Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömür vəfa etsəydi...

İkinci Dünya müharibəsindən sonra Azərbaycanın iqtisadi inkişafı aqrar sektorla yanaşı, sənayeləşmədə də ciddi istiqamət almışdır. Təsadüfi deyil ki, məhz ötən əsrin 60–70-ci illərində Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və onun bazasında yaradılmış Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) təklif etdiyi ixtisaslar yeni nəsil arasında xüsusi maraq oyadırdı.

O dövrdə belə gənclərdən biri də 1947-ci ildə Füzuli rayonunun Ara­yatlı kəndində dünyaya göz açmış Firad Dadaş oğlu Cəfərov idi. Orta məktəbi əla qiymətlərlə bitirən gənc, özünün də etiraf etdiyi kimi, hansı ali təhsil müəssisəsinə, hansı ixtisasa yiyələnmək istədiyini hələ özü də bilmirdi. Tale elə gətirdi ki, 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin tələbəsi oldu, burada avtomatika və telemexanika ixtisasına yiyələndi. Bu fakültənin təcrübəli və yüksək ixti­saslı müəllim heyəti, savadlı və meh­riban qrup yoldaşlarının yaratdığı sağlam mühit gənc Firadın səriştəli mütəxəssis kimi formalaşmasında xüsusi rol oynadı.

Ali təhsili başa vurduqdan sonra, müəllimlərindən biri olan AMEA-nın müxbir üzvü, professor Əsgər Abdullayev gənc Firadı və həmin ixtisas üzrə institutu yüksək qiymətlərlə bitirmiş xeyli gənc mütəxəssisi işləmək üçün rəhbərlik etdiyi “Neftkimyaavtomat” Elmi-Tədqiqat Layihə İnstitutuna dəvət edir. 1970-ci ildə “Neftkimyaavtomat” ETLİ-də əmək fəaliyyətinə başlayan Firad müəllim illər sonra, 1994-cü ildə bu müəssisənin (sonradan adı dəyişdirilərək “Neftqazavtomat” Elm-İstehsalat Müəssisəsi olmuş­dur) baş mühəndisi vəzifəsinə kimi yüksəlmişdir.

İstedadlı və bacarıqlı mühəndis 26 il – ömrünün sonuna qədər bu mötəbər vəzifədə ləyaqətlə çalış­mışdır. Fəaliyyəti dövründə neft-qaz sənayesi obyektlərinin avtomat­laşdırılması sahəsində əhəmiyyətli elmi-texniki işləri yerinə yetirmiş, bir çox nəzarət-idarəetmə sistemlərinin, qurğu və cihazlarının yaradılmasın­da yaxından iştirak etmişdir. Firad müəllim yüksək ixtisaslı mütəxəssis kimi doğma Azərbaycandan kənarda da, dünyanın müxtəlif regionla­rında fəaliyyət göstərən şirkət və müəssisələrə ezam olunaraq elmin inkişafına öz töhfəsini vermişdir. Onun ezamiyyə xəritəsi Rusiya­nın soyuq Sibir bölgəsinin onlarla şəhərindən tutmuş, Şərqin İraq, İordaniya kimi müxtəlif ölkələrinə kimi uzanır.

Elmi fəaliyyəti dövründə Firad Cəfərov iqtisadi cəhətdən səmərəli olan 10-dan çox elmi-texniki ixti­ranın, 30-a yaxın elmi məqalənin müəllifi olmuş, eyni zamanda, onlarla aspirantın yetişdirilməsində xüsusi əməyi olmuşdır.

Ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövr ölkədə neft və kimya sənayesinin inkişafında yeni mərhələ olmuşdur. Azərbaycanın aqrar ölkə statusun­dan sənaye ölkəsi statusuna trans­formasiyası məhz bu dövrdə baş vermişdir. Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Əli Bayramlı (indiki Şirvan), Mingəçevir kimi şəhərlərdə sənaye inkişafı bumu yaşanır­dı. Bu şəhərlərdə sənayeləşmə prosesinin formalaşmasında bir­başa iştirak edən mütəxəssislər sırasında Firad müəllim də var idi. Sumqayıt şəhərinin sənayeləşməsi işində, şəhərin iqtisadi potensia­lının yüksəlişində, Azərbaycanın hüdudlarını aşaraq bütün keçmiş SSRİ məkanında tanınmasında və ittifaq əhəmiyyətli sənaye şəhərinə çevrilməsində onun çalışdığı müəssisənin və Firad müəllimin də böyük töhfələri olmuşdur.

2005-ci ildə “Neftqazavtomat” EİB-in Müdafiə Sənayesi Nazirliyi­nin strukturuna keçməsindən sonra müəssisənin elmi və istehsalat potensialı müdafiə sənayesinin inki­şafına yönəldilmişdir. Müəssisənin rəhbərliyi, o cümlədən baş mühəndis Firad Cəfərov bütün bilik və ba­carığını, təşkilatçılıq və rəhbərlik xüsusiyyətlərini səfərbər edərək ölkəmizin müdafiə sənayesi potensi­alının artırılmasına ciddi dəstək ver­mişdir. Müəssisədə xüsusi təyinatlı müxtəlif növ idarəedici cihazların, elektron qurğuların istehsalına baş­lanılmış və bu günümüzə kimi işlər uğurla davam etdirilmişdir.

Tanınmış mühəndisin müdafiə sənayesi sahəsinə, habelə ölkənin, ümumilikdə, neft və kim­ya sənayesinin inkişafına verdiyi töhfə ölkə rəhbərliyinin diqqətindən yayınmamışdır. Prezident İlham Əliyevin 11 dekabr 2013-cü il ta­rixli sərəncamı ilə Firad Cəfərova Əməkdar mühəndis fəxri adı ve­rilmişdir. Firad müəllim həyatı və əmək fəaliyyəti boyunca çoxsaylı nailiyyətlərə imza atmış, bir çox fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Lakin, özü­nün hər zaman dediyi kimi, onun əməyinin ən böyük dəyəri ölkə Pre­zidenti tərəfindən verilmiş Əməkdar mühəndis fəxri adı olmuşdur.

Firad müəllim çox vətənpərvər insan idi. Azərbaycanın müstəqilliyə qovuşmasında və ölkənin müstəqillik mübarizəsində fəal iştirak etmişdir. O, 20 Yanvar faciəsinin və Qarabağ itkisinin ağrısını şəxsi faciə kimi çiyinlərində hiss edirdi. 27 sentyabr­da başlayan Vətən müharibəsində şanlı ordumuzun azad etdiyi hər kəndə, yüksəkliyə, düşməndən geri alınan hər qarış torpağa görə çox sevinirdi. İşğal altında olan torpaq­larımızın azad edilməsini böyük səbirsizliklə gözləyirdi. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin qələbə, Ermənistan baş nazirinin isə kapitulyasiya sazişini imzalama­sı haqda Prezidentin canlı çıxışını dinləyərkən soydaşımızın sevincinin həddi hüdudu yox idi. O bilirdi ki, Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imza­lanmış birgə bəyanatın qüvvəyə minməsi böyük qələbənin təsdiqidir.

Firad müəllim Qarabağın xoş xəbərini eşitdi. Azğın düşmən tərəfindən daşı-daş üstündə qalma­yan Qarabağın quruculuq işlərində yaxından iştirak etmək üçün geniş planları və arzuları var idi. Böyüyüb- başa çatdığı, uşaqlıq və yeniyetməlik illərindən bağlı olduğu tarixi torpaq­lara, Füzuliyə dönüş onun üçün də əvəzi olmayan qayıdış idi. Amma tale amansızlıq etdi, həmin gün Firad Cəfərovun Vətən, xalq üçün döyünən ürəyi dayandı. Allah rəhmət eləsin!

Bu gün onun ailəsinə təkcə Azərbaycandan yox, dünyanın ən müxtəlif şəhər və regionlarından başsağlıqları gəlir. Hər birində də Firad müəllimin çox yüksək qiymətə layiq insan, müdrik, təvazökar, əsl dost olduğu, neft – qaz sənayesi sahəsinə mühüm töhfələr verdi­yi, neftçilər üçün parlaq bir tapıntı olduğu vurğulanır. İnanırıq ki, Firad müəllimin özü bu həyatda olmasa da, onun əməli işləri, ixtiraları ya­şayacaq, yetişdirdiyi mütəxəssislər, tərbiyə etdiyi övladları, nəvələri bu ölkəyə daim şərəflə xidmət edəcək, onun adını yüksək tutacaqlar.

Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

29 Noyabr 2020 00:35 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə