Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müqəddəs bayrağımız artıq Şuşada qürurla dalğalanır...

Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşa­yış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ekran başdan-başa Dövlət Bayrağımızın rəngləri ilə örtüldü. Sonra operator görüntünü tədricən uzaqlaşdırdı və biz Şuşada dalğalanan Azərbaycan Bayrağını gördük. Bəlkə heç zaman bayrağımızın bu qədər qürurlu duruşunu görməmişdim. Elə gözəlliyi də həmişəkindən qat-qat artıq görünürdü. Dünya Azərbaycan Bayrağının möhtəşəm təntənəsinə şahidlik edirdi. Bu məqamda rəhmətlik Vaqif Səmədoğlunun “Günün baxtı” adlı şeiri yadıma düşdü: “Düz iyirmi əsr ilin, ayın adi günlərindən biri olasan, sonra gəlib tarixdə 9 May günü kimi qalasan”. Məzmunlar da üst-üstə düşürdü. Orada da söhbət qələbədən gedirdi.

Mən bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Murovdağda, Suqovuşan­da, Qubadlıda, Ağdamda, Kəlbəcərdə dalğalanan bayraqlarımıza “Qazi bayraqlar” demək istəyirəm. Çünki o bayraqlar həmin məqama çatınca şəhid və ya qazi əsgərimizin ürəyinin başında, ən müqəddəs saxlanc, əmanət kimi qorunaraq cəbhədən-cəbhəyə gediblər. Şuşada dalğalanan bayrağımız haqqında isə şair Ramiz Qusarçaylının dediyindən təsirli söz tapmaq mümkün deyil:

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

Bir neçə il qabaq yazılmış bu şeirdən sitat gətirməyimiz təsadüfi deyil. Çünki dövlət başçımız işğaldan azad edilmiş Füzuli şəhərinə gedənə qədər biz elə bilirdik ki, həmin ərazilər düşməndən alınan kimi bayrağımızı aparıb ən uca binanın üstünə taxaca­ğıq. Həmin gün isə anladıq ki, vəhşi sürüsündən ibarət olan Paşinyan ordusu ermənilik xəstəliyindən əziyyət çəkən mənfur düşmənlərimiz ələ keçirdikləri şəhər və kəndlərimizdə daşı daş üstündə qoymayıblar. Ona görə də şairin beş-on il əvvəl yazdığı şeirdəki “Şuşada sən qonduğun daşa pir deyəcəyəm…” misrası qeyri-adi bir fəhmin, intuisiyanın nümunəsi kimi qiymətləndirilir. Amma barbarlar ya­şayış məntəqələrimizi viranə qoysalar da, biz o torpaqlarda öz bayrağımızı qaldırmağın xoşbəxtliyini yaşayırıq və tarixi proseslərin şahidinə çevrilirik.

Azərbaycan Bayrağı “işğalda olan bütün ərazilərimizdə qaldırılacaq” vədinə əməl edən dövlət başçımız hələ 2018-ci ilin əvvəlində bəyan edirdi ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur: “Biz heç vaxt im­kan verə bilmərik ki, torpağımızda ikin­ci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”.

Dövlət başçımız bu il noyabrın 25-də xalqa müraciət edərkən isə xoş xəbər eşitməyə təşnə olan on milyon­larla ürəyin yanğısına su səpirmiş kimi dedi: “Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapma­lıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt, o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu, olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram”.

Mövcud reallığı lazımınca qiymətləndirə bilməyən Ermənistan rəhbərliyi layiq olduğu cavabı, məhz Azərbaycan əsgərindən aldı. Dövlət başçımızın dediyi kimi, Paşinyan artıq cəzasına çatıb. Halbuki, o, oktyabrın əvvəllərində Azərbaycana 7 şərt irəli sürəndə dövlət başçımız demişdi ki, mənim bir şərtim var: “Öz xoşunla çıx get!” Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murov­dağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik.

Bəli, həqiqətən, döyüş meydanında düşmənin belini qırdıq. Azərbaycan Ordusu Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin təmizlənməsi ilə düşməni diz çökdür­dü, rəzil baş nazir kapitulyasiya aktına imza atdı. Ən başlıcası, 27 – 28 il işğalda olan torpaqlarımızda Dövlət Bayraqlarımız qaldırıldı.

O bayraqlar bizim qürur və iftixar mənbəyimizdir. Hər birimiz fəxr edirik ki, bu gün müstəqil ölkədə böyük qürur hissi ilə yaşayırıq. Fəxr edi­rik ki, Azərbaycan vətəndaşlarıyıq. Dövlətimiz müstəqil siyasət aparır. Azərbaycan xalqı öz taleyinin sahibi­dir. Bu, böyük sərvətdir.

İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan bayraqlarımızı görəndə Prezident İlham Əliyevin Ba­kıda Dövlət Bayrağı Meydanının açılış mərasiminda dediyi “Bizim bayrağı­mız canımızdır, ürəyimizdir” – ifadəsi yada düşür: “Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağı­mız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldı­rılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan Bayrağına! Yaşasın, Azərbaycan!”

… Müsəlman Şərqinin ilk müstəqil demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin bu üçrəngli, ay-ulduzlu bayrağını milli azadlıq hərəkatımızın fəalları meydanlara, mitinqlərə gətirmiş, ulu öndər Heydər Əliyev ona Dövlət Bayrağı statusu ver­miş, Prezident İlham Əliyev isə otuz ilə qədər düşmən işğalında olan torpaq­larımızda bu bayrağın dalğalanmasını təmin etmişdir.

Hamişə ucalarda olasan, Azərbaycan Bayrağı! Qarabağ Azərbaycandır!

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

29 Noyabr 2020 00:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə