngin sitrus meyvələrindən çox istifadə etmək lazımdır. Həmin meyvələrə qarşı allergiyası olanlar isə kartof, bolqar bibəri, gül və brokkoli kələmindən yemək hazırlaya bilərlər. Eyni zamanda, xörəklərdə soğan və sarımsaqdan istifadə etmək də faydalıdır. Paxlalı bitkilər də təbii immunomodulyator sayılır və ondan həftədə iki-üç dəfə səmərəli istifadə etmək olar”.

N. Əliyeva antiseptik vasitələr barədə danışarkən deyib: “Spirtin çox işlədilməsi dəridə çat və quruluq yaradır və hətta dermatitə aparıb çıxarır. Ona görə daha çox dezinfeksi­yaedici maddələrdən istifadə edilməsi məsləhətdir. Hətta xüsusi antibakterial sabunlardan bir müddət çox istifadə edəndə dəri təbəqəsi mikroblara qarşı olan təsirini itirmiş olur və qorumur. Bunun baş verməməsi üçün anti­septik vasitələrini dəyişmək, başqa növlərdən istifadə etmək lazımdır”.

Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi Myasni­kovun sözlərinə görə, koronavirusla mübarizənin əsas məqsədi kütləvi immunitetin inkişafıdır. Buna əhalinin 50 faizinin peyvəndlənməsi sayəsində nail olunur. O deyib: “Peyvənd hazır­lanıb, Rusiyanın, “Pfizer” və “Astra­Zeneca” şirkətlərinin dərmanı yüksək dərəcədə təsirlidir, effektivliyi 90 faizdir. Ancaq aydındır ki, bu nəticələr 10 min nəfərlik kiçik bir qrupu əhatə edir və peyvənd əhaliyə vurulduqdan sonra qrip peyvəndində olduğu kimi, təsir də 60 – 70 faiz olacaq. Bu, yaxşı nəticədir, çünki əsas şərt 50 faizə çatmaq idi. Saxta ümidlər verməmək vacibdir. Mənə nə desələr də, hesab edirəm ki, peyvəndin yaradılmasına baxmayaraq, bütün 2021- ci ili maska­larda keçirəcəyik”.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim - infeksio­nisti Nəzrin Mustafayeva isə bildirib ki, dünyada koronavirusa qarşı peyvəndlərlə bağlı hələ tədqiqatlar davam edir: “Ümidverici 11 şirkətin açıqlamaları var ki, onlar hazır­da peyvənd sınaqlarının üçüncü mərhələsindədir. Ötən həftə iki şirkət elan verdi ki, onların hazırladığı peyvəndlərin qoruyuculuğu, yəni effekti 90 faizdən çoxdur. Bu, həmin şirkətlərin özünün açıqlamasıdır. Burada son sözü nüfuzlu qurumlar deməlidir. Növbəti mərhələdə isə peyvəndlərin kütləvi istehsalına başlanılacaq, ölkələrə paylanılacaq. Bu, uzun bir prosesdir. Peyvəndlər öz təsdiqini taparsa, onların istehsa­lına gələn ilin əvvəllərində başlanıla­caq, ilin ortalarına, axırlarına doğru isə ölkələrə paylanılacaq. Hazırda Azərbaycana gətirilən peyvəndlər isə qrip əleyhinə vaksinlərdir. İndi soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı dövrdə yaşayırıq. Bu dövrdə əlavə ağırlaşmaların olma­ması, koronavirusla bərabər qripə yoluxmanın qarşısının alınması, səhiyyənin yükünün azaldılması məqsədilə həmin vaksinlər ölkəyə gətirilib. Hər kəs öz sahə poliklinika­larına müraciət edərək, xüsusilə də yaş faktoru, xroniki xəstəlikləri olan­lar nəzərə alınmaqla, risk qrupunda olanlar həmin peyvənddən yararlana bilərlər”.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin sədri Anna Popova isə virusun bundan sonra həmişə bizimlə qalacağını bildirib. O, koronavirusun nə vaxt bitəcəyi barədə suala cavab verərkən bildirib ki, COVID – 19 qış ortası və qripin gəlişinə qədər aktiv olacaq və hər il həyatımıza daxil olacaq. Ümid edirik ki, daha sonra yerini qripə verəcək. Gələn ilin yaz fəslinə qədər isə harasa gedəcəyini demək hələ ki, mümkün deyil.

Mütəxəssislər bildirirlər ki, hər bir xəstəliyin özünün məqsədli müalicəsi var. Bir müalicəni eyni diaqnozlu müxtəlif xəstələrə tətbiq etmək olmaz. Mövsümlə əlaqədar istər COVID – 19, istərsə də hər hansı bir respirator infeksiyaların əlamətləri aşkarlan­dıqda, ilk növbədə həkimə müraciət edilməlidir. Əgər həkim məsləhət görərsə, antibiotiklərdən istifadə etmək olar. Antibiotiklərdən məqsədli istifadə ilə yanaşı, onun düzgün qəbulu da vacibdir. Yəni gün ərzində onun qəbul rejimi və davamiyyət müddətinə mütləq riayət olunmalı­dır ki, bədəndə ya rezistentlik ya da antibiotiklərə qarşı müqavimət yaran­masın və müalicə düzgün istiqamətdə getsin.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Ümumdünya antimik­rob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib ki, hazırda koronavirusa qarşı effektiv müalicə yoxdur. O, qrip və COVID – 19-a qarşı antibiotiklərdən düzgün istifadə olunmamasından narahatlığını bildirib. “Antibiotiklərdən yanlış istifadə insanlarda bu preparat­lara qarşı davamlılığa gətirib çıxara bilər. Koronavirusu yüngül və orta dərəcədə keçirən xəstələrə antibiotik tövsiyə olunmur”, – deyə, H.Harmancı insanların özünümüalicə ilə məşğul olmasının qarşısını almaq məqsədilə Azərbaycanda antimikrob preparat­ların əhaliyə sərbəst satışına qadağa qoyulmasını təklif edib. O, antimikrob preparatlardan düzgün istifadəyə dair əhali arasında maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini də vurğu­layıb.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

29 Noyabr 2020 00:41 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə