Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ yenə də xarici mətbuatın gündəmindədir

Dünyanın bir sıra apa­rıcı qəzet və saytları Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da qəbul etdikləri birgə bəyanatına əsasən, Ermənistan hərbi birləşmələrinin Kəlbəcərdən çıxması və bölgədə gedən digər proseslərlə bağlı məqalələr yayımlayırlar. Nəşr edilmiş məqalələrdə bir sıra vacib məqamlar öz əksini tapır.

Fransanın “Le Monde” qəzeti “Azərbaycan daha bir rayonu azad edib” sərlövhəli məqalə dərc edib. Qeyd edilir ki, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-nə keçən gecə Dağlıq Qarabağ ətrafında yerləşən Kəlbəcər rayonuna daxil olub. Bu, Ermənistanın qanlı döyüşlərə son qoymuş razılaşmaya uyğun olaraq, Azərbaycana verməli olduğu 3 rayondan ikincisidir. Qəzet Kəlbəcər rayonunun əslində, noyabrın 15-də təhvil verilməli olduğunu xüsusi vurğulayır və bunun humanitar səbəblərdən təxirə salındığını qeyd edir.

Məqalədə qeyd edilir ki, “France-Presse” agentliyinin jurnalistləri təhvildən əvvəlki günlərdə rayonda olublar. Onların sözlərinə görə, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılmış ermənilər ağacları kəsib, elektrik naqillərini özləri ilə götürüblər. Jurnalistlər onların su elektrik stansiyasının bəzi hissələrini belə, yük maşınına yüklədiklərinin şahidi olublar. “Onlar evləri yandırır, ağacları kəsirlər. İnsanlar hər şeyi özlərilə aparmaq istəyirlər”, – deyə 53 yaşlı bənna Qaqik Yakçibekyan AFP-yə bildirib.

Nəşr yazır: “Xatırladaq ki, 1990-cı illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsi zamanı köç əks tərəfə idi. O vaxt ermənilər rayondan qaçmağa məcbur olmuş azərbaycanlıların evlərində məskunlaşırdılar. Qeyd edək ki, şiddətli döyüşlər Ermənistanı fəlakətlə üz-üzə qoymuşdu. Odur ki, tərəflər arasında imzalanmış razılaşma özündə Azərbaycanın qələbəsini əks etdirir. Bakı bir neçə min insanın ölümünə səbəb olmuş altı həftəlik qarşıdurma nəticəsində mühüm ərazilərə nəzarəti özünə qaytarıb”.

Almaniyanın “Der Spiegel” nəşrində “Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib” sərlövhəli məqalə işıq üzü görüb. Məqalədə vurğulanır ki, həmin yaşayış məntəqələri artıq Azərbaycanın nəzarəti altındadır.

Nəşr yazır: “Ermənistan ərazilərin bəzisini döyüşlər zamanı itiribsə, digərlərini döyüşsüz, təslim olmaqla əldən verib. Ermənistan artıq Dağlıq Qarabağda onlarca kənd və qəsəbəyə nəzarəti itirib. O, həmin əraziləri rəsmən Azərbaycana təhvil verir. Lakin bu ərazilərin bəziləri minalanıb.”

“Der Spiegel” nəşri sentyabrın 27-də başlamış yeni müharibədə Azərbaycanın 1990-cı illərin əvvəllərində itirdiyi ərazilərin böyük hissəsini geri qaytardığını xüsusi vurğulayıb. Məqalədə. həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı İlham Əliyevlə görüşünə də toxunub. “Görüşdə o, Dağlıq Qarabağda müxtəlif dinə və etnik mənsubiyyətə malik insanların birlikdə, dinc yaşaması üçün lazımi şəraitin yaradılmasının vacibliyini bildirib. Xatırladaq ki, Qarabağda xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında qarşıdurmalar keçmişdə də baş verib.”

“Əl Cəzirə” saytı “Aİ Dağlıq Qarabağda böyük zərbə aldı” sərlövhəli məqalədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla noyabrın əvvəlində apardığı bir neçə saatlıq danışıqlardan sonra qəbul edilmiş sənəd əsasında Azərbaycanın müvəffəqiyyət qazanması qeyd edilib.

Həmin bəyanata əsasən, Ermənistan hərbi birləşmələrini regiondan tamamilə çıxarmağa razı olub. Paşinyan xalqına “Facebook” vasitəsilə ünvanladığı emosional müraciətdə müharibənin məhz belə bitdiyi üçün təəssüfləndiyini deyib. Bununla yanaşı, o, bunu “məntiqli seçim” adlandırıb.

Müəllif Borut Qrqiç yazır: “Azərbaycana gəlincə, Türkiyə onu dəstəkləyir. Üstəlik, Bakının Moskva ilə də münasibətləri yaxşıdır. Odur ki, Azərbaycan Ordusu döyüş meydanında tez bir zamanda üstünlük qazanıb. Görünən odur ki, Bakı bu savaşda hərbi nöqteyi-nəzərdən tam qalibiyyət qazana, bununla da müharibədən sonrakı sülh mübahisələrinə də son qoya bilərdi. Amma İlham Əliyev müharibə təhrikçisi deyil. O, realist və praqmatik siyasətçidir. İlham Əliyevə gələcək sülh prosesində üstünlük qazanmaq üçün işğal altındakı ərazilərin bir qismini hərbi yolla azad etmək kifayət edirdi. İstənilən halda, Əliyev əlindəki “kartlar”dan yaxşı istifadə edib. Bununla belə, Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı birləşmələrini çıxarmaqla bağlı öhdəlik götürüb. Üstəlik, Yerevan bir vaxtlar Dağlıq Qarabağda yaşamış azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına da “hə” deyib. Proses rusiyalı sülhməramlıların nəzarətilə reallaşdırılacaq. Bu da son deyil. Bakı ona aid Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsini Ermənistandan keçəcək dəhlizlə birləşdirəcək. Bir sözlə, Bakı Yerevan üzərində hərbi üstünlüyü sayəsində qələbə qazanıb”.

Məqalədə, həmçinin, digər məqamlara da toxunulur: “Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı dəstəkləyən Türkiyə ilə “savaşırdı”, Almaniya Kansleri Angela Merkel tərəflərlə nəticəsiz telefon danışıqları aparırdı. Sanki İlham Əliyevin müharibənin ilk günlərindən dediyi sözləri heç kəs eşitmirdi. O isə deyirdi ki, Azərbaycan danışıqlara yalnız Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasından, yaxud, ən azı, bununla bağlı cədvəl təqdim etməsindən sonra qayıdacaq. Belə çıxır ki, Aİ İlham Əliyevin qətiyyətini, Azərbaycan Ordusunun hazırlığını düzgün qiymətləndirməyib. Bu, əslində, Aİ kəşfiyyatının da iflasa uğradığının göstəricisidir.”

“Associated Press” agentliyi Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən fotoreportaj hazırlayıb. Agentliyin müxbiri bir vaxtlar bu əraziləri tərk etmək məcburiyyətində qalmış məcburi köçkünlərdən birinin ailəsinin – 62 yaşlı Adil Şərifovun sevincinə şərik olub. Reportajda vurğulanır ki, 1992-ci ildə evini tərk etmiş 62 yaşlı Adil Şərifov doğma Cəbrayıla qayıtmağı çox istəyir. Cəbrayıl azad edildikdən bir müddət sonra Şərifovun əmisi uşaqları oranı ziyarət edib. Onlar Adil Şərifova deyib ki, şəhər, həmçinin bir zamanlar Şərifovlar ailəsinin yaşadığı ev və böyük meyvə bağı yer üzündən silinib. Amma o, istənilən halda Cəbrayıla qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını deyir.

Niderland Krallığının “The Holland Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Fikrət Axundovun “Bakının İçərişəhəri –Azərbaycanın milli irsi” adlı məqaləsi dərc edilib. Məqalədə 20 il əvvəl İçərişəhər və onun tarixi-memarlıq abidələrinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi vurğulanır. Qeyd edilir ki, açıq hava altında muzey olan İçərişəhərin 2 min ildən çox yaşı var. İçərişəhərin bir çox filmlər üçün ilham mənbəyi olduğu da oxuculara çatdırılıb.

Hazırladı: Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

29 Noyabr 2020 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə